Köşə

  • 3 100

“Sosial media” ilə peşəkar media arasında müharibə - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

İnformasiya texnologiyalarının inkişafı və bu sahədə heç bir nəzarətin olmaması çox ciddi problemlər yaradıb. Getdikcə informasiya məkanında dezinformasiyalar, qərəzli, təxribat xarakterli materiallar çoxalır. Bəziləri bu şəraitdən yararlanıb, hətta biznes qururlar. Artıq internet məkanda minlərlə sayt, sosial şəbəkə kanalları açılıb və bunun adı media qoyulub. Oxucular, tamaşaçılar da bunları media hesab edirlər. Bəzən hətta onları “sosial media” adlandırırlar. Halbuki, media tamamilə başqa şeydir- bu peşəkar və məsuliyyətli bir kütləvi informasiya resurslarıdır. Bu səbəbdən, internetdəki hər saytı və ya sosial şəbəkə səhifəsini media adlandırmaq olmaz. Bunlar, sadəcə, internet saytları və ya səhifələridir. Bu məsələnin birinci tərəfidir.

Məsələnin 2-ci tərəfi həqiqi medianın informasiya məkanında üstünlüyünün itirilməməsidir. Burada əsas problem ciddi medianın idarə edilməsi, yəni menecment məsələsidir. İlk növbədə obyektivlik, maliyyə müstəqilliyi və peşəkarlıq əsas götürülməlidir. Təəssüf ki, bizdə belə media resursları çox azdır. Əksər media subyektləri asılı və tərəflidir- ya hansısa bir qüvvənin tərəfində və ya bir şəxsin tərəfində olur. Bu cür idarəetmə ilə informasiya bazarına, geniş auditoriyaya nüfuz etmək mümkün deyil. Çünki oxucu, tamaşaçı kütləsi bunu hiss edir və belə resurslara etibar göstərmir. Ona görə də, həm tərəfsiz və obyektiv materiallar paylaşılmalıdır, həm də auditoriyanın gözlədiyi məlumatlar çatdırılmalıdır.

Təəssüf ki, son dövrlərdə oxucu, tamaşaçı auditoriyası peşəkar mediadan istədiyini ala bilmir. Məsələn, mediada sosial problemlərə çox az toxunulur, onun əvəzinə şou xarakterli materiallar işlənilir.

Güclü və nüfuzlu media yaratmaq üçün böyük imkanlar və obyektiv, peşəkar fəaliyyət tələb olunur. Bütün hadisələri və prosesləri yerindən kütləyə çatdırmaq yalnız böyük media holdinqlərinin gücü daxilindədir, yalnız onların bunun üçün yetərli kadr heyəti, texniki bazası və digər imkanları var. Bu halda artıq çatdırılan məlumatı məhdud sayda oxucu kütləsi deyil, daha geniş kütlə oxuyur.

1-2 nəfərdən ibarət kiçik saytlardan belə səviyyədə informasiyalar gözləmək ədalətli olmazdı. Kiçik saytların işçi qüvvəsi saxlaya bilməməsi və ya 1-2 nəfərlə ortaya ciddi media qoyması mümkün deyil. Onun xaricdə və ölkənin regionlarında müxbir postları yoxdur. Peşəkar işləmək üçün çoxsaylı peşəkar kadrlar, güclü madi-texniki baza olmalıdır. Bu kimi çatışmazlıqlarla bu media resursları dünya informasiya məkanına çıxa bilməz. Dünyaya çıxmaq üçün çoxsaylı işçi qüvvəsi olan– peşəkar sayt, qəzet, informasiya agentliyi, radio və televiziyanın birləşdiyi media qruplar olmalıdır ki, dünyanın hər yerindən xəbər versin, maraqlı təhlillər, araşdırmalar ortaya qoysun və nüfuz qazana bilsin. Ona görə də, xırda, zəif və çoxsaylı media orqanlarında təmərküzləşmə prosesi getməlidir. Bu təmərküzləşmə prosesinə, əsasən, bir neçə media orqanı birləşərək, böyük media holdinqləri formalaşmalıdır.

Azad reklam bazarı da vacib şərtdir. Özünü maliyyələşdirə bilməyən media heç vaxt peşəkar, tərəfsiz ola bilməz. Dünyada, ölkədə ictimaiyyət arasında nüfuz qazana bilməz.

Media kütlələrə psixoloji təsir silahıdır. Bu silah bizim əlimizdə deyil. Çünki insanlar media orqanlarında dolğun, ciddi, tərəfsiz məlumat ala bilməyəndə artıq sosial şəbəkələrə üz tuturlar. Hadisənin əslini, reallığı sosial şəbəkələrdə axtarırlar. Nəticədə ölkə mediası ictimaiyyətə təsir funksiyasını itirir, informasiya məkanına “sosial media” adlandırılan məsuliyyətsiz qüvvələr nəzarət edir.

Bütün bu məsələlər kompleks şəklində həll edilməlidir. Məsələnin bir tərəfini həll edib, digər tərəfini boş buraxdıqda bu boşluqlar ortadan qalxmayacaq. Elə bir şərait yaradılmalıdır ki, həm dövlətin əhaliyə çatdırmaq istədiyi məlumatlar, həm də əhalinin dövlətə çatdırmaq istədiyi məlumatlar mediada yer alsın. Əhalinin böyük hissəsi həqiqi media orqanlarına inansın, onu dinləsin, oxusun, izləsin. Peşəkar medianın başqa çıxış yolu yoxdur.

Digər xəbərlər