"Milli Şura"nın ayın 3-nə təyin etdiyi mitinqin Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən bir gün əvvələ - mayın 2-nə təyin olunması barədə verdiyi cavab məktubu nə "şura"nı barmağına dolayan AXCP sədri Əli Kərimlini, nə də onun barmadığına doladığı "şura"nın sədri Cəmil Həsənlini qane etməyib. Sual et ki, bə niyə? Ona görə ki, mayın 3-nə qədər bunlar keçirmək istədikləri mitinqlərinə daha 50 nəfər artıq adam tolpaya bilərdilər. Amma "əmması" da budur ki, mitinqin bir gün öncəyə çəkilməsi həmin 50 nəfərin həmin mitinqə cəlb olunması məsələsini "əngəlləyəcəkmiş". Hətta AXCP sədri bununla bağlı dərhal keçib çox sevdiyi kompüterinin klaviaturası arxasına və "nəhəng" bir "epopeya" yazıb. Həmin "epopeya" isə dərhal "Azadlıq" qəzetinin səhifəsinə çıxarılıb ki, bəs hakimiyyət "Milli Şura"nın budəfəki mitinqinə "10 minlərlə" adamın gələcəyindən ehtiyat edərək, aksiyanın tarixini bir gün qabağa çəkib (?!-R.).
Hələ bu, harasıdır! Əli Kərimlinin "epopeyasının" dalınca da yekə bir bəyanat yazılıb bununla bağlı. Yazılıb ki, bəs BŞİH "Sərbəst toplaşmaq haqqında" qanunu pozaraq (?!-R.). "Milli Şura"nın mayın 3-nə Bakının Yasamal rayonunda "Məhsul" stadionuna təyin etdiyi mitinqə razılıq verməyib. Daha sonra da iddia edilib ki, "mitinqə iki gün qalmış onun vaxtını bir gün sonraya dəyişməyi təklif etmək təşkilatçıları praktik olaraq, aksiyanı təşkil etmək imkanından məhrum etməkdir və faktiki mitinqə razılıq verilmədiyini pərdələyə bilməz".
Əsas məsələyə keçməmiş, sual edək ki, nə zamandan hər hansı bir müraciətə verilən cavab qanun pozuntusu sayılır? Qardaş, müraciət etmisən mayın 3-nə mitinq keçirmək üçün? Xub! İndi sənin müraciətin qəbul da olunub, razılıq da verilib. Üstəlik, bir gün öncəyə! Aha, bundan artıq sənə daha nə lazımdır axı?
Bax, məsələ də ondadır ki, əgər siz, istənilən an xalqın sizin yanınızda olduğunu, istənilən an xalqı küçələrə töküb kütləvi etiraz aksiyaları keçirə biləcəyinizi iddia edirsinizsə, niyə bu qədər bərk narahat olursunuz? Olmasın Əli, olsun Vəli! Eyni zaddır da hər ikisi... Çıxarın tökün bayıra tərəfdarlarınızı biz də baxaq və iddialarınız bu qədər realdırsa, onu da yazıb verək ictimai rəyin qulluğuna.
Yoxsa ki, hakimiyyət bizdən çəkindi, filan oldu, behməkan baş verdi... adam olub, adamların başını ağrıtmayın boş cəfəngiyyatlarınızla. Necə deyələr, müasir siyasətdə köhnə demaqogiyalar keçmir daha, bəylər! Boğaz yıtrıb, üz cırmağın bunun günahını isə başqalarında axtarmağın zamanı bitti-getdi...