Bu yaxınlarda Əli Kərimlinin avtoritar və diktatorluq rejimi sürdürməyinə etiraz etdiyinə görə AXCP sıralarından çıxarılmış Ağakərim Tanrıverdioğlunun məlum açıqlamaları bir çox nüansları üzə çıxarmış oldu. Məsələn, üzə çıxan olaylardan biri də Əli Kərimlinin "Milli Şura"nın sədri Cəmil Həsənliyə qarşı qurduğu planın faş olmasıdır. Çünki bu gün "Milli Şura"nın sədri kimi, Cəmil Həsənli Əli Kərimlini üstələməkdədir. Daha dəqiqi isə, Əli Kərimli "Milli Şura"nın mitinqlərini təşkil edir, daha çox o danışır, ancaq bunun mənfəətini Cəmil Həsənli görür. Beləliklə, bütün bunlar parlament seçkiləri öncəsi heç də Əli Kərimliyə sərf etməyən amillərdəndir. İndi onun canına vəlvələ düşüb ki, amandır, birdən bu ilin payızında keçiriləcək seçkilərdə mandatı o deyil, Cəmil Həsənli qazanar. Hansı ki, ortada nə Kərimlinin, nə də Həsənlinin deputat seçiləcəkləri, ümumiyyətlə, inandırıcı görünmür.
AXCP-nin daxili struktur qaydalarını elə sədrin özü pozurmuş
Beləliklə, Əli Kərimli, necə deyərlər, özü-özünə quyu qazıb və həmin kənkanlığında ona hər zamankı kimi müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlı fəhləlik ediblər. Yəni Tanrıverdioğlunun qovulması növbəti ifşaların üzə çıxmasına əməlli-başlı şərait yaratdı.
Beləliklə, Cəmil Həsənliyə Əli Kərimli tərəfindən quyu qazılması öz yerində. Amma sən demə, AXCP-nin daxili struktur qaydalarını elə sədrin özü pozurmuş. Atalar demişkən, balıq başından iylənər. Yəni Əli Kərimli rəhbərlik etdiyi partiyasının nizamnaməsini özü pozmaqdadır. Məsələn, bəlli olub ki, AXCP-nin növbəti parçalanmasına səbəb olacaq qurultayına hazırlıq işləri gedir. Hətta quruca adları olan "rayon təşkilatları" dırnaqarası konfranslarına hazırlaşırlar. Cəbhənin nizamnaməsinə görə isə belə bir vaxtda təşkilat sıralarına yeni üzvlər qəbul etmək nizamnamə pozuntusudur. Ancaq məlum olub ki, kimliyi heç kimə məlum olmayan 3 nəfər partiyaya üzv qəbul edilib. Binəva Ağakərim Tanrıverdioğlu da buna etiraz edib. Nəticədə o AXCP-dən çıxarılıb.
Cəmil Həsənlinin "xəstəliyə görə" "Milli Şura"dan çıxması xəbərini eşitsəniz, heç də təəccüblənməyin
Daha bir iddia isə bugünə qədər partiya sıralarından çıxarılanların hər birinin arxasından Əli Kərimli amilinin çıxmasıdır. Əbəs yerə deyil ki, sabiq cəbhəçi "Hazırda demokratiya adı altında ən böyük diktatorluğu edən partiya rəhbərliyi və onun müavini Fuad Qəhrəmanlı bu prinsiplə yaşayır ki, kim onların əleyhinə danışsa, həmin adamlar partiyadan uzaqlaşdırılmalıdır" ittihamı ilə çıxış edib.
Bu zaman sual yaranır ki, əgər Əli Kərimli Cəmil Həsənlini "Milli Şura" sədrliyindən kənarlaşdırarsa, onda "Milli Şura"nın növbəti sədri kim olacaq? Əlbəttə ki, özü! Bəli, məhz onun özü. Axı Əli Kərimli bəziləri kimi bir əlində iki qarpız deyil, hətta beş-altı qarpız tutmağa can atır. Ona görə də parlament seçkilərinə qədər, hətta yaxın günlərdə Cəmil Həsənlinin "xəstəliyə görə" "Milli Şura"dan çıxması xəbərini eşitsəniz, heç də təəccüblənməyin.
Ölsə belə, AXCP-nin sədri olduğunu deyəcək
Bu arada önə sürülən növbəti iddialardan biri də Kərimlinin AXCP sədrliyinə Fuad Qəhrəmanlını gətirməsi məsələsidir. Ancaq bu, inandırıcı görünmür. Çünki Kərimli heç vaxt, hətta canını onu qəbul etməyəcək torpağa tapşıracaq qədər AXCP sədrliyindən getmək fikrində deyil. Yəni ölsə və torpaq onu törətdikləri günahları üzündən qəbul etməsə belə, ölüsünün də AXCP sədri olduğu iddia olunacaq. Bəs nə bilmişdiniz ki? Əli Kərimlidən hər şey gözləmək olar. Bu baxımdan, onun Cəmil Həsənlini devirib, özünü həm də "Milli Şura"nın sədri kimi təqdim etməsi elə də qlobal bir məsələ deyil.