Gözlənildiyi kimi, seçkilər yüksək səviyyədə keçirildi. Bunu Avropa Parlamenti, AŞPA, MDB Müşahidə Şurası və s. kimi nüfuzlu beynəlxalq təşkilatların seçki missiyalarının seçkilərin obyektiv keçirilməsilə bağlı yaydıqları rəsmi bəyanatlar da təsdiq edir. Ümumiyyətlə, seçkilərin keçirildiyi şərait, nəticələrin obyektivliyi hər bir ölkədə demokratiyanın hansı səviyyədə inkişaf etdiyini göstərən mühüm faktorlardandır. Bununla da, əslində gənc, müstəqil və öz sözünü deyən dövlət olmaqla yanaşı, Azərbaycan dünyaya ən müasir standartlara cavab verən seçki nümunəsi göstərmiş oldu və təbii ki, baş tutan növbəti seçki isə ölkəmizin demokratik prinsiplərin, ənənələrin bərqərar olması yönündə böyük uğurlar əldə etdiyini bir daha təsdiqlədi. Beləliklə, Milli Məclisə keçirilən seçki şəffaflığı və rəqabətliliyilə beynəlxalq müşahidəçilərin diqqətini cəlb edib. Dünyanın bir çox nüfuzlu media orqanları da bunu təsdiq edir.
Əslində, seçkilərin ədalətli keçiriləcəyi qabaqcadan heç kimdə şübhə doğurmurdu. Çünki dövlət bütün namizədlərin seçkiqabağı kampaniyanı sərbəst və aktiv şəkildə həyata keçirməsi üçün hər bir şəraiti yaratmışdı. Xatırladaq ki, müxalifət partiyalarının da bu və ya digər şəkildə prosesdə iştirak etməsi, siyasi mövqeyindən asılı olmayaraq, bütün namizədlərə bərabər şəraitin yaradılması, eləcə də, hər bir namizədə demokratik tələblərə cavab verən təbliğat-təşviqat hüququnun verilməsi prosesin obyektiv keçirilməsi üçün lazım olan ilkin şəraiti yaratmışdı. Seçkiöncəsi mühiti müşahidə edən müxtəlif beynəlxalq təşkilatlar da yaradılmış şəraitdən razı qaldıqlarını dəfələrlə vurğuladılar.
Daha bir mühüm məqam isə Yeni Azərbaycan Partiyasının seçki kampaniyasını ictimai marağa səbəb ola biləcək tərzdə keçirməsi idi. Ancaq ortada daha bir amil kifayət qədər özünü göstərdi ki, YAP namizədlərindən fərqli olaraq, müxalifət namizədlərinin təbliğat kampaniyasında passivlik və yaradılan şəraitdən tam yararlanmama halları mövcud idi. Məsələn, hakim partiyanın namizədləri mediada geniş təbliğat işi aparsa da, müxalifət namizədləri bu istiqamətdə passivliyilə seçilirdi. Halbuki bütün namizədlərə bərabər şərait yaradılmışdı. Burada isə bir sual yaranır, axı müxalifətin özündə də media var və nəyə görə düşərgə mənsubları bundan yararlanmadılar? Yəqin ki, bunun da bir sıra səəbəbləri var və onlardan ən başlıcası, heç bir müxalifət mediasının digərinə güzəştə getməməsi olub. Düzdür, AXCP, Müsavat kimi partiyalar, ümumiyyətlə zəifliklərini öz addmlarilə təsdiq etdilər. Ancaq yerdə qalan müxalifət (burada ənənəvi və tez-tez siyasi baxışları dəyişən müxalifətdən söhbət gedir-R.) də heç nə əldə edə bilmədi. "Azadlıq-2015" seçki bloku, yaxud da "Ağ Blok" kimi azömürlü qurumlar indi növbəti ağır dövrlərini yaşamağa başlayıblar.
Lakin bütün bunlara baxmayaraq, Azərbaycan demokratik dövlətçilik yolunda inamla irəlilədiyini bir daha sübut edib və bu seçki ölkəmizdə demokratiyanın növbəti qələbəsi kimi dəyərləndirilməlidir. Çünki yekun sözü məhz xalq deyir. Biz bunun şahidi olduq.