PDF Oxu

Cəmiyyət

  • 476

Güclü ordu güclü dövlət deməkdir - ŞƏRH

image

Bu, real həqiqətdir ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi və siyasi potensialı ilə yanaşı, onun malik olduğu ordunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir.
Əminliklə deyə bilərik ki, milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin 1969-cu ildə Azərbaycanda birinci dəfə hakimiyyətə gəldikdən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Liderin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Heydər Əliyev 1971-ci ildə böyük çətinliklərlə Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Ulu Öndər Heydər Əliyevin sayəsində gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olmaları mümkün oldu.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün sahələrdə olduğu kimi, hərbi sahədə də ciddi böhranla üzləşdi. Yalnız 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə ordu quruculuğu prosesinini davam etdirdi. 1994-cü il may ayının 12-də “Bişkek protokolu” imzalandıqdan sonra Azərbacanda Milli Ordunun formalaşması daha da sürətləndi.
Ulu Öndərin vurğuladığı kimi, “Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.” Beləliklə, həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı, nəticədə Azərbaycan ordusu kifayət qədər təşkilatlanmış böyük bir qüvvəyə çevrildi.
Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Ordu quruculuğu ilə bağlı həyata keçirilən tədbirlər 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni müstəvidə uğurla davam etdirildi. Belə ki, Silahlı Qüvvələrimizin istər peşəkar hazırlığı, maddi-texniki bazası daha da möhkəmləndirildi, istərsə də hərbi qulluqçular, əsgərlərimizin sosial müdafiəsi sahələrində bir sıra zəruri tədbirlər həyata keçirildi, ümumilikdə ölkənin müdafiə xərcləri əhəmiyyətli dərəcədə artırıldı.
Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik” sözləri öz təsdiqini əməli işdə tapdı. Məhz bunun məntiqi nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi, 2020-ci ildə Ali Baş Komandanın əmrini – ən şərəfli missiyasını 44 gün müddətində dünya hərb tarixində görülməmiş peşəkarlıqla yerinə yetirərək, 30 il həsrətində olduğumuz doğma Qarabağımızın işğaldan azad olunmasını həyata keçirdi, 2023-cü ildə isə suverenliyimizi tam bərpa etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın 21-ci əsrin hərb tarixinə yazılan şanlı Zəfərlərinin şahidi oldu.
Artıq müasir Azərbaycan Ordusu ən yüksək standartlara cavab verir. Vətən Müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi, eyni zamanda hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradıldı. Təsadüfi deyil ki, silahlı qüvvələrimizin büdcəsi ildən-ilə artır. Belə ki, 2025-ci ildə dövlət büdcəsinin müdafiə və təhlükəsizlik xərcləri 8 milyard 396,3 milyon manata çatdırılıb.
Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib. Nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.
Qeyd edim ki, bu il müdrik xalqımız, o cümlədən Azərbaycan Ordusu Silahlı Qüvvələr Gününü İkinci Qarabağ-Vətən Müharibəsinin 5-ci, müasir, müstəqil Azərbaycanın Konstitusiyasının qəbul olunmasının 30-cu ildönümünə təsadüf edən “Konstitusiya və Suverenlik İli”ndə ikiqat qürur və sevinc hissi ilə qeyd edir.
Beləliklə, Azərbaycanın istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə əldə etdiyi bütün uğurlar yeni çağırışlara cavab verən mükəmməl, dayanıqlı idarəetmə modelinin tətbiqinin bariz nümunəsidir. Bu gün ordu quruculuğu istiqamətində görülən işlərin uğurla davam etdirilməsi Azərbaycan dövləti, xalqının qlobal arenada mövcud münaqişə ocaqlarına, müharibələrə baxmayaraq, dünyada, xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunun əyani sübutudur.

Məzahir Əfəndiyev,

Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Digər xəbərlər