PDF Oxu

Köşə

  • 2 176

İSTEFAŞÜNASLIQ

İSTEFAŞÜNASLIQ

Özlərini ölkənin ən aparıcı müxalifət partiyaları kimi təqdim edən, daha dəqiqi isə sırıyan AXCP və Müsavat partiyalarındakı istefaların sayı son günlər elə ardıcıl hal almağa başlayıb ki, hətta statistika ilə məşğul olan təşkilatlar da bunu hesablamaqda çətinlik çəkməyə başlayıblar.

Məsələn, bu günlərdə Müsavatın Suraxanı rayon təşkilatından daha 10 nəfər istefa verdi. Onlar da digər etirazçı və narazı müsavatçılar kimi istefalarının səbəblərini partiyanın ailə podratı təşkilatına çevrilməsi, Arif Hacılı və Mustafa Hacıbəyli qardaşlarının oranı istədikləri kimi idarə etdikləri, İsa Qəmbərin isə baş verənlərə etinasız yanaşması ilə əlaqələndirirlər. Artıq Müsavatın rayon təşkilatlarında demək olar ki, adam-filan da qalmayıb. Uzağı bir-iki nəfərdən başqa ki, onların da əslində müsavatçılıq ideologiyasından ümumiyyətlə başları-zadları çıxmır və əlbəttə ki, bütün bunlar Arif Hacılıya sərf edir. Çünki ona siyasi bilgisi, siyasət anlayışı olan kəslər lazım deyil. Çünki onlar Arif-Mustafa qardaşlarına maneələr törədə bilərlər. Ona görə də vəziyyət bəlli həddə qədər inkişaf etməkdədir. Sabah-biri gün oradan növbəti rayon təşkilatı üzvləri də gedərkən, buna təəccüb etməyə dəyməz. Necə deyərlər, Müsavatda "təmizləmə" işləri tam sürətlə davam etməkdədir.

AXCP-də də vəziyyət eynidir. Əli Kərimlinin təşkilatdaxili avtoritar idarəçiliyi, diktatorluq üslubu oradakı insanların kəskin qınaqları ilə müşahidə olunur. Cınqırlarını çıxaranlar isə dərhal təşkilat sıralarından istefaya göndərilirlər. Yəni sorğusuz-filansız! Bir demirlər, soruşmurlar ki, a axecepeçi, səni partiyadan qovuruq, buna hər hansı bir etirazın varmı?

Bu arada AXCP-də daha bir məsələ üzə çıxıb. Sən demə 2013-cü ilin prezident seçkilərindən üzü bu yana Əli Kərimlinin əlində kukla kimi oynadılan Cəmil Həsənliyə AXCP sədri tərəfindən növbəti badalaq hazırlanır. Məsələn, bəlli olub ki, parlament seçkilərinə qədər Cəmil Həsənli adlı maruonet fiqur "Milli Şura" sıralarından çıxarılacaq və sədr kimi onun yerinə Əli Kərimlinin quyruğu Fuad Qəhrəmanlı gətiriləcək. Əli Kərimli isə parlament seçkilərində mandat əldə etməkdən ötrü qabağa düşəcək. Çünki Cəmil Həsənli amili daha ona lazım deyil. Fuad Qəhrəmanlı isə siyasi həyasızlığına görə, hətta Cəmil Həsənlini də üstələyir. Hər halda, o bir az cavandır. Qışqıranda səsi Cəmilin səsindən bərk çıxır.

Beləliklə, həm Müsavatda, həm də AXCP-də istefalar parta-part davam edir. Partiya rəhbərlikləri isə az qala sədrlik etdikləri təşkilatlarının ən böyük müxalifət təşkilatı olduğunu önə sürürlər. Başa düşülən də odur ki, tərkiblərində barmaqla sayılacaq adamları qalan həmin partiyaların sonu çatıb. Amma iddialar göylə gedir.

Yaxşı olardı ki, həm Arif Hacılı, həm də Əli Kərimli bir araya gələrək, təşkilatlarında yeni postlar müəyyənlşdirsinlər – İstefaşünaslıq postu. Oraya yerləşdirilən tərəflər isə istefaları saymaqla və səbəblərini öyrənməklə məşğul olsunlar. Sonra da cəmiyyətə bir açıqlama versinlər ki, nəyə görə uzun illər canlarını, başlarını müxalifətçilik yolunda qoyan bu qədər insan indi oradan uzaqlaşdırılır, ya da uzaqlaşırlar. Bax, onda deyərik ki, hə! Axır ki, AXCP və Müsavatda da demokratiya prinsipi gördük. Amma çətin...Nə qədər ki, oralarda İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı, Fuad Qəhrəmanlı yelləri əsəcək, istefaların da sayı artacaq. Ta o vaxta qədər ki, AXCP və Müsavat bir həsirdən, bir də Məmmədnəsirdən ibarət olacaq. Buna isə çox az vaxt qalıb. Uzağı bu ilin payızında bizlər bunu görəcəyik. Bax, onda heç istefaşünaslara da ehtiyac qalmayacaq.

Digər xəbərlər