Müsavat partiyasında cərəyan edən son məlum hadisələrdən sonra təşkilat sıralarının istər kütləvi, istərsə də digər sahələrdəki seyrəlmə prosesi adi hala çevrilib. Artıq siyasi ictimaiyyət elektron mediada, sosial şəbəkələrdə, yazılı mətbu orqanlarda demək olar ki, hər gün "Müsavatdan daha bir istefa", yaxud da "Müsavatın rayon təşkilatı buraxıldı" tipli yazılarla qarşılaşır. Beləliklə, həm partiyanın yeni rəhbər strukturlarından narazı qalaraq istefaya gedənlər, eləcə də narazıların haqlı olduqlarını idda etdiklərinə görə, istefaya göndərilənlər sabiq müsavatçılar ordusuna çevriliblər. Əsası və kökü partiyanın qurultayına, eyni zamanda başqanlıq seçkilərinə söykənmiş mövcud proses isə belə göstərir ki, belə davam etsə, Müsavat partiyası müsavatçılarsız qalacaq. Çünki istefaya gedənlər və istefaya göndərilənlərin hər biri özlərini real müsavatçı hesab etmələri ilə yanaşı, təşkilatın rəhbərliyini anti-müsavtçılıqda günahlandırırlar. Maraqlısı da budur ki, artıq həmin antimüsavatçıların başında sabiq baqşan İsa Qəmbər göstərilir. Onun ardınca isə başqan Arif Hacılı və müavinləti gəlir.
Məsələn, ötən günlərdə partiyanın qərargahı qarşısında təşkilat sıralarından çıxmış və çıxarılmış müsavatçıların, o cümlədən, onları dəstəkləyən narazı müsavatçıların etiraz aksiyası keçirmələrindən sonra rəhbərliyin daha aqressiv addımlara əl atması, o cümlədən, etirazçıları "hakimiyyətin adamları" kimi ictimai rəyə sırımağa cəhd etməsi də belə deməyə əsas verir ki, artıq ox öz yayından çıxıb. Və yayından çıxmış ox heç də Arif Hacılı-İsa Qəmbər cütlüyünün, eləcə də bu cütlüyün ətrafında cəmləşən digər qrupların başları üzərindən keçməyəcək. Daha dəqiqi, bu ox elə onların özlərinə dəyəcək, öldürücü zərbə vuracaq. Adi bir misal gətirək. Məsələn, Müsavat partiyasının Nizami rayon təşkilatının sədri Nizaməddin Quliyev partiyadan istefa verib. Onun, istefa verməsinə səbəb, yuxarıda qeyd edilən fikirlərlə bağlıdır. Yəni Nizaməddin Quliyev partiyada baş verənlərə və Müsavat rəhbərliyinə etiraz olaraq bu addımı atıb. Sözügedən məsələyə daha dərin kontekstdən yanaşaq. Partiyanın quruculuğunda iştirtak etmiş şəxsin - Vurğun Əyyubun oradan çıxarılmasından sonra Müsavat partiyasının Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli etirazçıların təşkilatın qərargahı önündə aksiyasını təşkil etdi. Bundan bir neçə gün sonra isə Dəmirli də oradan çıxaırldı. İndi isə o, partiya rəhbərliyini məhkəməyə verəcək. O, qeyd edib ki, partiyanın rayon təşkilatının buraxılması da səhv addımdır və qaydalara ziddir. Qeyd edək ki, Müsavat partiyasının divanı bütövlükdə Ucar və Suraxanı rayon təşkilatlarının buraxılması barəsində qərar qəbul edib.
Beləliklə, ortaya belə bir vacib nüans çıxır: Bu gün Müsavat rəhbərliyi orada cınqırını çıxaranın başından basır, bu da istənilən nəticəni vermədikdə, başlarından basılanlar çölə atılır. Adı da qoyulur ki, onlar təşkilatın nizamnaməsini pozmaqla məşğuldurlar. Maraqlıdır, nəyə görə məhz Müsvatın hazırkı rəhbərliyi ömürlərində bir dəfə demokratik etiraf edərək, özlərinin nizamnamə pozuntusuna yol verdiklərini, antidemokratik, avtoritar və rejimçilik missiyasından çıxış etdiklərini demirlər? Bax, məsələ də budur. Məsələ budur ki, Müsavat müsavatçılarsız qalmaqla yanaşı, həm də sübut edir ki, buna olan səbəb partiyada demokratik mühitin olmamasıdır. Ancaq öz aramızdır, Müsavat kimi siyasi təşkilatda elə demokratiyanın olmaması yaxşıdır. Çünki bunlar "demokratik" olduqca, daha çox antidemokratikliyə doğru inkişaf edirlər.
AFƏT