Ekoloji tarazlığın pozulması barədə son illər olduqca çox müzakirələr aparılır. Bildiyimiz kimi, ekologiya ekosistemləri öyrənən elmdir, “ekoloji tarazlıq” terminini isə ekosistemdə ayrı-ayrılıqda bütün canlıların sayında sabit tarazlıq kimi izah etmək olar. Qısacası, “ekoloji tarazlıq” dayanıqlı mühit yaratmaq üçün canlıların digər növdən olan canlılarla birgə mövcud olduğu ekosistem deməkdir.
Ekoloji tarazlığın pozulmaması üçün planetdəki hər bir canlı növünün mövcudluğu vacibdir və onların vəhdəti ekosistemi tarazlıqda saxlamağa kömək edir. Çnüki hər bir canlı ekosistemin düzgün işləməsinin təmin edilməsində mühüm rol oynayır. Məsələn, yırtıcılar siçan populyasiyasını nəzarət altında saxlamağa, həşəratlar bitkilərin çoxalmasına, qurdlar isə yarpaq qalıqlarının torpaqda parçalanmasına kömək edir.
1920-ci illərdə ABŞ hökuməti Yellowstone Milli Parkında boz canavarın məhv edilməsinə icazə verdi. Boz canavarların azalması maral populyasiyalarının sürətlə artmasına səbəb oldu. İlkin yırtıcılar olmadan marallar digər heyvanların inkişafı üçün lazım olan qovaq və söyüd ağaclarını həddən artıq otlayırdılar. Müxtəlif növ canlılar maralların həddindən artıq çoxalmasından əziyyət çəkdiyi üçün bu vəziyyət bütün heyvanlarda zəncirvari pozulmaya səbəb oldu. Boz canavar populyasiyası azaldıqda, yerli ekosistem dağıldı və qeyri-sabit oldu. 1995-ci ildə ekoloqlar boz canavarın ekosistemdən çıxarılmasının zərərli təsirlərini anladılar və bu canlıların reintroduksiyasına başladılar.
Deməli, hər hansı bir canlı növünün yox olması bütün ekosistemdə hiss olunan zəncirvari reaksiyaya səbəb ola bilər. Ekosistem balanslaşdırılmış olsa belə, sistem xarici amillərə görə tarazlığını itirə bilər. Qasırğa meşəni məhv edə bilər, yırtıcı canlılar həddindən artıq ovlana bilər və ya quraqlıq qida mənbələrini azalda bilər. Bu ekoloji dəyişikliklərə “ekoloji deqradasiya” deyilir.
Ekosistemdə təbii tarazlığın qorunması həyati əhəmiyyət kəsb edir, lakin bu tarazlıq yeni canlı növlərinin meydana çıxması, bəzi növ canlıların kütləvi və gözlənilməz ölümü, təbii fəlakətlər səbəbi ilə pozula bilər. Məsələn, Vyetnam müharibəsi zamanı meşələrin bombalanması bir çox canlının yaşayış yerlərinin itirməsinə və o canlıların kökünün kəsilməsinə səbəb oldu. Eləcə də son illərdə dünyada baş verən yanğınlar meşə sahələrinin azalmasına və o meşələrdə yaşayan canlıların məhv olmasına gətirib çıxardı.
Bu gün sənayenin inkişafı adı ilə ağacların və bitki örtüyünün məhv edilməsi, şəhərləşmənin artması, torpaqlardan istifadə üsulumuzun dəyişdirilməsi və asfaltlanmış ərazilərin genişləndirilməsi ekosistemə böyük ziyan vurur. Bütün bunlar təkcə torpağın ekologiyasına deyil, həm də su balansına təsir göstərir. Artan urbanizasiya ilə əlaqədar olaraq, şəhərin əhalisini və sənayesini qidalandırmaq üçün daha çox suya ehtiyac duyulur, bu da daha dərin quyuların qazılmasına və ya suyun daha uzaq yerlərdən daşınmasına səbəb olur.
Şəhər əhalisinin əhatə dairəsinin artırılması, daş-beton ərazinin genişləndirilmısi bitki örtüyünün azalmasına səbəb olur, beləliklə, bitkilərdən ekologiyaya qayıdan su buxarının miqdarı azalır. Bundan əlavə, yeraltı suların çirklənməsi şəhər yollarında buzları əritmək üçün istifadə edilən duzun, məişətdə istifadə edilən kimyəvi məhsulların drenaj sisteminə axması ilə baş verir.
