PDF Oxu

Mədəniyyət

  • 6 636

Ədalət simvolu olan hakim (Esse)

image

“Ədalətsizliklə ədaləti bərpa etmək olmaz”.

Heydər Əliyev

“Hakim - danışan qanun, qanun isə- lal hakimdir”.
Mark Tulli Siseron

Hüquq-mühafizə orqanlarının işi ilə bağlı ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin çox maraqlı kəlamları var. Dahi Heydər Əliyev belə deyib: “Dövlət iki şeydən sarsıla bilər. Cinayətkar cəzasız qalanda, günahsıza cəza veriləndə”. Cənab İlham Əliyev isə bu gözəl fikiri daha da dərinləşdirərək, belə maraqlı fikir deyib: “ Hər yerdə ədalət olmalıdı. İlk növbədə məhkəmə sistemində. Çünki burada qəbul edilmiş qərarlar insanların taleyinə təsir göstərir. Məhz ona görə də hakimin üzərinə çox böyük və şərəfli missiya düşür”. Amma əfsus ki, nə polis, nə prokurorluq, nə də məhkəmə sistemində işləyənlərin çoxu bu iki dahi şəxsiyyətin dediyi həmin qiymətli sözlərə lazım olan kimi fikir vermirlər. Bunun nəticəsidir ki, xalq bu sistemlərdən çox vaxt narazı qalır. Onların adı gələndə əsəbiləşirlər. Təsəvvür edin ki, müstəqillik dövrümüzdə belə bir atalar sözü yaranıb: “Allah heç kimin işini nə həkimə, nə də hakimə salmasın”. Əlbəttə, bu atalar sözü hər iki sahədə çalışanların bəzilərinin xalqa necə sitəm etdiklərinin bariz nümunəsidir.

Amma mənim indi sizə təqdim edəcəyim insan, uzun illər ədliyyə sistemində işləsə də, inanmıram ki, kimsə ondan narazı qalıb. Çünki o, ədalət simvolu olan hakim olub və heç kim də onu bu müqəddəs yolundan döndərə bilməyib. Onun bir ali məqsədi olub: “Qanun şahdır, şah qanun deyil”. Təqaüdə çıxana qədər də belə işləyib. İndi ona görə də təkcə bir vaxtlar işlərinə baxdığı adamlar yox, hətta hakim işləyən, kimlərinsə vəkili olanlar da ədliyyədən söz düşəndə, orada təmiz, ədalətli işləyən bir neçə insanın adını çəkirlər. Onlardan birincilərdən biri də Əməkdar ədliyyə işçisi Müzəffər Ağazadə və “Tərəqqi” medallı Əli Rüstəmovdur.
Bəs, Əli Rüstəmov bu təmiz adını orada işlədiyi dövrdə necə qazanmışdı?.. Özünü necə qorumuşdu?.. Ona görə gəlin çox-çox əvvəllərə qayıdaq əziz oxucu.

Biz, Əli Məhəmməd oğlu Rüstəmovla 1968-ci ilin may ayının 9-da tanış olmuşuq. Həmin vaxt Azərbaycandan təxminən on vaqonda üç yüz nəfərdən çox cavan Rusiyaya ordu sıralarına göndərilirdi. Beləliklə, biz, 1968-ci ilin may ayının 9-da Bakı Dəmir yolu vağzalından ordu sıralarına yola düşdük. Rusiyanın ayrı-ayrı şəhərlərində həmin azərbaycanlıları düşürüb, hərbi hissələrə aparırdılar. Çoxunu da inşaat batalyonlarına. Çünki ruslar qorxurdular ki, azərbaycanlılara silahın incəliklərini öyrətmək olmaz...

Elə qatarda tanış olduğum, əslən Cəbrayıl rayonunun Şıxlar kəndindən olan Əli Rüstəmovla məni Kalinin vilayətinin Balaqoye deyilən qəsəbəsində düşürtdülər. Orada təkcə bizi yox, əllidən çox azərbaycanlını düşürdülər. Təxminən 48 nəfəri ayırıb inşaat batalyonuna göndərdilər və biz ikimiz qaldıq. Bizi bir maşına mindirib, qəsəbədən 10-15 kilometr aralıda yerləşən hərbi hissəyə gətirdilər. May ayı olmasına baxmayaraq narın qar yağırdı və çox soyuq idi. Məlum oldu ki, bu hərbi hissə qitələrarası ballistik raketlərin saxlanıldığı məxfi hərbi hissədir. Burada xidmət edən əsgərlərə da ciddi tapşırılırdı ki, əsgərlikdən sonra bu haqda heç kimə heç nə danışmasınlar. Özü də burada mindən çox əsgər vardı. Çoxu ruslar, ukrayınlar, belaruslar və başqa slavyan millətindən olanlar idi. Dörd-beş nəfər Orta Asiya millətlərindən idi. İki gürcü və bir erməni vardı. Biz də cəmi iki nəfər azərbaycanlı idik. Təxminən altı ay sonra bir azərbaycanlını- sonralar Daxili İşlər Nazirliyində işləyən, polis mayoru olan rəhmətlik Ramiz Mahmudovu da bura gətirdilər. O da əslən Cəbrayılın Soltanlı kəndindən idi. Altı aydan sonra onu əvvəlki hərbi hissəsinə göndərdilər. İlk günlərdən cəmi iki azərbaycanlının olduğu məxfi hərbi hissədə mən və Əli Rüstəmov yaxşı əsgər olduğumuza görə, hər ikimizə böyük hörmətlə yanaşır, başqa millətlərdən olan əsgərlərə bizi nümunə çəkirdilər. Biz, uzaq Kalinin vilayətinin Balaqoye qəsəbəsindən 10-15 kilometr aralıdakı həmin hərbi hissədə millətimizin başını uca eləmişdik. Həmin yerlər əvvəllər bataqlıq olduğuna görə, heç Hitlerin əsgərləri belə ora girə bilməmişdilər. Hər tərəf də ucu-bucağı görünməyən meşəlik idi. Yaz, yay və payız ayları orada uzunburun milçəklər, ağcaqanadlar həddindən artıq çox olduğuna görə cəhənnəm əzabı idi. Qışı da çox sərt keçirdi. Əli Rüstəmov mexanik kimi işə başladı və az bir vaxtda yefretor oldu və onu baş mexanik işinə keçirdilər. Mən isə nəzarət rotasında kiçik serjant oldum və nəzarətçilər şöbəsinə rəhbərlik edirdim. Onu və məni bu işə yüksək təmizliyimizə, bacarığımıza və cavabdehliyimizə, tərbiyəmizə görə qoymuşdular. Hətta bizi tez-tez ruslara və başqa millətlərdən olan əsgərlərə nümunə kimi göstərəndə onlar qıcıqlanırdılar... Ordu sıralarına getdiyimiz cəmi altı ay müddətində Əli Rüstəmov hətta hərbi hissənin komandiri, polkovinik Vladimr Vasilyeviç İlyinin ən sevimli əsgərlərindən biri olduğuna görə oktyabr ayının 1-də onu ad günü münasibətilə təbrik edib, min nəfərlik ordunun qarşısına çıxarıb, ona Fəxri Fərman və on günlük məzuniyyət verişdir. Əlinin çox yaxşı, məlahətli səsi vardı. Bir növ dədə Süleymanın səsinə oxşayırdı. O, mahnılar oxuyanda əsgərlər ona böyük həvəslə qulaq asırdılar. Mən də həm şeir deyir, həm də mahnılar oxuyurdum. Bədii özfəaliyyətlə məşğul olduğumuza görə hərbi hissəsin təlim-tərbiyə üzrə hərbi hissə komandirinin müavini polkovnik-leytenant Davıdov da bizə böyük sevgi ilə yanaşırdı.
İki illik ağır əsgərlik illəri arxada qaldı. Mən serjant və Əli Rüstəmov da yefretor kimi, 1970-ci ilin 9 iyun tarixində ordu sıralarından tərxis olunduq.

