Yeni avtobuslar istifadəyə veriləcək, ilk xətt "28 May"-"Koroğlu" metrostansiyaları üzrə hərəkət edəcək. Di, hazırlaşın, hərə əlinə bir qələm alıb nömrəsini, sevgilisinin adının baş hərfini oturacaqlara yazsın. İmkan olsa oturacaqların "çexol"larını da çıxarıb yorğan-döşəyə sırıyın. Tanışlıq saytlarının, çatların da adını oturacaqlara yazmağa unutmayın. Bir dostumuz var, o da yazı-pozu adamıdır. Avtobus oturacaqlarına yazı yazmaqdan ötrü ürəyi gedir. Hələ indiyə kimi də bir avtobusa pul verməyib. Cibində bir qırmızı bilet var, marşrutdan düşəndə az qalır ki, sürücünün gözünə soxsun. Sən demə, rəhmətlik babasının partiya bileti imiş.
Metrostansiyalarda demək olar ki, hər gün hamımızın rast gəldiyimiz reklam plakatına az qalırdım ki, mən də aldanım. Bu, hansı reklamdır? Deməli, reklam oxuyanda adama elə gəlir ki, elə bil kimsə gəlib yaxandan yapışıb təpənə də yumruq vurur ki, tez ol get kredit götür. Yazır: "Aylıq 110 manat ödənişlə 1 illik 1000 manat kreditə sahib olun. Bir illik faiz- cəmi 140 manat faiz. ". İnanmaq istədim, 110-u 12-yə vurdum, 1320 rəqəmi alındı. Ancaq reklamda 1140 manat vəd olunur. Eşitdiyimə görə, lombardlardan biri yaşı 70-dən yuxarı olan nikah müqaviləsi olan qadın və kişiyə 10 illik kredit verir. Bir balaca araşdırma apardım. Məlum oldu ki, Azərbaycanda nikah müqaviləsi olan 70 yaşdan yuxarı ər və arvad tapmaq qatıqdan qıl çəkmək kimi çətindir. Cəmi 0, 001 faiz. Bu da kəbinlə. Deməli, lombard yaşı 70-dən yuxarı olan kişi və qadına kredit vermir. Lap tutaq ki, verdi. 10 il yaşayacaqmı bunlar? Yazıq övladlar zibilə düşəcək? Lev Tolstoy pis deməyib: "İnsanlar yalan danışdıqları zaman dinləməyi sevərəm. Çünki olmaq istədikləri, amma olmadıqları kimi təbliğ edərlər".
Mən artıq belə düşüməyə başlayıram ki, XX əsr rus xalqı bizim törəməmizdir. Odnaklassnikdə, Facebookda, İnstaqramda nə qədər rus qızları varsa, hamısı Bakıdakı papasını axtarır. Hələ biri yazmışdı ki, "papa, moya tsvetok, Qulmemmed...". Başqa birinin papası Cəlilabadın qulbeçə kəndindən imiş. Yazır ki, Qulbeçe...papa- Nurəddin, luçşiy podarok tsvetok. Mne tsvetok pasılay. Axtarıb tapsaq Nurəddin yəqin ki, yer şumlayır, kartof əkir. Bu da bu...?!