Bir sözlə, insan faktorunun ekosistemə necə təsir etdiyini anlamaq üçün dünyanın istənilən nöqtəsinə baxmaq kifayətdir. Son 1000 ildə insanların torpağa, suya və havaya mənfi təsiri meşələrin qırılması, su hövzələrinin çirkləndirilməsi, təbiətə atılan tullantıların artması sürətlə artır. Bu cür problemlər 1920-ci ildən bəri misli görünməmiş əhali artımı və urbanizasiya ilə kulminasiya nöqtəsinə çatdı, insanlar bütün ekosistemlərə ziyan vurdu. İnsan cəmiyyətinin urbanizasiya tempi arzuolunmaz nəticələrə gətirib çıxarır. Kəndlər boşalır,şəhərlər normasından artıq yüklənir.
Təbiətin mükəmməl tarazlığına kifayət qədər diqqətlə baxsaq, onun ən qeyri-mümkün yerlərdə mövcud olduğunu görərik. Bir kəpənəyin mövcudluğu belə ekosistem üçün vacibdir. Mükəmməl bir sistemlə fəaliyyət göstərən təbiəti və ekosistemi pozmamaq üçün müxtəlifliyə ehtiyacımız var.
İqlim dəyişikliyi də ekoloji tarazlığın saxlanmasına və sabitliyinə zərərli təsir göstərir. Dünyada müxtəlif ekosistemlərin sabitliyinin pozulması səbəbindən təkcə mövcud ekosistemlərin sağlamlığı deyil, həm də müxtəliflik zərər çəkir. Acınacaqlı vəziyyətdir ki, insanlar ekoloji tarazlığın həyatımızdakı əhəmiyyətini bilmir. Biz tamamilə təbii sərvətlərdən asılı olan bir cəmiyyətdə yaşayırıq, var olmaq üçün torpağa, suya, meşələrə, çaylara, dağlara borcluyuq, lakin onları qoruya bilmirik. Dünyanı ekoloji cəhətdən daha balanslı bir yerə çevirməyə çalışmaq hamımızın borcudur. Bunun üçün əməl etməli olduğumuz qaydalar, diqqət etməli olduğumuz amillər var.
Məsələn, kanalizasiya suları və kənd təsərrüfatı suları göllərdə və çaylarda yosunların çiçəklənməsinə və lazım olduğundan artıq böyüməsinə səbəb olur. Yosunların böyüməsi günəş işığının qarşısını alır, suda oksigeni tükəndirir və su canlılarını öldürür. Həddindən artıq balıq ovu, balıqların kürü tökdüyü aylarda ov etmək də biomüxtəlifliyin itməsinə səbəb olur.
1927-1987-ci illər arasında Yer kürəsinin əhalisi 5 milyarda qədər artdı. 1999-cu ildə ümumi əhalinin sayı 6 milyarda çatdı, 2024-cü ilin məlumatına görə Yer kürəsində 8,2 milyard insan yaşayır və 2050-ci ildə Yer kürəsində təxminən 9 milyard insanın yaşayacağı təxmin edilir. Ailənin planlaşdırılması yolu ilə doğum nisbətinə nəzarət insanların qida və su kimi təbii ehtiyatlardan istifadə sürətini azaltmaqla ekosistemin yükünü azaldacaq.
Unutmayın, Yerin ekosistemləri kövrəkdir. Ekoloji tarazlığı qorumaqla o kövrəkliyi nizamda saxlamaq, nəsli kəsilməkdə olan canlıları mühavizə etmək şərtdir. Təkrar emal prosesini inkişaf etdirməklə, daha az su və elektrik enerjisindən istifadə etməklə, vəhşi təbiəti qorumaqla daha uzunömürlü bir planetimiz ola bilər. Ekoloji tarazlıq planetə heç bir müdaxilə olmayanda, ona zərər verməyəndə yaranır. Bu o deməkdir ki, hər bir orqanizm yaşamaq və çoxalmaq üçün kifayət qədər resurslara malik olmalıdır. İnsan bu resursları onların əlindən aldıqda özü oturduğu budağı kəsmiş olur. Ekosistemdə var olan canlı növlərindən birinin nəslinin kəsilməsi dolayısı ilə insanlara təsir göstərir.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb