PDF Oxu

Köşə

  • 2 242

ARİFİN QEYRİ-ARİFLİYİ

image

Axı deyəsən, bunlar seçkiylə sişan-pişik oyununu doğrudan da səhv salıblar. Elə bilirlər ki, təşkilatları daxilində oynadıqları siçan-pişik oyununu ölkənin əsas və əhəmiyyətli hadisəsində - parlament seçkilərində də oynaya bilərlər. Ancaq yanılırlar, özü də ta dibindən!

Söhbət Müsavatdan və onun qeyri-legitim başqanından, partiya strukturlarını qohum-əqrəba, tanış-biliş klanıyla əvəzləyən Arif Hacılıdan gedir. Əslində, Arif Hacılının zaman-zaman qeyri-arifcəsinə özünüfşa xarakterli çıxışlar etməsi birinci dəfə deyil. Məsələn, bu yaxınlarda o, partiya rəhbərliyinin icazəsi olmadan seçkilərə qatılan müsavatçıların aşkarlanaraq, "xəyanətkar" elan edilmələri üçün MSK-ya məktub da göndərib. Yəni bununla demək istəyib ki, görürsünüz, Müsavatda qayda-qanunlara daş kimi riayət olunur. Hətta demokratik fikirlə çıxış etmək istəyən, müstəqil şəkildə seçkilərə qatılmaq qərarı verənlərə belə heç bir aman verilmir.

İndi qayıdıb deyəcəklər ki, YAP İcra katibinin müavini Siyavuş Novruzov da partiyanın razılığı, tövsiyəsi olmadan, yəni fərdi qaydada seçkilərə qatılacaq üzvlərə xəbərdarlıq edib və s. Bəli, edib! Məgər burada qeyri-adi nə isə varmı? Siyavuş müəllim bunu edib ona görə ki, YAP ciddi siyasi qurumdur. Rəhbərliyin gəldiyi qərara hörmətsizlik göstərənlərin bu təşklatda qalmaları isə mümkünsüzdür və burada qeyri-demokratik heç nə yoxdur.

Ancaq gəlin Müsavatın oynadığı oyuna baxın. MSK-ya məktub göndərir ki, işdi-qəzədi birdən hansısa rayonun müsavatçısı seçkilərə qatılmağı barədə müraciət edərsə, onu qeydiyyata almasınlar! Niyə? Məgər sən - Arif Hacılı, başqan olaraq bilmirsən ki, təşkilatının hansı şöbəsində vəziyyət necədir? Sənin xəbərin yoxdur ki, rəhbəri olduğun partiyanın hansı üzvü namizədliyini irəli sürmək istəyir? Demək, bu oldu birinci ifşa. Məlum oldu ki, Arif Hacılı oturub Müsvaatın qərargahında və partiyanın rayon təşkilatlarında olub-bitənlərdən xəbəri-zadı yoxdur! Məsələn, xəbəri yoxdur ki, partiyanın rayon təşkilatlarının böyük əksəriyyəti artıq Qubad İbadoğlunun rəhbəri olduğu ADR hərəkatının üzvünə çevrilib.

Keçək o biri məsələyə. Arif Hacılı partiyasında keçridyini mətbuat konfransında qeyri-arifliyini sərgiləyərək deyib ki, Müsavatın seçkidə iştiraka davam edib-etməməsi oktyabrın 10-da bəlli olacaq (?-R.). Pəhhh, nə böyük "problem" yarandı ölkənin siyasi ab-havası üçün! Məgər xoruz banlamırdı deyə, səhər açılmırdı ki?! Adam partiyasının iflasını qoyub bir kənara, ictimai rəyə minnət sırımaqla məşğuldur. Ona görə də qayıdıb adama deyərlər ki, belə çərə-cəhənnəmə qatıl! Olmasın parlamentdə bir-iki müsavatçı, aləm dağılmayacaq ki. "Zato" müxalifətdən olan digər partiyalar seçkilərə qatılacaq və sübut ediləcək ki, Müsavat, ya da AXCP bu ölkənin müxalifətçilik adını monopoliyalarında saxlaya bilməzlər. Bir də ki, sən bu kimi bəyanatlarınla hansısa Qərb dairəsinə eyhamlar vurursansa, daha buirada ictimai rəyə minnət-filan qoymaq lazım deyil cənab Hacılı "bəy!" Yəni bu da ikinci ifşa...

