Nə BMW, nə Rang Rover? Hamısı boş şeylərdir. Mazarettisindən tutmuş Mercedesin son modellərinə qədər, heç biri zövqümü oxşamır. Dünyanın ən gözəl maşını "cənazə maşınıdır", yəni meyiti qəbrə aparan maşın. Hətta insanlar bu maşına minmək üçün ölürlər. Dostlarımızdan biri də elə bunu deyir. Bəxti o qədər gətirməyib ki, ölməkdən ötrü ölür. Həm də o qədər qorxaqdır ki, 1 illik hərbi xidmətinin 8 ayını atası, 3 ayını anası, cəmi 1 ayını da özü çəkib. O bir ayda da bütün nəslə o qədər çəkdirib ki, hamı əlindən qan ağlayırdı. İndi də 6-7 banka borcu var. Kimsə "müharibə başlayır" deyəndə yerindən tullanıb əllərini göyə açıb yalvarır. Deyir ki, banka borcu olanları müharibəyə aparmasalar, nəzir verəcəm.
Sözüm bunda deyil. Keçək mətləbə. O mətləbə ki, sentyabrın 11-də müqəddəs torpaqlarda kranın aşması ilə yüzdən artıq insan həyatını itirdi. Niyə məhz 11 sentyabrda? Axı 2001-ci il sentyabrın 11-də ABŞ guya dünyanın bir nömrəli terrorçusu-Üsamə Bin Laden tərəfindən terrora məruz qalmışdı. Gözəl ssenari idi. Bu terror hadisəsini bir müsəlman törətmişdisə, o zaman niyə MKİ-nin əməkdaşlarının maaşı bu hadisədən iki gün sonra 4 dəfə qaldırıldı? Ümumiyyətlə, müsəlmanlara Üsamə Bin Laden kimi sırıdığınız ABŞ kəşfiyyatçısının ölümündən sonra cəsədini niyə ortaya çıxarmadınız? Lap tutaq ki, cəsədin fotolarını yaydığınız zaman nə üçün müsəlman dövlətlərin "qan analizinə" imkan vermədiniz? İndi də məlumatlar buraxmısınız ki, guya sentyabrın 11-də aşan kran Üsamə Bin Ladenin ailəsinə aid şirkətə məxsusdur? Lap gülməlidir, siz Üsamə Bin Ladenin ailəsini sağ qoymuşdunuz bəyəm? Görəsən, terrorçu bir ailəyə Almaniya niyə qucaq açıb? Bəlkə hansısa bığsız çalmasaqqalla razılaşıb ərəbləri də "terrorun qurbanı" kimi göstərməklə növbəti bir şansı girəvəyirsiniz!? Köhnə kişilər yenə deyir, "müsəlmanları Nikolayın Allahı yıxdı!"
Bu müxalifətə, həqiqətən də adamın yazığı gəlir. Niyəsini izah edim. 2013-cü ildə Əli Kərimlinin, İsa Qəmbərin, ümumilikdə bütün cəbhəçi və müsavatçıların dillərində gecə-gündüz bir ad dillərindən düşmürdü - Rüstəm İbrahimbəyov! Ağlı kəsənlər bunlara deyirdilər ki, Rüstəmə aldanmayın. Əli və İsa cütlüyü top-tüfəng atırdılar. Hətta mitinqlərində İsa Qəmbərə "Rüstəm İbrahimbəyov" deyə qışqırıb çağıran görmüşəm. Bu gün isə R.İbrahimbəyov deyir ki, məni narahat etməyin, kino çəkirəm, seçkilər-zad məni maraqlandırmır. Ay Əli və İsa cütlüyü, bu qədər ağılsızlıq və sadəlövhlükmü olar?
Deməli, reket jurnalistlərin "seçki taktika"larından da bir-iki cümlə ərz edim. Sən demə, əksər reket jurnalistlər deputatlığa namizəd olacaq. Olsunlar! Amma hansı məqsədlə olurlar, bunu soruşmaq gərəkdir. Deməli, bunlar quş fermasını xatırladan saytlarında namizədliklərini verdiklərini rayondan o ki var yazıb, axırda da real namizəddən pul qopartmaq istəyirlər. Mənsə, xüsusi qeyd edirəm ki, onsuz da reket jurnalistlərin konkret siyahısı var. Sadəcə, onları deputatlığa namizəd kimi qeydiyyata almaq lazım deyil.