PDF Oxu

Mədəniyyət

  • 11 590

Qarabağ inciləri: Şuşanın dahiləri – I YAZI

image

Şuşanın suyunu içənin mütləq bir istedadı var – yazan, yaradan, bəstələyən, oxuyan, ixtira edən...

Tarixən Şuşanın suyundan içib, çörəyindən yeyən əksər şuşalının seçilən bir bacarığı olub. Səsi ilə insanları heyrətləndirən, qəzəlləri ilə ağladan, sehrli barmaqları ilə xalça üzərində xarüqələr yaradan, yaradıcılığı ilə milli ədəbiyyata misilsiz töhfələr verən bir çox məşhur insan bu torpaqlarda doğulublar.

Şuşanın can suyu - Xurşidbanu Natəvan

Şuşanın mənəvi anası, dillərə dastan gözəlliyi və ağlı olan Xan qızı... Mehdiqulu Xan ona öz anasının adını verir, həm də tək övladı olduğu üçün “dürrü yekta”, yəni tək “inci deyə” çağırır. Ömrünü Şuşanın abadlığına, əhalinin rifahına həsr edən Xurşidbanu xüsusilə Şuşadan yeddi kilometr aralı olan Sarı Baba təpəsindəki su mənbəyindən şəhərə su kəməri çəkdirdiyi üçün yerli əhalinin təqdirini qazanır. O, sonra böyük su anbarı tikdirir, hovuz, hamam və buzxana inşa etdirir. Banu, oğlu Mehdiqulu xana qırx gün, qırx gecə toy çaldırıb. O, hər gün Qarabağın bütün kasıb kəndlilərinə yemək paylayıb, toya hər dəvət etdiyi adama bəxşiş bağışlayıb.

Yaradıcılığa XIX əsrin 50-ci illərindən başlayıb. Xurşidbanunu kədərli qəzəllər, şeirlər yazmağa dərd vadar edir. Oğlu Mir Abbasın 17 yaşında vəfatı Xan qızına ağır təsir edir, bir müddət özünə gələ bilmir. Oğlunun ölümündən sonra kədərli şeirlər yazmağa başlayır və özünə Natəvan (zəif, gücsüz) təxəllüsünü götürür. O, eyni zamanda, rəssamlıqla da məşğul olub, həmçinin gözəl əl işləri, müxtəlif janrda tikmələr bacarığı da olub. Xurşidbanu Natəvanın həyatındakı maraqlı faktlardan biri də onun 1858-ci ildə onun Bakıda məşhur fransız yazıçısı Aleksand Düma ilə görüşməsi olub. A. Dümanın "Qafqaza səyahət" kitabında bu görüş haqqında məlumat öz əksini tapıb. Qarabağ əhalisinin ona olan sevgisi o qədər böyük olub ki, vəfat edəndə insanlar şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada, çiyinlərində aparıb. Xan qızı Ağdamda “İmarət” deyilən ailə qəbiristanlığında dəfn olunub.

Azərbaycan musiqisinin atası –Üzeyir Hacıbəyov

O, Azərbaycan musiqisinin dahisi sayılır - Şuşanın pasportu, siması dahi Üzeyir Hacıbəyov.Gələcəyin musiqi dühası ilk təhsilini Şuşadakı ikiillik rus-tatar məktəbində alır. 1899-1904-cü illərdə Qori şəhərində müəllimlər seminariyasında təhsil alır, Hadrut məktəblərində pedaqoji fəaliyyətlə məşğul olur, daha sonra Bakıdakı Səadət məktəbində dərs deməyə başlayır. Onun Azərbaycan mədəniyyətinə bəxş etdiyi misilsiz xidmətlərindən birincisi 1908-ci ildə Hacı Zeynalabdin Tağıyevin teatrında “Leyli və Məcnun” operasının tamaşaya qoyması olur. Gənc Üzeyir təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyur. O, durmadan yazır, bəstələyir, musiqi sahəsində inqilab edirdi. “Rüstəm və Zöhrab” , “Şah Abbas və Xurşud Banu”, “Əsli və Kərəm”, “Qarun və Leyla” operaları, həmçinin xalq nağılları və əfsanələri əsasında yazdığı əsərləridir.

1911-ci ildə 26 yaşlı gənc Üzeyir əsaslı musiqi təhsili almaq üçün Moskvaya gedir, flarmoniyada təhsil alır, sonra Sankt-Peterburq Konservatoriyasında təhsilini davam etdirir. “Ər və arvad”, “Arşın mal alan” musiqili komediyası, “Koroğlu” operasını yaradır. 300-dən çox xalq mahnısını musiqiyə çevirmiş unudulmaz şəxsiyyət çoxsaylı marşların, kantataların, fantaziyaların, mahnı və romansların, kamera və xor əsərlərinin müəllifidir. Bu gün ölkəmizin himninin əzəmətli musiqisi onun barmaqlarından süzülən notlarla ifa edilir.

Azərbaycan musiqi sənətində inqilab edən, yeniliklər yaradan misilsiz Ü.Hacıbəyov Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938) fəxri adlarına layiq görülüb, Stalin mükafatı (1941), Lenin və Qırmızı Əmək Bayrağı ordenləri laureatı olub.

Təpədən dırnağa istedad - Əbdürrəhim bəy

Naşir, dramaturq, ədəbiyyatşünas, dirijor, əməkdar incəsənət xadimi... Onun olmayan məziyyəti olmayıb. Təpədən dırnağa istedad olan Əbdürrəhim bəy Haqverdiyev Şuşa realnı məktəbində oxuyub. Əvvəlcə M.F. Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" adlı kiçik bir pyes yazır, Peterburqda təhsil alarkən onun vizit kartına çevrilən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" dramını və "Dağılan tifaq" faciəsini yazır.

Ali təhsil alıb Şuşaya qayıdan Haqverdiyev burada tamaşalar təşkil edir,var gücü ilə mədəniyyətə, incəsənətə töhfə verir, insanları bu istiqamətdə məlumatlandırır, mədəni məşğuliyyətlərə meylləndirir. 1905-ci il inqilabdan sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş Əbdürrəhim bəy Peterburqa yollanır. Duma dağılandan sonra bir müddət orada yaşayır və yazacağı "Ağa Məhəmməd şah Qacar" faciəsinə lazımlı materiallar toplamaqla məşğul olur.

Əbdürrəhim bəy Azərbaycan tarixinə həm də ilk dirijor kimi düşüb. "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri idarə edir. Bu ərəfədə "Molla Nəsrəddin" jurnalında hekayə və felyetonları çap edilir, böyük maraqla oxunur. Onun Azərbaycan ədəbiyyatına verdiyi bir-birindən qiymətli əsərləri bu gün də teatr səhnələrinin ən çox baxılan repertuar incilərindəndir.

Lalə Mehralı

Digər xəbərlər