PDF Oxu

Mədəniyyət

  • 428

Ağalar İdrisoğlunun “Şah İsmayıl Xətai” pyeslər toplusu haqqında - FOTO

image

“Maraqlı kitablar” silsiləsindən

Ədəbiyyatın ağır yükünü uzun illərdir ki, dramaturgiya daşıyır. Bu janr həm sözün teatrı, həm düşüncənin meydanı, həm də millətin vicdan sınağıdır. Əgər bir xalqın nəbzini tutmaq istəyirsənsə — onun dramaturgiyasına baxmalısan. Bu baxımdan Ağalar İdrisoğlunun “Şah İsmayıl Xətai” pyesi — Dramaturgiyanın daş yaddaşında bir imzadır. Əməkdar incəsənət xadimi, yazıçı, dramaturq, rejissor Ağalar İdrisoğlu da məhz bu cığırın yolçusudur. Ağalar İdrisoğlu həyatın sərtliyindən keçib səhnənin işığına çıxan, rejissor nəfəsini pyes misralarına köçürən, həqiqətin acısını estetikanın içində saxlayan bir yaradıcı insandır.

Ağalar İdrisoğlunun “Şah İsmayıl Xətai” pyeslər toplusu təkcə bir kitab deyil — müəllifin ömür boyu topladığı teatr təcrübəsinin, səhnə düşüncəsinin, dramaturgiyaya olan böyük məsuliyyətinin cildləşmiş halıdır. Kitab həm də Azərbaycanın tarixi dramaturgiyasının və müasir ictimai dramın daxili dialoqu kimi çıxış etməsi baxımından da maraqlıdır.

Topluya daxil olan əsərlər arasında “Şah İsmayıl Xətai” pyesi əcdad yaddaşının poetik mənzərəsi, dövlətçilik ideyasının fəlsəfəsi, insan xarakterlərinin sınağı və eləcə də hakimiyyətlə vicdanın minillik qarşıdurması baxımından xüsusi yer tutur.

Amma bu kitab yalnız Xətaiyə həsr olunmuş bir əsərdən ibarət deyil. Burada altı pyesin hər biri həm dramaturqun qəlbində, həm də cəmiyyətin dərinliklərində yığılan sualların səhnə dilində cavabıdır. Bu toplu oxucunun qarşısında təkcə pyes kitabı kimi durmur — bu, müəllifin “Mən həyatın içindən gəlmişəm, gördüklərimi yazmışam.”kimi ədəbiyyta olan etirafıdır.

Ağalar İdrisoğlunun öz həyat yolu — məktəb səhnəciklərindən Moskvada rejissor təhsilinə, oradan teatr rəhbərliyinə, ordan da həbsxana qapısına qədər uzanan çətin yol — bu kitabın alt qatında yaşayan ikinci bir dramaturgiya yaradır. Bu səbəbdən onun hər cümləsində bir teatr nəfəsi, hər obrazında bir yaşayış iztirabı, hər səhnəsində bir vicdan qorxusu var. Və nəhayət — bu kitabda müəllif təkcə pyes yazmır, dramaturgiyanın Azərbaycandakı vəziyyətini, onun problemlərini, onun çarələrini də bir növ sənət manifesti kimi oxucuya çatdırır. Bu toplu həm də “Dramaturgiya susmamalıdır, tarix səhnədə canlanmalıdır, xalq öz ədalətini mətbəədən də, səhnədən də eşitməlidir!” kimi bir çağırışdır. “Şah İsmayıl Xətai” toplusu məhz bu ruhun məhsuludur.

Ağalar İdrisoğlunun “Şah İsmayıl Xətai” pyesi tarixi əsər olmaqdan daha çox, tarixin özünün dramaturji etirafı kimi görünür. Burada faktlar dekorasiya deyil — obrazların iç psixologiyasını oyadan, səhnəni işıqlandıran, personajları sorğu-suala çəkən əsas təkan qüvvəsidir.

Pyesin açılışı sanki qılıncın qanı damcıladığı anda donmuş tarixin buzunu əridir. Müəllif Xətaini sadəcə dövlət qurucusu kimi yox, insan, övlad, daxili aləmi qarma-qarışıq olan sevdalı bir gənc kimi göstərir. Bu, milli dramaturgiyamızda çox nadir rastlanan cəhətdir: tarixdən heykəl çıxarmaq yox, insan çıxarmaq. Dramaturq Ağalar İdrisoğlu bunu bacarıb.

Süjet xətti siyasi səhnədən psixoloji səhnəyə keçidlə səciyələnir. “Şah İsmayıl Xətai” pyesində baş verən hadisələr böyük imperiyanın qurulması fonunda cərəyan etsə də, real konflikt hakimiyyət – vicdan, qılınc – söz, məsuliyyət – gənclik qarşıdurmasıdır.

Xətai taxta çıxanda onun qarşısında iki yol var: Qılıncla hökm etmək və ya qəlblə hökm etmək. Ağalar İdrisoğlu pyesdə bu iki yolu paralel verir və nəticə olaraq göstərir ki, Xətai üçün ən ağır savaş düşmənlə deyil, öz içindəki tərəddüdlərlədir.

Pyesdəki bütün obrazlar – insanın içində yasayan tarixdir. Bu baxımdan Şah İsmayıl obrazı pyesin tək mərkəzi deyil — onun ətrafındakı obrazlar Xətainin xarakterini açan güzgülərdir. Hər bir personaj Xətainin hansısa daxili tərəfinə — döyüşçü ruhuna, şair kövrəkliyinə, dövlət adamın sərtliyinə, şəxsiyyətin tənhalığına cavab verir. Ağalar İdrisoğlu bu əsərdə obrazları heykəlləşdirmir, əksinə onların nəfəsini, qorxularını, sarsıntılarını oxucuya eşitdirir.

Pyes boyu Xətaiyə xas olan şeir ruhu tam olaraq dialoqlara hopub. Pyesin dili nə qədimilik, nə də süni müasirlik daşıyır. Oxuduqca görürürük ki, pyesin dilində təbii tarixilik var. Ən əsası da dialoqlarda sərtliklə lirikanın, dövlət dili ilə şair nəfəsinin paralel axması əsərin əsas gücüdür.

Müəllifin pyesdə yaratdığı konfliktlər – səhnənin vurğu nöqtələrini daha da qabarıq şəkildə göstərir. Əsl konflikt savaş meydanında yox, Xətainin monoloqlarında yetişir. Onun “hakimiyyətmi, insanmı?” dilemması pyesin fəlsəfi yükünü təşkil edir. Dramaturq Ağalar İdrisoğlu burada müharibələrin portretini çəkmir — müharibələrin insanı necə dəyişdirdiyini göstərir.

Səhnələşdirmə imkanları böyük oan bu pyes teatr üçün hazır struktur kimi yazılıb. Mizan quruluşu, ritm dəyişikliyi, kütlə səhnələrinin montajı — hamısı rejissorun əlində geniş imkan açır. Xüsusilə Xətainin daxili monoloqları səhnə işığı, musiqi və hərəkətlə güclü estetik effekt yaradır.

Dramaturq Ağalar İdrisoğlunun bu pyesi tarixi hadisələri deyil, tarixdə tarixi yaşayan insanı göstərdiyinə görə mürəkkəb, eyni zamanda çox müasir bir əsərdir. Ağalar İdris oğlunun “Şah İsmayıl Xətai” pyeslər toplusu kitabı onun yaradıcılığında uğurlu bir hadisədir!

Arif ƏRŞAD,

yazıçı-publisist

Digər xəbərlər