Bu günlərdə sosial mediada insanı riqqətə gətirəcək bir hadisəni əks etdirən videopaylaşım, həqiqətən də qibtəedici və qürurlu təsirlər bəxş etdi bunu anlayanlara. Türkiyənin Əskişəhər vilayətində. Vaqeə isə Türkiyə mətbuatında belə əks olunub. 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə Türkiyədə hər yerdə bayraq asılıb. Bir dükanın qarşısında keçən 6-7 yaşlarındakı 2 uşaq –bir oğlan və digəri qız ruzigarın dalğalandırdığı türk bayrağına yaxınlaşaraq onu sifətlərinə toxundurublar. Oğlan uşağı isə bayrağı əli ilə tutub 6-7 dəfə öpüb və hər iki uşaq daha sonra yollarına davam ediblər…
Əslində, bu olayın yaşanması Türkiyədə tez-tez baş verir və əlbəttə ki, belə halların yaşanması ilk öncə, türk millətinin Vətənə, dövlətə sədaqətinin, tükənməz sevgisinin, dərin hörmətinin müqəddəs əlamətləridir. Söz yox ki, bayrağa qarşı göstərilən bu möhtəşəm sayğı qardaş ölkədəki hər bir ailədə hər bir uşağa xüsusi olaraq aşılanır. Məhz bu faktor, bu dəyərli və qiymətli aşılanma türkçülük amilini məğlubedilməz qalib kimi yaşadır, bundan sonra da yaşadacaq.
Həmin məlumatda bildirilir ki, uşaq dövlətinin bayrağını bir neçə dəfə öpərək, gözünün üstünə basdıqdan sonra, yoluna davam edib. Yoluna davam edib ki, onun özü də böyüyəndə öz uşaqlarına, gələcək nəsillərə bayrağa hörmət müqəddəsliyinin hansı dəyərlərə söylkəndiyini anlatsın. Yoluna davam edib ki, böyüyəndə öz Vətəninin, dövlətinin şərəfini, şanını öz qanı və canı ilə qorusun. Hətta şəhid olsa belə… Allah yolunu açıq etsin ey hər bir doğru-dürüst türkə qürur hissləri yaşadan balaca və balacalığı ilə bir çoxlarına böyüklük dərsi keçən oğlan!