PDF Oxu

Mədəniyyət

  • 8 669

“Tanrıdan küsür, qorxur, bəzən də ondan qaçıram” – Gənc şairlə SÖHBƏT

image

“Ədəbi adam” layihəsində oxucular gənc yazıçıların, şairlərin yaradıcılıq, ədəbiyyat, poeziya, sənət haqda düşüncələri ilə tanış olacaq. Layihənin bu dəfəki qonağı gənc yazar Səttar Temuçindir.

"Səs" qəzeti yazar Səttar Temuçinlə müsahibəni təqdim edir:

- Ədəbiyyata marağından başlayaq. Uşaqlıq yoxsa tale səni ədəbiyyatın ərazisinə gətirdi?
- Tale sözünü mən ətalət kimi başa düşürəm. Tale sənə dayanmağı və onun istəyinə uyğun yırğalanmağı əmr edir. Uşaqlıq isə yaşamaqdır, əsl yaşamaq. Orada insanın yaratmaq və yaşatmaq kimi anlayışları olmur. Həmin anlarda yalnız yaradılanlarla qurdalanır və nəsə tapmağa çalışırsan. O zaman tapdıqlarından faydalanaraq, bəzən kopyalayaraq böyümək arzunu ifadə edirsən. Mən uşaqlıqda özümü sözlə ailəmə, babama, nənəmə sübut etmək istəyirdim. Babam şairdir, həm də adımız da eynidir. Görünür babam kimi olmaq istəyirdim. Zaman keçdikcə əyləndiyim, sevindiyim ədəbiyyatda kədərlənməyi də öyrəndim. Novruz bayramı şeirlərindən uzaqlaşaraq daha dərinlərə enməyə başladım. Burnumun ucunda bir göynəlti hiss etdikdə anladım ki, artıq əylənmək üçün başladığım bu yolda dayanmaq və geri qayıtmaq şansım yoxdur. Ədəbiyyat qəddardır, amma ədalətlidir. Ədəbiyyat dostdur, amma o sənin qayğına qalmır, o sənə həqiqəti deyir. Hər bir halda yazmaq gözəldir və yaxşı dostdur.

- Niyə Temuçin təxəllüsü? Çingizxanla bağlıdır?
- Təxəllüsümlə bağlı sirri yalnız bir-iki dostum bilir. Bu mənim həyatımda çox ciddi bir məsələdir. Bununla bağlı sirrimi uzun-uzun yazıb basdırmışam. Bəlkə nə vaxtsa üzə çıxar, bəlkə də çıxmaz. Çingizxan mənim sevdiyim şəxsdir, amma təxəllüsüm onunla bağlı deyil. Temuçinin Çingizxanla bağlılığı yalnız qeyri-müəyyənliyidir.

- Ümumiyyətlə, necə düşünürsən, şeir yazmağın zamanı keçməyib?
- Tarixin müxtəlif dönəmlərində məhz bu və bu kimi fikirlər ədəbiyyat, poeziya haqqında bildirilib. Hər yeni kəşf, hər yeni texnologiyanın ədəbiyyatı sıradan çıxaracağı düşünülüb. Buna baxmayaraq həmin bu kəşflər unuduldu, bəziləri dəyişdi, bəziləri zəiflədi, amma ədəbiyyat hələ də möhkəm dayandı. Düşünürəm ki, yəqin fotoaparat kəşf olunanda düşünülüb ki, daha nəyə lazımdır şairin təsviri, artıq gördüyünü əbədiləşdirə bilirsən. Bunu teatra, filmə, indiki dövrümüzdə isə süni intellektə aid etmək olar. Bu sınaqlar onu göstərir ki, ədəbiyyat hər dövr üçün güclüdür. Şeir yazmağın vaxtı keçməyib, ancaq şeirdə mövzu dəyişikliyinin və ya mövzunun fərqli yanaşmalarla təqdim edilməsinin vacibliyini hiss edirəm. Bu daha çox məhz Azərbaycan poeziyasında belədir. Bizdə hələ də "şeir sözləri" düşüncəsi şeirdə təsvir, vəsf yanaşmasını saxlayır. Şairin və oxucunun daha dərinə enməsinə ehtiyac hissini oyatmır. Müasir poeziya isə modern dünya ilə ayaqlaşan və özündə daha dərin fəlsəfi, mifik yanaşma tələb edir. Klassik dövrdə də bu belə idi, lakin orada realizm yox dərəcəsində idi. İndiki oxucu isə realizm ilə fəlsəfi, mifik mövzuların axtarışındadı. Fəlsəfədə isə mütləq həqiqətin olmaması realizm ilə bağlantıda çətinlik yaradır. Bu çox həssas və çətin məqamdır, amma ədəbiyyat yenə qalib gələcək. Mahnı sözlərinin müəllifi olaraq demək istəyirəm ki, bu elə musiqi sahəsində də belədir. Görünür hamı fərqli nəsə axtarır.

