Böhtançı qurumun səsinə səs verən olmayacaq
İlk Avropa Oyunlarına sayılacaq saatlar qalmasına rəğmən, ölkəmizə qarşı qərəzli münasibət sərgiləyən bir sıra erməni lobbisi ilə əməkdaşlıq edən, sifarişlər həyata keçirən təşkilatlar hələ də öz havalarını çalmaqda davam edirlər. Belə ki, mərkəzi ofisi Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Söz Azadlığı Mübadiləsi Şəbəkəsi (İFEX.www/ifex/org) də həmin sifariş alanlar siyahısındadırlar.
Azərbaycanın əldə etdiyi ən yüksək uğurlar erməni lobbisinin və onlarla əlbir olan bir sıra beynəlxalq təşkilatların qıcıqlanması, aqressivləşməsi ilə nəticəsini tapır
Məsələ ondadır ki, ölkəmizdə əldə edilən uğurları həzm edə bilməyən bu təşkilat indi də aldığı təlimatlara əsasən, jurnalist təşkilatlarına, eyni zamanda guya "insan hüquqları" ilə bağlı fəaliyyət göstərən qonrama QHT-lərə Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına qarşı sosial şəbəkələr vasitəsilə kampaniyaya qoşulmağa səsləyib. Həmin qərəzli çağırışda bildirilir ki, iyunun 12-də I Avropa Oyunlarının açılışı vaxtına təsadüf edən saatda jurnalistlər və QHT-lər Azərbaycanla bağlı olan qərəzli informasiyalar yerləşdirib, ölkəmizin nüfuzuna təsir edə biləcək fotolar, xəbərlər və s. məlumatlar paylaşsınlar. Bütün bunlar isə bir daha sübut edir ki, Azərbaycanın əldə etdiyi ən yüksək uğurlar erməni lobbisinin və onlarla əlbir olan bir sıra beynəlxalq təşkilatların qıcıqlanması, aqressivləşməsi ilə nəticəsini tapır. Beləliklə də, ölkəmizə qarşı qərəz kampaniyası aparan bu cür təşkilatlar son anda belə bir səviyyəsiz çağırışlar etməklə, əslində nə qədər şər qüvvə olduqlarını açıq-aydın sərgiləmiş olurlar.
Ortada siyasi sifarişin dayanması şübhəsizdir
Lakin daha bir fakt da budur ki, ölkəmizdə keçiriləcək I Avropa Oyunları özündə bir neçə əhəmiyyətli amilləri ehtiva etməkdədir. Məsələn, sübut olunur ki, Azərbaycan bu kimi beynəlxalq idman tədbiri keçirmək üçün ən layiqli dövlət kimi seçilib və bu, heç də təsadüfi deyil. Çünki inkişafı ilə yanaşı, Azərbaycanın müasir tərəqqi modeli hazırda qitənin bir çox ölkələrində öyrənilir, tədbiq edilir. Eyni zamanda, ölkəmizdə mövcud olan tolerantlıq, demokratik dəyərlərə göstərilən diqqət, sabitlik, inkişaf faktorları bir sıra siyasi dairələrin maraqlarına cavab vermədiyi üçün bu kimi çirkin kampaniyaları vasitəsilə qazanılan nailiyyələtə kölgə salmağa cəhd göstərirlər. İstər Avropa Parlamenti olsun, istər ABŞ-ın bir sıra siyasi dairələri olsun, istərsə də İFEX kimi qurumların gah "siyasi məhbus", gah da "söz və mətbuat azadlığının pozulması" tipli iddiaları arxasında isə yuxarıda da qeyd edildiyi kimi, siyasi sifarişin dayanması şübhəsizdir. Ona görə də ölkəmizdə reallaşdıra bilməyən sifarişçilər bu kimi vasitələri ilə Azərbaycanın nüfuzuna qara yaxmağa cəhd göstərirlər. Amma ortada olan faktlardan biri də budur ki, belə addımlar hər zaman məğlubiyyətə düçar olub. Və bu gün Azərbaycanın qələbə və zəfərlərinə qarşı qərəzli çıxışlar edib, çağırışlar edən hər bir erməni lobbisi tərəfindən maliyyələşdirilən təşkilatlar da əmin ola bilərlər ki, onların həmin oyunbazlıqları nəticəsiz qalacaq. Çünki real güc və qüdrət qarşısında yalan, böhtan və qərəz əzilərək məhv olub!