PDF Oxu

Mədəniyyət

  • 1 110

PROLOQ

image

1846-cı il Lissabon- Günəşin göz vurduğu, qumsalların işıqla uzandığı, Tajo çayının sahillərini yuduğu, okeanın qarşısında nazlı-nazlı xumarlandığı, bir-birinə sıx tikilmiş evlərə sahib, duaların və günahların söyləndiyi görkəmli kilsələri olan bir şəhər idi.

Bu şəhərin lələkli buludları sanki rəssam fırçasının izi kimi sonsuz səmanın üstündə süzülürdü, Tajo çayının inci kimi bərq vuran sularında isə hər birinin əksi parıldayırdı.

Buradan qayalıqlardan dənizə açılan mənzərə başlayır, qızğın şəhər həyatı isə hər kəsi cəlb edirdi. Əsas küçələrdən olan Baixa şəhərin ürəyi kimi döyünürdü. Burada ticarətçilər, dükkan sahibləri və şəhər sakinləri səhərin ilk işığında işlərinə başlayır, ticarət masalarında zərif qızıl və parıltılı daşlar arasında əllər sürətini sınayırdı. Şəhərdə yaşayanlar, ən əsas da gənclər yollarını buradan salırdılar. Bu küçədən hər kəs keçirdi, lakin heç kim birbirinə bənzəmirdi. Gənclər tinlərdə dayanar, yoldan ötən gənc qızlara baxar, qızlar isə şlyapalarını düzəldərək naz satardılar. Karetalar ledilərini gözləyirdilər, onların lediləri isə mağazalardan geyimlər seçirdilər. Restoranlar adamla dolub-daşırdı. Onların əksəriyyəti üzükləri parıldayan barmaqlarını çənələrinə dayayıb qızğınlıqla söhbət edən orta yaşlı kübar qadınlar idi. Burada həmçinin firma sahiblərini, bar müdirlərini, yeni sənayenin aparıcılarını, zəngin ailələrin övladlarını, görüş təyin etmiş sevgililəri və ya sadəcə nahara gəlmiş ailələri görmək olardı. Əlqərəz, Baixa – üzü pudralılardan üzlərinə kömür bulaşmışlara kimi hər kəsin bu şəhərdə əylənmək, gündəlik qayğılardan uzaqlaşmaq üçün vaxt tapdıqca gəldikləri meydan idi. Necə ki, Nyu-York üçün Brodvey, Moskva üçün Qırmızı Meydan, Lissabon üçün də Baixa elə idi. Buranın işıqları gözlərdə ümid, xoşbəxt gələcəyə addım atmağa cəsarət, rahatlığın verdiyi sakitliyə inam, zəngin həyatın gətirəcəyi dəbdəbəyə maraq yaradırdı. Baixa varlı centlmenlərin silindrləri, ledilərin isə zərif tufliləri ilə seçildiyi küçələrdən idi. Xüsusən gecələri parıldayan küçələr oğrular üçün uğurla seçilmiş məkanlardan hesab olunurdu. Lissabonun isti gündüzlərində belə bura adamla dolub-daşardı. Onlar Qolfstrimin gətirdiyi isti havaya fikir verməyərək həmişəki ədaları ilə gəzər, söhbət edib, gülüşərdilər. Şəhərin kölgədə qalan küçələrinə nəzər yetirdikcə gözlərdəki parıltılar sönürdü. Dar və əyilmiş küçələrin künclərində yoxsul daxmalar sıx-sıx yerləşmişdi, onların damları köhnə, yararsız keramika plitələrlə örtülmüş, divarlar isə qaralmış və çatlarla dolu idi.

Küçənin ortasında kiçik bir bulaq vardı- sabah tezdən su gətirən qadınların səsi bütün qonşuluğa yayılırdı. Uşaqlar daş üstündə oynayır, amma ayaqları çamur və sulu qarışıqla örtülmüşdü. Qapıların önündə çörək və pendir satan yaşlı qadınlar, həyətlərdən gələn qoxular, sobadan çıxan tüstü və limandan gələn dəniz havası qarışaraq şəhərin müxtəlif təbəqələrini bir-birinə qatırdı.

Daxmaların yanında dar küçələrin daha yüksək, göstərişli hissələri başlayırdı. Burada torpaq sahibi zadəgan ailələrin iri malikanələri yüksəlir, iri dəmir qapılarla əhatələnmiş, qarşısında heykəllər və səliqəli bağlar vardı. Buradan baxanda, daş döşəməli dar küçələr və yoxsulluq diqqəti çəkmədən görünürdü, amma hər addımda bu iki dünya- sərt yoxsulluq və zənginlik- bir-birinə toxunurdu.

Küçələrin havası da fərqli idi: yoxsul hissədə nəm, sərin və ağır havada küf qoxusu hiss olunurdu; malikanələrin qarşısında isə günəş işığı səliqəli bağlardan əks olunur, çiçəklərin və təmiz havanın qoxusu buranı zəngin edir, sanki şəhərin bütün yoxsulluğu bir neçə addım kənarda qalmışdı.

Beləcə Lissabon- işıqla kölgənin, zənginliklə yoxsulluğun bir-birinə toxunduğu şəhər- hələ heç bilmədiyi bir hekayəyə şahidlik edirdi.

Zərif siluetin kölgəsi divarlarda əks olunub ötüb keçdi. Yalın ayaqlar, palçığa bulaşmış ətək, tələsik addımlar… Qadın Tajoçayının sahilinə çatdı. Ruhu sanki yanırmış kimi suya yaxınlaşdı, ayaqlarını yarıya qədər çaya saldı. Bayaqdan beynində uğuldayan qarışıqlıq, çayın sərin sularıyla bir anda sakitləşdi, susdu. Qadın durdu, gözlərini bağladı və yalnız çayın sakit nəfəsini dinlədi. Bu nəfəs sevdiyi kişinin nəfəsi kimi isti idi. Amma bu səs… İlahi, bu səs körpə səsi kimi cingildədi qulaqlarında. Onun qaçdığı çığırtı yenə onu haqladı.

İbrahimova Xədicə

Digər xəbərlər