Əbülfəz Elçibəydən sonra AXCP rəsmi olaraq növbəti dəfə parçalandı. Əslində, AXCP-nin zaman-zaman parçalanaraq bir neçə partiyaya bölünməsi artıq ənənə şəkli alıb desək, yanılmarıq. Hələ Əbülfəz Elçibəyin sağlıq dönəmində buna start vermiş hazırkı qeyri-legitim sədr Əli Kərimli cəbhə adını işğal etmək üçün daha hansı oyunlardan çıxmadı? Cəbhə daxilində "Yurd" adlı təşkilat yaradaraq, oradan Əbülfəz Elçibəyə qarşı müxtəlif hücumların hazırlanması, öz liderinə qarşı qəzetlərdə söyüş kampaniyasına start verməsi, "kim məndən deyilsə, düşmənimdir" prinsipini yürütməsi və nəticədə Əbülfəz Elçibəyə yönəlmiş sui-qəsd planı! Məhz bütün bunlardan sonra AXCP-ni işğal edən Əli Kərimli rahatlandı. Artıq Elçibəy yox idi və təşkilatın bütün rıçaqları onun əlinə keçmişdi. Əslində, bu, bir tarixdir və bu tarixi unutmamışıq. Onu da unutmamışıq ki, sonradan Əli Kərimlinin demokratiya pərdəsi altında avtoritar idarəçilik metodu, ona dəstək verməyən cəbhəçilərin başı üzərində Domokl qılıncı kimi asılması, bu da nəticə vermədisə, qarşı tərəfi təhqir atəşinə tutması AXCP-nin parçalanma prosesinə təkan verdi. Əli Kərimlidən narazı qalanların canlarını onun əlindən qurtarıb KXCP-yə, BAXCP-yə, BQP-yə, MDP-yə, DİP-ə, "Aydınlar"a və s. partiyalara parçalanması da əlbəttə ki, qeyd edilən olaylarla birbaşa əlaqəlidir! Biz hələ Əli Kərimlidən canını qurtarıb heç bir partiyaya qoşulmayan, heç bir siyasi təşkilat yaratmayanları demirik...
Beləliklə, müxtəlif hissələrə və adlara parçalanan AXCP-nin növbəti və bəlkə də daha köklü rəsmi parçalanması ötən həftə baş tutdu. Əli Kərimlinin riyakar, çirkin, əcaib siyasətindən başını götürüb qaçanlardan biri də onun sədr müavini Razi Nurullayevin olduğunu hər birimiz bilirik və Razi Nurullayev heç də partiyadan uzaqlaşarkən partiya yaradacağını deməmişdi. Uzağı bir hərəkat yaradaraq, ölkədəki ictimai-siyasi proseslərdən kənarda qalmamağı üçün fəaliyyətə başlamışdı. Ancaq Əli Kərimli və onun söyüş qrupu bu məsələdə də Razi Nurullayevi boş buraxmadılar. Bu səbəbdən, sabiq sədr müavini elə bir addıma getdi və elə bir iddia ilə çıxış etdi ki, məsələ tamamilə başqa məcraya doğru yönəldi. Bəlli oldu ki, Razi Nurullayev heç də digər adlı müxalifət partiyası deyil, məhz AXCP adlı təşkilat yaradaraq, sədrlik postunda oturmağa iddialıdır. Yəqin ki, onun "Əli Kərimlini uzaqlaşdırıb, AXCP-nin möhürünü və ştampını onun əlində alacağam" ifadəsini çoxları unutmayıb. Bax, bu məsələ daha ötəki məsələlərdən bir balaca fərqli oldu. Fərqli oldu ona görə ki, Razi Nurullayev artıq bununla bağlı Ədliyyə Nazirliyinə rəsmi müraciət edib və AXCP adına iddiasını ortaya qoyub. Yəni o, heç də abbreviaturasında "C" (Cəbhə) olan bənzər adlı partiya yaratmadı, AXCP-yə alternativ olduğunu da demədi, sadəcə, bəyan etdi ki, qurultay keçirib sədr olacaq və bunu da etdi.
Qurultay keçirdi, özü də həmin qurultayda Əli Kərimlinin murdar siyasətindən bezən 209 nəfər cəbhəçilə birgə! Beləliklə, Razi Nurullayev 165 səslə sədr seçildi və o, artıq AXCP sədri kimi (!-R.) bəyan etdi ki, Elçibəyin istədiyi AXCP məhz onlardır. Sitata nəzər salaq: "AXCP-ni zəbt edən, nəticəsiz siyasətə imza atan, Azərbaycan gənclərini həbsxanaya göndərən və bunun nəticəsində xalqı təqiblərə məruz qoyan Əli Kərimliyə deyirəm: əsl AXCP burdadır. Azərbaycana xidmətin bu andan etibarən istefa verməyin ola bilər. Qoy sənin yanındakılar da bizim yanımızda, Elçibəyin qurduğu partiyada yer alsınlar...".
Bax, beləcə AXCP rəsmən Əli Kərimlinin əlindən alındı və cəbhədə Əli Kərimli işğalına son qoyldu...
RÖVŞƏN