Köşə

  • 2 630

Bakı doğru istiqamətdədir: Tehran “narahat” olmasın! KÖŞƏ YAZISI

image

Azərbaycanın 44 günlük müharibədən sonra işğaldan azad etdiyi sərhədlərində sürətli bərpa işlərini aparması, yeni hərbi hissələrini və sərhəd zastavalarını qurması, habelə sərhədlərini ən müasir standartlara malik olan hərbi-texniki avadanlıqlarla təchiz etməsi, möhkəmləndirməsi təəssüf ki, cənublu qonşumuzu heç bir səbəb olmadan narahat edir. Səbəb olmadan dedikdə isə, Azərbaycan öz ərazilərinin mühafizəsini gücləndirir və bu da əlbəttə ki, Bakının suveren, müstəqil qərar qəbul etmək gücündə, ixtiyarında olması ilə yanaşı, həm də birmənalı hüququdur!Halbuki, İranla sərhədlərimizin 30 ilə yaxın dövr ərzində nəzarətdən kənarda qalması həmin ərazilərin qanunsuz tranzitə çevrilməsinə münbit şərait yaratmışdı. O cümlədən, narkotik və s.qaçaqmalçılığın da çiçəklənməsi də, məhz bu dövrlərə aid edilə bilər. Onu da xatırlatsaq ki, İrandan işğal olunmuş ərazilərimizə kütləvi yük maşınları hərəkət edirdi və buna görə heç bir rüsum ödənilmirdi-onda həmin vaxtlarda nəyin-necə olduğunu təsəvvürə gətirmək belə insanı dəhşətə gətirir. Artıq heç nə əvvəlki kimi deyil və bundan sonra heç vaxt əvvəlki kimi olmayacaq da. Azərbaycan sərhədçisi sərhədlərimizi digər sərhəd məntəqələrində olduğu kimi göz bəbəyi kimi qorumaqdadır!Bu arada, Tehran İrana tətbiq olunan beynəlxalq sanksiyaların qarşısını almaq üçün artıq çoxdandır ki, Ermənistandan öz məqsədləri üçün istifadə edir və bir sıra hallarda çoxsaylı qanunsuzluqlar da mövcuddur. Təkcə son vaxtlar Laçın dəhlizində baş verənlər və buna cavab olaraq Azərbaycanın Gorus-Qafaz yolu üzərində tətbiq etdiyi qayda-qanunlar da deyilənlərə sübutdur.Tehran onu da yaxşı xatırlayır ki, bir müddət əvvəl ölkəmizin Astara gömrük-keçid məntəqəsində Rusiya Federasiyasının hərbi sənaye şirkəti tərəfindən İran İslam Respublikasına “dəmir məmulatı” adı altında göndərilən polad məhsulu, əslində, raket istehsalında istifadə edilməkdədir və hərbi-strateji əhəmiyyət daşıyır.Necə deyərlər, belə olan halda Tehranın əsəb sarsıntıları keçirməsinə səbəblər var. Xüsusilə, Gorus-Qafan yolu üzərindəki Qubadlı sərhəd-keçid məntəqəsində azərbaycanlı sərhədçilərin həssaslıqlarını, diqqətlərini artırması, ayıq-sayıqlığı, eləcə də gömrük-rüsum qaydalarının tətbiqi İran tərəfini özlərinin də dedikləri kimi “narahat” edir.Misal üçün, İran sürücülərinin sözügedən yolda ilişib-qalmaları günlərində İran İslam Respublikasının Bakıdakı səfirliyində Tehranın Bakıda fəaliyyət göstərmiş keçmiş səfiri Mohsen Pak Ayinin məqaləsi çıxmışdı. Müəllif məqaləsində Azərbaycanla İran arasındakı ikitərəfli münasibətlərin parlaq nümunələrindən yazıb və sözün səl mənasında, araya gerçək məqsədlərini yerləşdirib.Məsələn: “Bəzi transregional oyunçular etnomərkəzçilərdirlər və onlara bağlı olan KİV-lər son həftələrdə iki ölkə arasındakı münasibətlərdə anlaşılmazlıq yaratmağa cəhd göstərirlər”, deyə sabiq səfir sözügedən yazısında qeyd edib.Lakin gəlin keçmiş səfirin digər yanaşmasına diqqət edək: o, bir tərəfdən “möhtəşəm ikitərəfli münasibətlərdən” və bu münasibətləri pozmaq istəyən hansısa “etnomərkəzçilərdən” və onlara bağlı olan “KİV”lərdən dəm vurarkən, başqa tərəfdən Qarabağda, yəni Laçın dəhlizindən qanunsuz keçən, hətta dövlət qeydiyyat nişanlarını Ermənistan nömrələrinə dəyişən (!!!) iritonnajlı yük avtomobillərinin olmadığını iddia edir (?!). Bu da azmış kimi, Azərbaycan KİV-lərini “yoxlanılmamış informasiyaları” yaymamağa çağırır (??!!)Maraqlıdır, burada hansı fakt, hansı informasiya yoxlanılmayıb? Eks-səfir İrandan qanunsuz yollarla Qarabağa göndərilən və üzərində “Stepanakert, Armenia” yazılan qaimələrimi, yüksək keyfiyyətlə yazılan videogörüntülərimi nəzərdə tutur?Və ya yaxşı olmazdımı ki, İranın Azərbaycandakı sabiq səfiri baş verənlərə görə tamamilə fərqli bir məqalə yazıb, təəssüf hissini bildirərdi, bununla da əsl diplomat olduğunu sübuta yetirərdi..?Belə olan yerdə hətta ən adi ekspertlərə də aydın olur ki, İran əslində beynəlxalq sanksiyalara uğradığı bir zamanda Azərbaycanla münasibətlərinə xələl vurmamalıdır, əks halda daha ağır iqtisadi seyt-notlara düşə bilər. Yəni bənzər oyunlar heç də Tehrana başucalığı gətirmir.Yeri gəlmişkən, ötənilki 44 günlük müharibə sübut etdi ki, Azərbaycan heç də hər hansı tərəflərin dişlərinə bata biləcək dövlət deyil və onu “yumşaq hədəf” kimi görmək sadəcə siyasi ağılsızlıqdır. Bu gün Tehran Azərbaycanla sərhədlərində hərbi təlimlər keçirə bilər və bu da onun öz daxili işidir, amma bu təlimlərini “əzələ nümayişi” və yaxud “diş qıcıtmaq” kimi göstərməyə cəhd edirsə, bu məsələdə də kökündən yanılır. Çünki Azərbaycan güclü olması ilə yanaşı, həm də tək deyil. Təkcə, son dövrlərdə keçirilən “Azərbaycan-Türkiyə”, eləcə də “Azərbaycan-Türkiyə-Pakistan” arasındakı sarsılmaz və qürurverici hərbi təlimlər özü-özlüyündə hər bir faktları yetərincə ortaya qoymaqdadır. Üstəlik, hərbi strateji müttəfiqləri ilə yanaşı, Azərbaycanın bəlkə də İranın xoşuna getməyən (bu da onun öz işidir) dövlətlərlə də mövcud olan dostluq, strateji əməkdaşlıq və hərbi partnyorluq münasibətlərini də buraya əlavə edərsək, demək ki, Bakı doğru istiqamətdədir və onun yolunu heç kim, heç vaxt, heç yerdə kəsə bilməz!

Rövşən

Digər xəbərlər