Bu gün ölkəmizin əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, beynəlxalq hüquq müstəvisində istənilən məsələ üzrə milli maraqlarını qətiyyətlə müdafiə etməsi və bunun üçün lazımi gücün, qüdrətin sahibi olmasını həzm edə bilməyənlərin sayı az deyil. Bu, artıq neçə illərdir Azərbaycan əleyhinə fəaliyyət göstərən antiazərbaycançı şəbəkəyə, bu şəbəkənin əsas nümayəndələrindən olan Ermənistana və bəzi dövlətlərə aiddir. O da məlum həqiqətdir ki, sözügedən şəbəkənin sıraları genişdir və Azərbaycanın daxilində də təmsilçiləri, əlaltıları mövcuddur. Hüquq müdafiəçisi, qeyri-hökumət təşkilatı, siyasi partiya adı altında fəaliyyət göstərən belə buyruq qulları əməlləri ilə istənilən an Azərbaycana, xalqa xəyanət etməyə hazır olduqlarını dəfələrlə sübuta yetiriblər. Onlar öz mənafeləri, maddi maraqları naminə lazım gəldikdə bir an belə, tərəddüd etmədən xəyanətlərə yol veriblər. Niyyət və əməli daha çox Azərbaycanda daxili sabitliyi pozmağa yönələn, fəaliyyəti ilə hər zaman ölkəmizin nüfuzunu zədələməyə çalışan ifrat radikal müxalifət, əslində, antiazərbaycançı şəbəkənin bir təmsilçisi kimi çıxış etdiyini istər-istəməz faş etməkdədir. Çünki cəmiyyətdən özünü təcrid halına salmış radikallar ölkəmizin rifahını istəməyənlər kimi Azərbaycanda xaotik bir durumun formalaşmasını arzulayır, bu yöndə addımlar atmağa cəhd göstərirlər. Buna nail olmasalar da, iyrənc əməlləri ilə, əslində, Azərbaycanın ən qatı əleyhdarları ilə bir sırada yer aldıqlarını göstərmiş olurlar. Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, əslində, radikal müxalifət və beynəlxalq miqyasda Azərbaycan əleyhinə fəaliyyət göstərənlər əməlləri ilə bir-birinə bağlıdırlar. Bu mənada radikal müxalifətin antiazərbaycançı şəbəkədən gələn göstərişlər əsasında fəaliyyətini qurması, müəyyən maliyyə vəsaiti alması barədə indiyə qədər səslənən fikirlərin heç də reallıqdan uzaq olmadığı daha aydın görünər.
Çox da uzaq olmayan yaxın keçmişə nəzər saldıqda radikal müxalifət təmsilçilərinin öz mənafeləri naminə Azərbaycan xalqının faciələrlə üzləşməsinə hazır olmalarına dair konkret misallar çəkmək mümkündür. Ayaz Mütəllibovun hakimiyyətdən devrilməsi üçün AXC və Müsavatın Azərbaycan ərazilərini hərraca qoyması, ermənilər tərəfindən işğal olunmasına şərait yaratmaları da bunun faktiki sübutu kimi çıxış edir. Bu həmin müxalifətdir ki, 20 yanvar faciəsi və Xocalı soyqırımı kimi qanlı hadisələrdən istifadə edərək silah gücünə hakimiyyətə yiyələnmək istiqamətində addımlar atmaqdan çəkinmədi. İndi görünən odur ki, radikal müxalifət yenidən seçkiərəfəsi Azərbaycanda növbəti faciələrin yaşanmasını, ölkəni ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürüklənməsini istəyir. Bunun üçün qeyd edildiyi kimi, Azərbaycan əleyhinə çıxan ən müxtəlif xarici qüvvələrlə böyük məmnuniyyətlə işbirliyinə gedir. Məqsəd növbəti seçkiərəfəsi Azərbaycanda qarşıdurma yaranmasına, qardaş qanı tökülməsinə nail olmaqla hakimiyyətə gəlmək, həmçinin qulluqlarında durduğu xarici ağalarından ölkədə anarxiya yaradacaqlarına dair vədlər verib daha çox miqdarda pul qoparmaqdır.
Bütün bunlar həm də onu göstərir ki, Azərbaycanda əhalinin, ayrı-ayrı təbəqələrin narahatlığına və narazılığına, kütləvi aksiyalara səbəb ola biləcək hal yoxdur. Sosial dayaqlarını itirmiş radikal müxalifət başçıları və onların azsaylı tərəfdarları Azərbaycanda sabitliyin pozulmasına çalışır, buna müxtəlif cəhdlər edir və yenidən özünün köhnə, lakin heç bir effekt verməyən "siyasi məhbus" taktikasını işə salmağa çalışır. Bu da növbəti dəfə göstərir ki, müxalifətin radikal qanadının əməllərində, təfəkküründə hələ də dəyişiklik baş verməyib. Elə bu səbəbdəndir ki, formal mövcudluqlarını çoxdan xaricdəki bəzi bədxah qüvvələrin qəpik-quruşlarından asılı etmiş radikal müxalifət təmsilçiləri antiazərbaycançı mənafelərindən əl çəkmək istəmirlər. Xalqın nifrətinə tuş gəldikləri üçün isə bütün ümidlərini xaricdə olan, müstəqil Azərbaycanın varlığına qarşı çıxan qüvvələrə bağlayıblar. Təbii ki, Azərbaycanın hüquq-mühafizə orqanları, ölkəmizdə xaos yaratmaq istəyən bu qüvvələrin qarşısını almalıdır və alır da. Sağlam cəmiyyəti belə yoluxucu ünsürlərdən qoruyur. Sabah da belə olacaq. Ölkəmizin milli maraqlarını satanlar, xaricdəki ağaları ilə işbirliyi quranlar cəzalandırılacaq. Nə qədər ki, onlar ağıllanmayıblar bu cəza tədbirləri davam edəcək. Hərgah bunun baş verəcəyi də mümkünsüzdür, çünki xəmirləri belə yoğrulub.