Biz ordudan tərxis olunandan sonra Əli Rüstəmov Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə, mən isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olduq. Ailəmizə çətinlik olmasın deyə Bakının Keşlə qəsəbəsindəki Dəmir-Beton zavodunda işləməyə başladıq. İşimiz həddindən artıq çox ağır idi. Əli Rüstəmov beton sexində fəhlə, mən isə nəzarətçi oldum. Hətta aldığımız əmək haqqından valideyinlərimizə də köməklik edirdik. İşlədiyimiz yerdə də yüksək tərbiyəmizə, iş qabiliyyətimizə, özümüzdən yüksək rütbəli rəhbərlə heç bir mübahisə etmədiyimizə görə orada da sevildik. Əli Rüstəmova qarşı hamının çox yaxşı münasibəti vardı. Gənc olmasına baxmayaraq, öz ağlına, səbrinə, təmkininə görə iş yoldaşları arasında ağsaqqal kimi qəbul olunurdu.

Sonra Əli Rüstəmov ədliyyə sahəsində və mən də teatr sahəsində öz işimizi davam etdirdik.

Bax, elə yəqin əvvəldən ailədə aldığımız yüksək tərbiyənin nəticəsidir ki, Əli Rüstəmov işlərindəki uğurlarına görə cəmi 5 il 6 ay Salyan rayonunda məhkəmə sədri işlədikdən sonra, onu Azərbaycan Respublikasının Ali Məhkəməsinə hakim təyin etdilər. 39 il burada fəaliyyət göstərərək başı uca və alnı açıqlıqla 70 yaşında təqaüdə çıxdı. Mən isə iyirmi altı il Azərbaycan teatrlarının bədii rəhbəri və direktoru oldum. Fəxri adlara, mükafatlara layiq görüldüm...

Əli Rüstəmov Ədliyyə sistemində işlədiyi dövrdə görürdüm ki, savadlı və bacarıqlı hüquqşünas kimi, həmişə haqqı müdafiə edən olduğuna görə, hamı ona hörmət edir, həm də qibtə ediləcək dərəcədə böyük səbrə, dözümə malik olduğuna görə ehtiram bəsləyirdi. Ona Ədliyyə sistemindəki çox uğurlu işinə görə dəfələrlə Fəxri Fərmanlar verilmişdi. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə respublikanın böyük mükafatlarından olan “Tərəqqi” medalına da layiq görülüb. Əli Rüstəmov beynəlxalq səviyyəli tədbirlərdə ölkəmizi təmsil edib.

Baxmayaraq ki, bu gün Əli Rüstəmov təqaüddədir, amma yenə də hakimlər yeri gələndə onunla məsləhətləşirlər. Deməli, hələ də onun ağlına, savadına, ədliyyə sahəsindəki böyük təcrübəsinə ehtiyac var. Belə insanları gərək biz də bir millət olaraq yüksək qiymərləndirək və onları lazım olan kimi xalqımıza tanıdaq. Gəlin danmayaq. Biz bir-birimizə qarşı çox vaxt qısqanc, paxıl olduğumuza görə, ətrafımızda onların yaxşı işlərini tərifləməkdə həmişə xəsis olmuşuq. Ona görə də başqa millətlərin yanında uduzmuşuq...

Gəlin bir həqiqəti də danmayaq. Bu gün məmləkətimizdə güc strukturlarında hələ də boşluqlar var. Çünki bu sahələrdə işləyən şəxslərin bəziləri öz işinin lazım olan kimi mütəxəssisləri deyillər. Məşhur filosof və dahi şəxsiyyət Şarl Lui Monteskyö deyir ki, “Qanunlar hörümçək toru kimidir: iri milçəklər ondan keçir, xırdaları isə ilişib qalırlar”. Bəli. Təəssüf ki, bu gün də cinayəti olan “iri mülçəklərə” heç nə etməyib, xırda milçəklərin cəzalandırılması hallarına rast gəlirik. Ona görə də xalqımızda polis, prokurorluq və ədliyyə işçilərinə inam zəifdir. Amma, əslində millət ilk öncə bu sahədə çalışanlara daha çox inanmalı və onlara böyük bir müdafiəçi kimi baxmalıdırlar. Yeri gələndə onlarla məsləhətləşməlidirlər. Əfsus ki, insanlarımızın onlara inamı az olduğuna görə çalışırlar ki, onlardan uzaq olsunlar. Bax, bu artıq çox böyük problem və deyərdim ki, faciədir. Ona görə də bu sahədə çalışanlar oturub, papaqlarını qarşılarına qoymalıdırlar ki, biz təqaüdə çıxanda bizə adi insanların münasibəti necə olacaq?!.. Övladlarımız bizim bu bəd, iyrənc əməllərimizdən utanmayacaqlar ki?! Deməli, bu adamlar nə qədər ki, gec deyil onlardan əvvəl işləyən və təmizlik simvolu olan Əli Rüstəmov kimi insanlardan yeri gələndə məsləhət almalı, onlar kimi işləməlidirlər ki, sonra peşiman olmasınlar...