- Hansı mahnıların müəllifi olmusan?
- Tofiq Hacıyevlə "Qara adam" adlı mahnının müəllifiyəm. Bundan əlavə hələ yayımlanmayan bir neçə mahnı, digər müğənnilərlə də bir neçə proyektlər var. Ən tezliklə yayımlanacaq olan proyekt isə Tofiq Hacıyev və əməkdar artist, kamança ifaçısı Toğrul Əsədullayevin dueti olan, sözləri mənə aid olan "Oyan" adlı proyektdir.

- Jurnalist kimi çalışırsan. Həyatında olan hadisələrə, insanlara poeziya çərçivəsində baxa bilirsən?
- Mən saytda sonra isə Xəzər TV-də bir müddət çalışmışam. O dönəmlərdə də, elə indi də əsasən Kulis.az saytında yazılarım dərc olunur. Mətbuatdan ayrıla bilmirəm, amma mətbuat tərəfim də ədəbiyyata bağlıdır. İndi isə mətbuatda yalnız ara sıra yazılara çıxış edirəm. Hal-hazırda reklam agentliyində kreativ yazar olaraq fəaliyyətdəyəm. Əslində sahəmi dəyişsəm də verilən sual hər iki sahə üçün eyni dərəcədə aktualdır. Bəli, etiraf etməliyəm ki, həm jurnalistika, həm reklam sahəsi kommersiya xarakterlidir. Ədəbiyyat isə elə indiki dönəmə qədər digər sahələrə nisbətən güclü alınıb-satılan və kütləvi xarakter alan sahə deyil. Kommersiya məqsədli proseslər insanın nəyinki başqa insanlara münasibətində, elə özünə qarşı münasibətində də fərqli davranmağa məcbur edir. Bu isə normal prosesdir. Düşünmürəm ki, bu məsələ yaradıcı insan üçün problem olmalıdır. Jurnalistika da, reklam sahəsi də səndən yaradıcı, amma fərdi olmayan yanaşma tələb edir. Əslində ədəbiyyat da bəzən belədir. Mənim bəzi sevgi şeirlərim paylaşılanda oxucular tərəfindən sual verilir ki, kimə yazılıb? Çalışıram izah edim ki, şeir bəzən kiməsə yazılmır, şeir kimlər üçünsə yazılır. Mən təsirli ayrılıq şeiri yazmaq üçün tərk edilmək məcburiyyətində deyiləm, amma tərk edilən şəxslə empatiya qura bilmək bacarığına malik olmalıyam. Əslində şairlik budur, sənin olmayanı belə səninmiş kimi hiss edə bilmək.

- Şeirlərində daha çox, qırmızı xətt kimi Tanrı, tənhalıq anlayışları keçir. Tanrıya inanırsanmı? Niyə şeirlərində Tanrı ilə söhbət aparısan?
- Din, Tanrı, inanmaq, inanmamaq... Bunlar çox həssas və fərdi məsələlərdir. Mənim çox yaxşı ateist və dindar dostlarım var. Heç biri radikal deyil. Mən radikal olmağa qarşıyam, amma radikal olmağa qarşı özüm də radikal deyiləm. Yəni ümumiyyətlə, bu məsələlərdə çox sakit və uzaqdan baxmağın tərəfdarıyam. Həyatda bəlkə də ən mənasız hərəkət kiminsə düşüncələrinə, onun öz-özü ilə söhbətinə qarışmaqdır. Məncə, insan bu həyatı sorğulayaraq və heç bir zaman mütləq həqiqətə varmadan yaşayacaq. Hər bir düşüncəsində onun fərdi həqiqəti olacaq, amma bunun tam həqiqət olması bəlli olmayacaq. Labirintdir və bundan çıxış yoxdur. Tanrı mənim şeirlərimin ana xəttini təşkil edir. Mən bu xətdə bəzən ona sığınır, bəzən ondan küsür, bəzən ondan qorxur, bəzən onunla dost ədası ilə söhbət edirəm. Mən bununla bağlı hislərimə, onla mənim aramdakı söhbətlərə heç bir ad vermirəm. Nəyəsə ad veriləndə onun çərçivələri içində sonsuz çırpınmalı olursan. O isə mənim üçün bəzən var, bəzən yoxdur. Bəzən qucaqlayıram, bəzən ondan qaçıram. Məncə şairin mütləq həqiqəti olmur. Çünki şeir həqiqəti axtarmaqdır və oxucunu azdırmaqdır.