Keçək üçüncü məsələyə. Hacılı deyir ki, bu dövr ərzində itkiləri də olubmuş. Guya ömür boyu nə isə qazanıblar ki, indi də hərdən-birdən iynə-sap itirirlər. Baxın nə deyir. Deyir ki, "partiyanın (yəni Müsavatın-R.) nizamnaməsini dəfələrlə pozduğu üçün 14 nəfəri partiya sıralarından xaric etmişik. Qurultaydan əvvəlki bir ərzində Müsavatdan xaric olunan üzvlərin sayı bu rəqəmdən bir neçə dəfə çox olub. Yüzədək partiya üzvü son bir ildə partiyadan çıxıb. Burada müxtəlif motivlər mövcuddur. Biz hər bir partiya üzvünün çıxmasını itki sayırıq. Amma Müsavat kimi partiyanın sıralarından bir neçə on nəfər çıxırsa, bu, Müsavatın parçalanması, zəifləməsi demək deyil". Di gəl burada yekəxanalığı tənqid etmə görüm, necə etməyəsən! Əşşi, fakt budur ki, Müsvat bir həsir, bir Məmmədnəsirdən ibarətdir, ortaya doğru-dürüsüt adam çıxarmağa imkan yox, partiyanın rayon strukturları bütövlükdə keçib Qubad İbadoğlunun cinahına, Arif Hacılının legitim başqan olması qəbul edilmir, üstəlik, yüzlərlə (!!!) müsavatçı qurumun sıralarını dabanlarına tüpürərək tərk edir, bu adam hələ də millətin gözününü içinə qədər yalan zıppıldadır ki, bununla "Müsavat zəifləmir" (?!-R.). Yaxşı, tutalım ki, Müsavat zəifləmir, bəs onda niyə hələ də seçkilərə qatıllıb-qatılmaması üçün var-gəl edir, qərara gəlmir və s. Əgər güclüsənsə, özünə inamın varsa, onda buyur seçkilərə qatıl, biz də görək də boş yerə guruldayırsan, yoxsa dolu yerə. Bu da növbəti ifşa!

Sonuncu məsələ isə Hacılı "bəyin" guya iqtidarın müxalifət partiyalarının ölkənin siyasi sistemindən sıxışdırıb çıxarmasilə bağlı iddiasıdır. Yəni "çoxpartiyalı sistem" sıradan çıxır, demokratik seçkilərin keçirilməsi əngəllənir"miş...Bu məsələni uzatmayaraq, Arif Hacılıya ötən illərdə əməkdaşlıq etdiyi bir sıra müxalifət partiyalarının, xüsusilə seçkilərə qatılmaq qərarı vermiş müxalifət partiyalarının adlarını sadalayım. KXCP, Aydınlar, AzDP (partiyanın sədri sabiq Müsavat başqanı Sülhəddin Əkbərdir-R.). BAP, VİP, ALDP, Azadlıq və hər zaman Müsavatla adı bir çəkilmiş Pənah Hüseynin AXP-si! Onda belə çıxır ki, bunlar müxalifət deyillər? Mən hələ o biri müxalifət partiyalarını - BQP-ni BAXCP-ni, Ədaləti, ADP-ni, Vəhdəti demirəm. Nooldu, Müsavat göydən düşüb və müxalifət partiyası olmaq yalnız onun boyuna biçilib ki?!

Məncə, bu qədər ifşa yetər. Arif Hacılı bunu oxusa, həqiqətən də, özünün qeyri-arif adam olduğunu etiraf edib, seçkilərə qatılar. Əgər cürəti çatarsa...

Digər xəbərlər