Köşə

  • 3 035

Əlvida, nöqtə!

image

Vaxtilə nöqtə bitmiş fikri ifadə edirdi. Lakin bu gün nöqtənin hüquqları pozulub, ona bitmiş fikri ifadə etməsi üçün əngəl yaradılıb. Belə qənaətə gəlmək olar ki, nöqtə də bəzi dəyərlər kimi dəbdən düşüb, öz yerində deyil, lazımsız yerlərdə hərdən görünən və tənhalaşan vergülün ardınca göndərilib. Qısası, nöqtəyə “əlvida”,- deyilib.

Bu gün cümlənin sonuna nöqtə qoymaq artıq bitmiş fikri deyil, bitmiş münasibətləri, eləcə də “ yazma” və yaxud “çox danışma” mənasını ifadə edir. Yazıq nöqtə üçün əngəl yaradanlar, ona funksiyasını həyata keçirməyə maneçilik törədənlər onu o qədər gözdən salıblar ki, nöqtə olub bir düşmən. Cümlənin sonuna nöqtə qoymaq bu gün sayğısızlıq, yazışmanı dayandırmaq, bitirmək anlamına gətirilib.

Bax, beləcə, yazıda hərfləri ixtisara salmaqla, durğu işarələrini lazımsız hesab etməklə zaman-zaman dilimizin qrammatik qanunlarına sitəm çəkirik. Təəssüf ki, bunun fərqində olanlar fərqində olmayanlardan o qədər azdır ki, artıq onların bu barədə üsyanını dinləyən də yoxdur. Lakin anlamaq o qədər də çətin deyil ki, dilin gözəlliyi onun qaydalarına əməl etməkdir. Və bu, hər kəsin borcudur.

Mirzə Fətəli Axundzadə 1875-ci il aprelin 21-də Həsənbəy Zərdabiyə göndərdiyi məktubda yazırdı: Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır. Orfoqrafiyaya gəlincə, sizin gələcəkdə təyin edəcəyiniz mühərrir mənim Azərbaycan dilində olan komediyalarımın orfoqrafiyasına riayət etməlidir.

Bəli, M.F.Axundzadə bu dəyərli fikirləri ilə mətbuatın dilimizin gözəlliyini, qrammatik qanunlarını qorumasını məsləhət görürdüsə, filologiya elmləri doktoru, professor Nəsir Əhmədli isə deyirdi ki, ixtisasından asılı olmayaraq hər bir ziyalı ana dilini mükəmməl bilməli, yeri gəldikcə onun təbliği ilə də məşğul olmalıdır.

Təəssüf ki, bu gün ən yüksək bal toplayaraq universitetlərdə təhsil alan gənclərin əksəriyyəti belə dilin qrammatik qanunlarına riayət edə bilmir. Sosial şəbəkələrdə yazışmalar isə qrammatik qanunları birdəfəlik baltalayıb, durğu işarələrini torpağa gömüb.

Kimsə inciyər deyə artıq cümlənin sonunda nöqtə təsadüf nəticəsində rast gəlmək olur. Bunu bilən bilir, bilməyən də bilsin ki, cümlənin sonuna nöqtə qoydunsa, bu, böyük sayğısızlıq kimi qarşılanır. Yəni ki, söhbəti kəs, ta bəsdir.

Maraqlıdır, deyilmi? Nöqtəyə, “əlvida” dedik. Bəs görəsən qarşıda bizi dilimizin qrammatikası ilə bağlı daha hansı yenilik gözləyir? Axı bu yeniliklər dilimizin qrammatikasını qram-qram zədələyir. Neçə ki, Həsən bəy Zərdabi deyirdi ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir... Deməli, bu qramlar bir də baxıb görəcəyik ki, dağ boyda olub və qrammatikanın da sinəsinə dağ çəkib.

Vaxt tapsaq, bəlkə Azərbaycan dilinin qrammatikasının günümüzdə nə vəziyyətdə olduğunu nəzərdən keçirək? Həm mətbuatda, həm sosial şəbəkələrdə...

Mətanət Məmmədova

Digər xəbərlər