Azərbaycanın görkəmli şairi Hüseyn Cavidin irsi xarici dillərdə
Azərbaycan ədəbiyyatının böyük simalarından olan Hüseyn Cavidin külliyyatının son beşcildlik nəşri əsasında seçilmiş aforizmlər fars dilinə tərcümə olunmuşdur. Hüseyn Cavidin ev-muzeyindən aldığımız məlumata görə, aforizmlər böyük mütəfəkkir şairin insanlıq, haqq-ədalət, vətən, millət, qadın, məhəbbət və ən müxtəlif insani münasibətlər haqqında müdrik sözlərini və kəlamlarını əhatə edir.
Aforizmlər Hüseyn Cavidin ev-muzeyinin təşəbbüsü və Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadənin dəstəyi ilə fars dilinə tərcümə edilib. Aforizmlərin tərtibçisi Gülbəniz Babaxanlı və İradə Tuliyevadır. Tərcüməçi Rza Celiliniyadır. Aforizmlər Hüseyn Cavidin ev-muzeyinin növbəti nəşrləri sırasındadır.
Dünya dillərinə tərcümə edilən Hüseyn Cavid irsinə mütəmadi olaraq müraciətlər olunur. Belə ki, Hüseyn Cavidin əsərləri həm də Belarus dilinə tərcümə olunur. Azərbaycan Respublikasının Belarusdakı sabiq fövqəladə və səlahiyyətli səfirinin təşəbbüsü ilə Azərbaycanın görkəmli filosof şairi, dramaturqu Hüseyn Cavidin "Şeyx Sənan" və "İblis" əsərləri Belarus dilinə tərcümə olunub. Hüseyn Cavidin "Şeyx Sənan" və "İblis" əsərləri hissə-hissə Belarus Yazıçılar İttifaqının nəşri olan "Neman" jurnalında dərc olunur. "Şeyx Sənan" əsərinin bir hissəsi 2010-cu il oktyabr nömrəsində, davamı isə jurnalın 2011-ci il mart nömrəsində dərc olunmuşdur. "İblis" əsərinin də bir hissəsi "Neman" jurnalının 2010-cu il oktyabr nömrəsində dərc olundu, davamı isə jurnalın cari ilin aprel nömrəsində dərc ediləcəkdir. Həmçinin, jurnalda Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Əli Nağıyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş məqaləsi də çap olunmuşdur. Məqalə Hüseyn Cavid yaradıcılığını Belarus xalqına tanıtmaq məqsədi daşıyır.
Muzeydən verilən məlumatlar sırasında Hüseyn Cavidin ev- muzeyinə eksponatların sırasına Ərtoğrul Cavidin yeni əldə olunan məktubu daxil olduğu da bildirildi. Məktubu olduğu kimi təqdim edirik: "Birinci məktub. Hörmətli Üzeyirbəy! Əvvəla salamlar. 28 fevralda axşam saat 9:30-da Culfaya doğru hərəkət etdik. Yerim və yoldaşlarım çox yaxşıdır. Yalnız ailəmizi düşünürəm. Səhərin açılmasını gözləməyib, bu məktubu gecə yazıram. Vaqonda hamı yatmışdır, mən isə ailəmizi bir an yadımdan çıxara bilmirəm. Anamın və bacımın rahat bir işə düzəlməsi haqda məktub alsaydım, heç bir arzum olmazdı. Hörmətlə sizi unutmayan tələbəniz : Ərtoğrul 28.II.1942. İkinci məktub: "Hörmətli müəllimim Üzeyirbəy! Əvvəla, salamlar. Taleyim məni elə bir dərdə saldı ki, bütün planlarım alt-üst oldu, vərəm ciyərlərimi söküb parçalamaqdadır. Aprelin 7-sindən başlayaraq, 10 gün döşümdəm qan gəldi, xeyli zəiflədim. Daimi yataqdayam, məktubu uzandığım halda yazıram. Lazımi davacat və yeyəcəyin olmaması vəziyyəti daha da ağırlaşdırır. Anamın gəlişindən sonra özümü xeyli yaxşı hiss edirəm. Sizin, Bülbülün və konservatoriyanın göstərdiyi maddi yardım edildikdə, sevincimdən gözlərim doldu, demək, mən hələ xatırlarda yaşayıram. Mənim fikrim bütün ayı Naxçıvan kəndlərində keçirməkdir, payız isə şəhər musiqi məktəbində 3-4 dərs götürməkdir. Şübhəsiz ki, ən çox öz üzərimdə işləyəcəyəm. Vaxtınızı almaq istəmirəm. Hörmətli müəllimim, ailəmizə və mənə etdiyiniz yaxşılıqlara qarşı qəlbən bəslədiyim səmimi təşəkkürləri bu sovuq və qansız kəlmələr ifadə edə bilməz. Məndən ailənizə - Məleykə xanıma, Tamara bacıya çoxlu-çoxlu salamlar. Hörmətlə tələbəniz Ərtoğrul. 27.IV.1943. Tbilisi".