Müsavat başqanı Arif Hacılının Qubad İbadoğluya tərəfdaşlıq edən ən sıravi insanlara qarşı belə, barışmaz mövqe göstərməsi əslində onun öz kreslosuna nə qədər izafi məhəbbət göstərməsinin göstəricisidir. Artıq baş verənlərdən belə nəticəyə gəlmək olar ki, əgər Müsavat partiyası hərgah inandırıcı görünməsə də uzun müddət siyasi arenada qalmağı bacarsa, bu zaman Arif Hacılı İsa Qəmbərdən də artıq müddətdə başqan postunda oturmaq fikrindədir. Söz yox ki, Müsavat partiyasının müxalifətçilikdən o biri tərəfə keçməyə nə qüdrəti, nə də ki, şansı var. Artıq bu partiyanın iflası göz qabağındadır. Üstəlik, bunu vaxtında anlayanlar klan partiyasına çevrilmiş təşkilatdan uzaqlaşmaqdadırlar. Məsələn, təkcə Qubad İbadoğlunun ADR hərəkatına onlarla müsavatçının transfer olunması, özü də bunu nümayişkəranə şəkildə edərək, Arif Hacılı başqanlığından imtinalarını bəyan etməsi buna bariz sübutdur. Biz hələ Tural Abbaslının "Ağ Blok"unu və s. etirazçı müsavatçıların müxtəlif qurumlarda cəm olmalarını demirik. Beləliklə, məsələ kifayət qədər bəlli və aydındır.
Ancaq Arif Hacılı hələ də özünü "güclü" göstərmək istəyir. Məsələn o bu dəfə uzun illər partiyanın qərargahına gözətçilik edən bir qocanı təşkilat sıralarından uzaqlaşdırıb. Nədir ki, bu adam partiyanın qurultayında daha çox səs toplamış Qubad İbadoğlunu dəstəkləyib. Daha az səs toplamasına rəğmən, saxtakarlıq yolları ilə başqan seçilmiş Arif Hacılını isə dəstəkləməyib. Bu xəbər indi gəlib çatıb Arif Hacılının qurultayına və neçə illərdir ki, ona gözətçilik edən qoca bir kişini oradan uzaqlaşdırıb. Baxın, nə deyir binəva müsavatçı Zahir Beydulla. Onun sözlərinə görə, 2011-ci ildən etibarən Müsavat partiyasının qərargahında gözətçi işləyib: "İlk vaxtlar ayda 230 manat maaş alırdım. Lakin bir müddətdən sonra mənə dedilər ki, maddi imkan zəifdir. Ona görə maaşımı 150 manata qədər endirdilər. Mən də buna razılaşdım. Hətta maaşımı bəzən kəsirdilər. Narazılıq etmirdim. Lakin son vaxtlar açarı mənim əlimdən aldılar və qərargaha başqa komendant təyin etdilər. Yanvar ayından indiyə qədər olan maaşımı da vermirlər. Gülağa Aslanlıya müraciət etdim. O isə deyir ki, sən müqavilə əsasında deyil, ictimai əsaslarla işləmisən. Məni Müsavat Partiyasında hər kəs tanıyır və hamının işinə yarımışam. Üç-dörd gün bundan əvvəl isə işdən çıxarıldım. Mən bununla bağlı partiyanın rəhbərliyinə ərizə ilə müraciət etmişəm və bunların hamısını orada göstərmişəm. Mən qurultayda Qubad İbadoğluna səs vermişəm. Amma indi Arif bəyin də başqanlığını qəbul edirəm. İşləyək də, nə olar? Bunlar da Qubad bəyin tərəfdarı olduğuma görə məni oradan uzaqlaşdırdılar. Yanvar ayından bəri qalan maaşımı, yəni 2800 manat verməlidirlər. Mənim pulumu vermirlər, ancaq yeni gələn komendant vaxtlı-vaxtında maaşını alır".
Bizcə artıq şərhə də ehtiyac qalmır. Fakt göz qarşısındadır. Arif Hacılı bu gün gözətçini onu dəstəkləmədiyinə görə pulunu mənimsəyir, özünü isə işdən qovursa, sabah partiyanın qərargahını təmizləyən xadimə - Fatma nənəni də oradan uzaqlaşdıracaq. Yəqin Fatma nənə də Tural Abbaslını dəstəkləyibmiş, ona görə. Üstəlik maaşını verməyib, salacaq ixtisara. Daha nə deyəsən belə başqana..?