"Axırıncı aşırım" filmini hamınız yəqin ki, dəfələrlə izləmisiniz. 1971-ci ildə çəkilən filmdəki Abbasqulu bəyi uzun illər "qəhrəman" kimi tanıdıq. Bu gün də bu tilsimi qıra bilmirik. Filmdə Qəmloya qarşı yaradılan nifrət o qədər güclüdür ki, heç ermənilərə o qədər kin-küdurət bəsləmirik. "Axırıncı aşırım", şübhəsiz ki, gözəl filmdir, amma filmin ideologiyasını bələd olanda bu filmin millətimizə qarşı necə də işlənib-hazırlandığından insan dəhşətə gəlir. 25 ildir ki, bu tilsimi qıra bilmirik. Atalarımız hələ də Qəmloya nifrət edir. Hamımızın elçi, qəhrəman, əsl kişi obrazı kimi qəbul etdiyimiz Abbasqulu bəy kimdir? Sovet hökumətinin təbliğat maşını, elçisi, bu hökuməti bir çox yerlərdə quran adam. Qəmlo və Kərbəlayi kimdir? Bu hökumətin əleyhinə qarşı çıxan, kolxozlaşmanı, sovetləri rədd edən və "fəhlə-kəndli hökuməti" adı altında ölkəmizə girən rus qoşunlarına meydan oxuyan adamlar. Deyək ki, sovet dövründə Abbasqulu bəy qəhrəman, Qəmlo düşmən idi. Bu gün müstəqillik, düşünün görün yalanmı danışıram? Problem ondadır ki, 1988-ci ildə gecələr evdə "Axırıncı aşırım"a baxıb gündüzlər gedib "Azadlıq" meydanında qışqırırdıq. Özü də Qəmlonu düşmən bilə-bilə. Yasin adlı jurnalistlər dostlarımızdan biri deyir ki, "Azadlıq" meydanında hamı bir səslə "BİRLƏŞİN" qışqırırdı. Mən də "MİRBƏŞİR" deyə-deyə tumanımı başıma atmışdım. Yazıq, "BİRLƏŞİN"i, "MİRBƏŞİR" kimi başa düşürmüş.
Məqsədim Qəmlonun kimliyi haqqında qısa bir arayiş verməkdir. Qəmlo - Qəmbəralı Əlirza oğlu. Qəmlo 1886-cı ildə Vedi rayonunun Hand kəndində doğulub. Sovet hökuməti qurulana qədər Abbasqulu bəy Şadlinskinin Ermənistan ərazisində yaşayan azərbaycanlıları daşnakların hücumlarından qorumaq üçün yaratdığı "Qırmızı tabor"un ən döyüşkən üzvlərindən olub. İstər 1905, istərsə də 1918-ci illərdə daşnaklara qarşı çiyin-çiyinə vuruşduğu bu insanın sağ əli və ən etibarlı adamı sayılırdı. Bolşevik hökumətinin qurulmasilə əski dostlar da ayrı-ayrı cəbhələrdə yer alırlar. Şadlinski Vedidə bolşevik hökumətinin qurulmasının tərəfdarlarından olduğu halda, Qəmlo yeni hökumətə qarşı çıxır. Kolxozlaşmanın qəti əleyhdarı olan Qəmlo qonşu Kolanı kəndinin onun kimi kolxoz əleyhdarı olan ağası Kərbəlayi İsmayılla birləşir. Kərbəlayilə Qəmlo aranın sakitləşməsini gözləmək üçün Türkiyəyə keçirlər. Türkiyədə olduqları zaman dostlar Mustafa Kamal Paşa Atatürklə görüşürlər. Atatürk onlara geri dönməməyi, Türkiyədə qalmağı məsləhət görür. Kərbəlayı İsmayıl bu təklifi qəbul etsə də, Qəmlo razılaşmır. Bir müddət sonra vətənə dönür, Kərbəlayı İsmayıl isə əksinə, ailəsini Türkiyəyə aparır. Ömrünün Türkiyə dönəmi və Atatürklə görüşündən Qəmloya paşanın bağışladığı Buxara papağı yadigar qalır. Türkiyədən dönüşündən bir neçə il keçmişdi. Qurban bayramı günü kirvəsi onu evinə qonaq çağırır. Heç zaman silahı üstündən əskik olmazdı. Həmin gün ilk dəfə evdən əliyalın çıxır. Bəy nəslindən olan ömür-gün həmdəmi Töhfə xanım qarşısını kəsib, silahını götürməyinə təkid etsə də, "belə əziz gündə kirvə evinə silahla getməyin düzgün olmadığını" söyləyir. Məclisin şirin yerində, əlinin duz-çörəkdə olduğu bir vaxt ev sahibi başda olmaqla 18 nəfər qəfildən Qəmlonun üstünə hücum çəkir. Həmlə gözlənilməz olsa da, özünü itirmir. Yaralı aslan kimi çarpışmağa başlayır və 1931-cı ildə öldürülür. Töhfə xanım ərinin ölüm xəbərini alınca sirdaşının qapının dibinə qoyduğu beşaçılanına əl atır. Ata minib kirvələrinin evinə çapır və həyəti gülləbarana tutur. Bu hadisədən sonra araya qan davası düşür. Qəmlonun qətlində əli olan 18 nəfərdən 17-si öldürülür. Qəmlo öldürüləndə 4 qardaşından ikisi, bir vaxtlar Şura sədri işləyən Vəli və Nemət daşnaklar tərəfindən qətlə yetirilmişdi. Evin sonbeşkləri Mehdiquluyla Bilalınsa əli yenicə silah tuturdu. Onun qətliylə ailənin də çərxi dönür, doğmaları sürgün və təqib acısını yaşayırlar. Qardaşı Bilal sürgündə dünyasını dəyişir. Baxın, Qəmlo bu boyda böyük bir şəxsiyyətdir...
P.S. "O olmasın, bu olsun"filmində adi tələbə olan Sərvər guya XX əsrin əvvəllərində ilk avtoritetlər sayılan Qoçu bəyi, Əsgər bəyi bir fitlə qorxudub qabağından qaçırdır. Bu qədər düşüklük olarmı? Rus pis işləməyib...