"BMT dünyadakı sülhü qorumaq və problemlərin vahid masa ətradında həlli üçün yaradılan qurumdan daha çox oğrunun "doğruluğu"nu isbatlamağa çalışan başqa bir oğruya oxşayır...".
İvanov
Sentyabrda BMT Azərbaycandakı vəziyyəti "müzakirə" edəcək. Hətta ehtimal var ki, AŞPA-nın ardınca BMT də Azərbaycanla bağlı qətnamə qəbul etsin. Problem yoxdur! Tutaq ki, qətnamə qəbul etdi və tələb elədi ki, yerinə yetirilsin. O zaman BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin niyə yerinə yetirilməməsini BMT-nin lap başında oturanın başına soxmaq gərək olacaq. Özü də sonradan yox! Elə Azərbaycanla bağlı vəziyyət müzakirəyə çıxarılan kimi Azərbaycan nümayəndə heyəti söz alıb yuxarıda tələb etməlidir ki, adıçəkilən qətnamələr yerinə yetirilməyənə qədər ölkəmizlə bağlı hər hansı bir müzakirənin aparılmaına veto qoyulsun. Almaniyada, Fransada, İspaniyada, ABŞ-da baş verən qırğınları yox, məhz Azərbaycanla bağlı məsələnin müzakirəyə çıxarılması qərəzli olduğu qədər də sırf "Qərb düşmənçiliyi"dir. Necə deyərlər, "siyasi məhbus" axtaranların ələkləri boş qalacaq. Dünyanın 236 dövləti içərisində AŞ-ni, BMT-ni Azərbaycandakı vəziyyət bu qədər düşündürürsə, o zaman bir neçə amilə diqqət versinlər və dəyərləndirsinlər. Birincisi, Qərb Azərbaycanın hesabına əldə etdiyi üstünlükləri, qazanclarını düşünsün. İkincisi, 2-3 casusa görə yox, 1 milyon qaçqının pozulmuş hüquqlarını fikirləşsinlər. Üçüncüsü, öncə öz ölkələrindəki yüzlərlə siyasi məhbusu azad etsinlər, insanları dərisinin rənginə görə öldürməsinlər və dünyada terrorizmə xərclədikləri pulları xeyriyyəçiliyə sərf etsinlər. Ancaq bunu da edə bilməzlər, çünki ABŞ-da, İngiltərədə məxfi "konfliktologiya" institutları var ki, onlar ölkələrdə milli münaqişələr yaratmaq üçün hər il milyardlarla pul sərf edirlər.
Azərbyacan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Qərbin Azərbaycanda siyasi məhbus axtarışına ən tutarlı cavabı verdi: "Bu gün Qərb siyasi məhbus axtarır. Mən siyasi məhbus axtaranlara göstərirəm: siyasi məhbus Məhəmməd Mursidir. Məhəmməd Mursi xalqın səsini qazanaraq, Misir prezidenti seçildi, amma xarici dairələrin marağına uyğun gəlmədiyindən vəzifəsindən kənarlaşdırıldı. Mən siyasi məhbus axtaranlara Mursini göstərirəm".