- Klassik şairlərimizə münasibətin necədir? Səncə, onların yaradıcılığını tənqid eləmək olar? - Məsələn, sən klassiklərdən kimi tənqid edərdin?
- Klassiklərlərə münasibətim çox normaldır. Mən düşünürəm ki, klassiklərin vacibliyi öyrədici olmalarıdır. Oxuduqca kimdən nəyi götürə biləcəyini bilirsən. Öz stilini formalaşdırırsan. Oxuduqca təkcə şeirin texnikasını yox, hansı mövzuların necə işlənməli olduğnu, hansı mövzuların artıq çox istifadə olunduğunu öyrənmək olur. Mən hər zaman İmadəddin Nəsimini özümə yaxın hiss etmişəm. Bu yaxınlıq şeirin ahəngindən, onun mövzusuna qədər ruhuma hopub. Buna baxmayaraq onun şeir formasından həmişə uzaq olmuşam. Məni şeirdə həmişə mövzu cəlb edib. Klassiklərin tənqidi məsələsinə gəldikdə isə tənqid hər dövr üçün inkişafyönümlü olmalıdır. Füzulidən sonrakılar Füzulini, Vaqifdən sonrakılar Vaqifi tənqid edib və bu belə-belə davam edəcək. Təndiq təkrarın qarşısını alan prosesdir. Tənqidi yazılarda insan öz fərdi düşüncələrini ictimai fiqur olaraq ifadə edir. Bu fikir mütləq həqiqət deyil. Və ən əsas məsələ isə yazıçı, şair dünyanın həndəvərindən də çıxa bilər. O Tanrı ilə belə mübahisə edirsə, deməli bəndəni də tənqid edə bilər. Oxucu öz fikrini mədəni üslubda bildirə bilirsə deməli o yazıçıdan da üstündür, çünki yazıçı ilə belə empatiya edə biləcək təfəkkürə malikdir.

- İlk kitabın nə zaman nəşr olunacaq?
- İlk kitabım üzərində uzun zamandır çalışıram. Bu prosesin bu qədər zaman almasının səbəbi böyük bir komanda ilə kitab üzərində çalışmağımdır. Kitabın üz qabığı, içində olacaq şeirlər və bundan əlavə oxucular üçün bir sıra yeni və maraqlı sürprizlər prosesi uzadır. Buna baxmayaraq gedişatdan çox razıyam. Kitabın məni ifadə etməsi üçün səylə çalışırıq. İlk kitabımdır və çalışıram ki, təməli uğurlu və fərqli bir işlə qurum. İndiki planlama ilə payız aylarında çapdan çıxacağını hesab edirəm. Kitab tam hazır olduqda hər biriniz bundan xəbərdar olacaqsınız.

- Son olaraq ədəbiyyatla bağlı nikbin düşüncələrin varmı? Səncə, ölkədə ədəbiyyat qiymətini nə zamansa alacaqmı?
- Ölkə ədəbiyyatı ilə bağlı fikirlərimdə çalışdığım qədər günahkar axtarmıram. Baxın, oxucu var, amma həqiqi deyil. Oxucu trendə görə oxuyur, və ya oxuyurmuş kimi görsənir. Hal-hazırda muzeylərə gedən, sərgilərə, teatra gedən insanlar belə tədbirin əvvəlindən axırına kimi çəkiliş edərək növbəti gün üçün "elit, incəsənət sevdalısı, sənətə dəyər verən" imicini paylaşmaq niyyəti güdür. Onlar üçün rəsmlərin, teatrın heç bir həqiqi dəyəri yoxdur. Kitab üçün də bu eyni qaydadır. "Balaca Şəhzadə" əsəri oxunan yox, trend olan kitabdır. Elit və həqiqi kitab sevdalısı olan birinin viral etdiyi prosesdir. Amma burada incə bir məqam var ki, yazıçılar da yanaşmada heç bir modern standartları gözləmirlər. Belə qeyri-ciddi və müasir standartlardan uzaq kitab oxunaqlı olmur. Oxucu və yazıçılar arasında uçurum var. Ədəbiyyata ölkə yox dünya məsələsi olaraq yanaşsaq daha uğurlu olmaq olar. Biz yalnız Azərbaycan oxucusuna hesablanmış yanaşma ilə onların bir qisminə çata bilirik.

SÖHBƏTLƏŞDİ: OĞUZ AYVAZ

Digər xəbərlər