İsa Qəmbərin hələ də Müsavat başqanı oplması kimsəyə sirr deyil. Yəni Arif Hacılının başqanlığı elə-belə, havadandır. İsa Qəmbər isə hələ də oturub partiyadakı kabinetində və "düşünməklə" məşğuldur. Hətta düşünməsi üçün bir "mərkəz" də yaradıb ki, həmin "mərkəzin" nə düşünməsini kimsə anlamır. Elə anlaşılmaz qalsa yaxşıdır. Bircə görünən budur ki, İsa Qəmbər Müsavatın rəsmi başqanlığını qeyri-rəsmi başqanlıqla əvəz etdikdən sonra uzun illər canlarını partiya yolunda fəda etmiş qocaman müsavatçılar oradan gedirlər.
Deməli, "Milli Şura" və digərləri qeyri-düşüncə mərkəzi imiş
Lakin daha bir məsələ də diqqətdən yayınmır. Məsələn, İsa Qəmbərin "Düşüncə Mərkəzi" yaratması belə deməyə əsas verir ki, o biri müxalifət qurumları heç nə düşünüb-eləmirlər. Bu zaman sual yaranır ki, əcəba, İsa Qəmbərin "Düşüncə Mərkəzi" "Ziyalılar Hərəkatı"ndan, "Ziyalılar Forumu"ndan, "İctimai Palata"dan, yaxud "Milli Şura"dan nə ilə fərqlənir. Bax, bunun cavabı yenə də verilmir.
Gəlin məsələyə bir az aralı kontekstdən yanaşaq. Belə ki, "Milli Şura"nın xarici ssenari əsasında ortaya gətirildiyi hamıya məlum oldu. Sonda da bu qurumu özləri dağıtdılar. İndi Müsavatın sabiq başqanı yenisini qurub, adını da qoyub ki, "düşünürlər". Amma nə, necə, nəyə görə, hansı səbəbdən?.. Bu da bəlli deyil...
Heç olmasa, İsa Qəmbər "Milli Şura"dan çıxdığı vaxt yaratdığı quruma cazibədar siyasi ad seçərdi. "Düşüncə Mərkəzi" nədir? Deməli, "Milli Şura" və digərləri qeyri-düşüncə mərkəzləri imiş. Onu da deyim ki, digər bir ad seçmiş olsaydılar belə, yenə də ciddi, siyasi dəyişiklik müşahidə edəcəyimizə inanmazdım.
Arif Hacılı da İsa Qəmbərin badına gedir
Bu qurumun Azərbaycan cəmiyyətinə, onun siyasi sisteminə heç bir təsiri olası deyil. Daha bir vacib məqam. Əgər İsa Qəmbər və ətrafı "Düşüncə Mərkəzi" adlı qurumda birləşib, ortaya nə isə bir normal məsələ qoya bilmirlərsə, deməli, onlar hələ də təklikdə düşünə bilmirlər. Məgər bu da fakt deyilmi?
Hə, bax, məsələ də bundadır ki, Müsavatda yaranmış böhranlı vəziyyət partiyanı az qala kökündən parçalayaraq, məhv edir, İsa Qəmbər isə "Düşüncə Mərkəzi"ndə oturub, ortaya normal düşüncəli bir məsələ-filan çıxarmır. Arif Hacılı da İsa Qəmbərin badına gedir. Necə ki, indi gedənlər kimi...