AŞPA Azərbaycandakı seçkilərlə bağlı bəyanat verdi, seçkilərin azad, ədalətli, şəffaf keçirildiyi haqqında yekun rəyini açıqladı. Seçkilər necə keçirilmişdisə, qiymət də elə oldu. Yəni parlament seçkiləri AŞPA tərəfindən obyektiv qiymətini aldı. Elə dünyanın dörd bir yanından gələn müşahidəçilər də, işçi qrupları da Azərbaycandakı seçkilər haqqında öz müsbət rəylərini verdilər. Hətta dünyada ən demokratik seçki sisteminə malik olan Belçika ilə Azərbaycan müqayisə olundu. Bu, böyük nailiyyətdir!
Seçki günü və onun ertəsi günü axşama qədər "Hilton" otelində xarici müşahidəçilərin seçkilərlə bağlı açıqladıqları hesabatların şahidi olduq. Bütün media mənsubları orda idi: televiziyalarından tutmuş ən reytinqli saytlara, qəzetlərə, hətta gün ərzində üç dəfə oxunan sayt rəhbərlərinə qədər hamı orada idi. Gözümüzə "Azadlığ"ın müxbirçələri dəymirdi, ya da oteldə hansısa sütunun arxasında üzlərini gizlədirlərmiş. Bütün işçi qruplar bəyanatlarını açıqladılar, növbə AŞPA-ya çatdı. Həmişə AŞPA-nı ən obyektiv qurum kimi təqdim edən "Azadlıq" görəsən bu dəfə harada idi? Həmişə təriflənən AŞPA, bu dəfə müxaliflər tərəfindən nə üçün tənqid olundu? Səbəbi bəllidir. Çünki AŞPA bu dəfə düzünü dedi. Fərq ondadır.
Amma radikalların missiyası bununla bitə bilməzdi. Xarici müşahidəçilərə yaxınlaşıb onlardan "söz almağa" çalışan, müşahidəçilərin dedikləri fikirləri təhrif eləyib tirajlamaq istəyənlərin də şahidi olduq. Məsələn, Joye Baka adlı xarici müşahidəçinin qılığına girib seçkilərin şəffaf keçirilmədiyi haqqında bir cümlə də olsun fikir almaq istədilər. Alınmadı. Foyedə J.Baka onlara "siz hansı məqsədlə bizə yaxınlaşırsınız, axı bizim işçi qrupunun rəhbəri seçkiyə qiymət verdi" deməsindən sonra aydın oldu ki, Əli Kərimli "jurnalist" adı altında otelə onlarla provokator göndərib. Dünən "Azadlıq"da oxuyuram ki, AŞPA müşahidə missiyasının üzvü Michael McNamara (İrlandiya Parlamenti) seçkilərin guya şəffaf keçməməsindən danışıb. Bu adamların işi-gücü narazı müşahidəçi tapmaqdı. Onu da tapa bilmirdilər, indi seçki bitib, müşahidəçilərin hamısı öz vətənlərinə gediblər. Əl-ayağa düşüb onlardan facebookla açıqlama alırlar. Lap tutaq ki, irlandiyalı parlamentari narazıdır, nə olsun? Hamı razı olsa, heç dadı-duzu olmaz axı? Hətta ağ rəngə də qara deyən o qədər bambılı tapılır ki!
Hər şeydən əlləri üzülüb, havalar da mülayim keçir və qərara alıblar ki, bu dəfə birləşərək mitinq keçirsinlər. Ay millət, "gözünüz aydın", Müsavatın 150 nəfərlik son mitinqindən sonra Əli Kərimlinin onlara yazığı gəlib və danışıqlar aparırlar ki, birgə mitinq icad eləsinlər. 25 oktyabr mitinqində çoxunun nəzərindən qaçan bir məsələ mənim nəzərimdən qaçmadı. Hər mitinqdən sonra həm rəsmi dövlər qurumu, həm də partiyanın özü mitinqdə iştirak edənlərin sayilə bağlı açıqlama verirdi. Bu dəfə Müsavatdan səs çıxmadı. Onları qınamıram, bu boyda həyasızlıq etmək elə də asan deyil. Əgər desəydilər ki, minlərlə adam iştirak edib, o zaman növbəti dəfə "Məhsul"un həndəvərindəki binalardan onların başına xiyar atardılar. Axı hər kəs hər şeyin şahididir. Budəfəki mitinqləri seçkilərə həsr olunacaq. Bu dəfə lap bərkdən qışqıracaqlar. AXCP-də bir o qədər adam çıxartsın. Deyək ki, ikisi birlikdə 300 nəfər. Bəs sonra?