Lalə Mehralı
Əksəriyyətin yoluxduğu, sağalmaz xəstəlikdir əslində bu – təqlid etmək. Əslində əzəldən bəri vardı, hıtta bu vəziyyəti ifadə edən atalar sözləri də var – qonşu qonşuya baxar, canını oda yaxar. Amma sosial şəbəkələrin həyatımıza pərçimlənməsindən sonra bu vəziyyət daha da yayıldı. İndi hamı bir-birinin etdiyini təkrarlayır, hamı başqasının etdiyini etməyə çalışır.
İnsanlar bu təqlid prosesində, bu oxşama yarışında bir şeyi unudurlar – özlərini. Bizim hər birimiz özəlik, xüsusiyik, məxsusiyik. Hər birimizin özümüzə məxsus enerjimiz, auramız var. Hər gördüyümüzü təqlid edərək, başqalarının həyatını yaşamağa çalışaraq o enerjini pozuruq, auramızı zəhərləyirik, fərqində deyilik. İnsanlar olmadığı kimi görünməyə çalışır, bunun fonunda da öz orijinallığını pozur.
Psixologiya elmi daima başqasını təqlid edən insanlara “ağır şəxsiyyət pozuqluğu” diaqnozunu qoyur. Təxminən 50 ildir elmə məlum olan bu diaqnoz el dilində “başqasıymış kimi yaşamaq”, “özünü olmadığın biri kimi göstərmək” olaraq ifadə edilir. Bu cür insanlar elə yaşayırlar ki, həyatları “sanki”, “guya”, “...mış” effekti verir. Virtual məkanda elə davranır ki, sanki real həyatda da belədir, sosial platformalardakı həyatını elə yaşayır ki, guya elə əvvəldən belə olub, xoşbəxtmiş kimi görünür, əzəldən elə bu cürmüş kimi tanıdır özünü. Bir sözlə, bütün fəaliyyətini, bütün həyatını olmadığı biri kimi olmaq üstündə qurur, başqalarını təqlid edir, bənzəməyə çalışır, bəzən də özünə rol yazır, rol oynayır.
Düşünün, real həyatda tanıdığınız insanların virtual platformalardakı vəziyyətini. İkisi də eynidirmi? Yaxud da, sosial şəbəkələrdən tanıdığınız insanları real həyatda, ən təbii halında görəndə heç təəccübləndiyiniz olubmu? Ehtimal ki, olub. İnsanlar göründüyü kimi deyillər, əksəriyyət bənzəmək istədiyi, arzusunda olmaq istədiyi birini təqlid edir, olmadığı biri kimi görünməyə çalışır. Kameranın işıqları yananda maskalarını taxırlar, sönəndə maskaları da düşür. İnternet fenomenlərinin diqtə etdiyi həyatı yaşayan, xoşbəxt kimi görünən, amma maskasının altından bədbəxtlik süzülən minlərlə insan var virtual platformalarda.
Özünü danan, əslini danan adamların sayı artır. Şəxsiyyətini dəyişməyə, bu dəyişikliyin fonunda ikili həyat yaşamağa marağı artan insanlar çoxalır. Hər şeyini publik edən, publikaya oynayan adamlardan ibarət cəmiyyət yaranıb. İnsanlar sosial şəbəkədə gördüyü hər hərəkəti, hər trendi təqlid edirlər, nə ehtiva etdiyini düşünmədən, nələrə yol açacağını hesaba qatmadan. Həyatına həsəd aparılan fenomenlərin, geyindiklərinə qibtə edilən influnserlərin, gəzdiyi yerlərə heyrətlə baxılan məşhurların həyatını yaşamaq üçün istənilən şeyə hazır kütlə yetişib.
Təhlükəli burasıdır ki, uşaqlar bu təqlidetmə yarışında çox aktivdirlər. Bütün trendləri əzbər bilirlər, yamsılamaq təbiətlərində olduğu üçün bu onları cəlb edir. Gördüklərini etməyə həvəslidirlər, baxdıqları zərərli olarsa (əksər hallarda elə belə də olur) nələrə yol açacağını təxmin etmək o qədər də çətin deyil. Təhlükəli davranışları özündə ehtiva edən kontentlərə baxa bilirlər, markaların, brendlərin tələsinə düşə bilirlər, özlərini olmadıqları kimi tanıda bilirlər.
Bütün “sanki”lərdən, “guya”lardan, “mış”lardan ayrı həyat qurmaq lazımdır, özümüzə məxsus, orijinal, xüsusi. Bizi biz olmaqdan uzaqlaşdırmayan, şəxsiyyətimizi dəyişməyən, ikili yaşam diqtə etməyən həyat. İnsanın daxili nədirsə, xarici də odur. Olmadığı birinə çevrilmək həvəsi şəxsiyyət haçalanmasıdır, yolayrıcıdır. Əsas olan insanların səni necə gördüyü deyil, özünü necə gördüyündür. Publikaya hesablanmış həyat tərzi saxtakarlıqdan başqa bir şey deyil.