Əli Rüstəmov əlli ilə yaxın ədliyyə sitemində işlədiyi vaxt hər zaman ədalət simvolu olmaqla, həmişə öz işi ilə bağlı çoxlu kitablar oxuyub, bundan başqa mütəmadi dünya dahilərini bədii əsərlərini oxuyub, oradan özü üçün qeydlər götürdüyünün şahidi olmuşam. Ədalətlə bağlı dahilərin maraqlı kəlamları, aforizmləri onun ali məqsədi olub. Mən ulu öndər Heydər Əliyevin, prezidentimiz İlham Əliyevin ədalətlə bağı dediyi kəlamları və bəzi tanınmışların aforizmlərini ilk dəfə məhz ondan eşitmişəm. Onlardan bəzilərini bu essedə yazıram. Çünki Əli Rüstəmov həmişə bunlara riayət edib və öz işində də tətbiq edib. Ömər ibn əl-Xəttab: “Dövlətin əsası ədalətdir”. Ömər Xəyyam: “Ədalət kainatın ruhudur”. Hz. Əbu Bəkr: “Ədalət yer üzündə Allahın tərəzisidir”. Mahatma Qandi: “Ədalətsiz rejimi ədalətlə yıxmaq lazımdır”. Mən bir vaxtlar dahi Sokratın bu kəlamını da Əli Rüstəmovdan eşitmişəm: “Bütün peşələr insanlardan gəlir. Ancaq üç peşə - müəllim, hakim və həkim Allah vergisidir. Əgər bu adamlarda Allah vergisi yoxdursa, onlar bu peşələrdə uğur qazana bilməzlər”. Bəli. Hakimlik də Əli Rüstəmovda Allah vergisidir. O, Sokratın bu kəlamına istinadən hakim işləyən vaxt həmişə deyirdi: “Hakimin dörd əsas vəzifəsi vardır: Nəzakətlə dinləmək, düşünərək danışmaq, təmkinli düşünmək və tərəfsiz qalaraq qərar qəbul etmək”. Bunları bacaran hakim xalq tərəfindən seviləcək və yaddaşlarda əbədi qalacaq.

Çox istərdim ki, cavan hakimlər də mənim cavanlıq dostum, həmyaşıd olmağımıza baxmayaraq həyatda çox şeyi və əsasən də səbrli olmağı ondan öyrəndiyim Əli Rüstəmov kimi bunlara əməl etsinlər və adları tarixdə ədalətli hakim kimi qalsın.

Onu da vurğulayım ki, Əli Rüstəmov mənim “İnan mənə” pyesimin baş qəhrəmanı Elçinin simvolik obrazıdır. Bu pyes isə 1985-ci ildə "SSRİ gənc darmaturqlar" müsabiqəsinin 48 pyesi arasında qalib olub. Sonralar bir neçə Dövlət Dram Teatrlarında uğurla tamaşaya qoyulub. İndi isə Qazax Dövlət Dram Teatrında, rejissor, Əməkdar artist Xəzər Gəncəli bu əsərə çox böyük müvəffəqiyyətlə quruluş verib. Mən arzu edərdim ki, indiki hakimlər də Əli Rüstəmov kimi ədalətli olsunlar və onlar haqqında da belə əsərlər yazılsın.

Əli Rüstəmovdan isə arzum, xahişim budur ki, ədliyyə sistemində işlədiyi illəri və orada baş verən hadisələri, ədalətin qələbə çalması üçün necə çalışdığını qələmə alsın. Bu, gələcək nəsillərimiz üçün bir ərmağan kimi qalsın. Və qoy, gələcək nəsillərimiz də görsün ki, bizim məmləkətdə bütün hakimlər çirkaba batmayıb. Onların içərisində ədalət simvolu olanları da olub.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi,
yazıçı, rejissor, dramaturq

Sumqayıt şəhəri,
18-20 avqust 2023-cü il

Digər xəbərlər