Almaniyada Azərbaycana maraq artıb
Almaniyanın Hessen əyalətinin Giessen Universiteti Kitabxanasının Şərqşünaslıq və Türkologiya bölməsində Azərbaycan kitab bölümü açılmışdır. Bu bölümə 200-dən artıq müxtəlif mövzuda Azərbaycan, türk, rus, alman, ingilis və fransız dillərində kitab təqdim edilmişdir.
Bölmənin rəhbəri cənab Dr. Bernhard Friedmanın Frankfurt-Azərbaycan Cəmiyyətinə müraciətindən sonra Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə və onunla birgə əməkdaşlıqda adı çəkilən kitab bölümünün açılmasına qərar verilmişdir. Universitetin rəhbərliyi Azərbaycan Respublikasına artan marağı və Azərbaycan haqqında daha ətraflı məlumat almaq üçün universitetin nəzdində həmin ölkəyə aid kitab bölümünün açılmasını məqsədəuyğun saymış və yardım üçün Frankfurt-Azərbaycan Cəmiyyətinə müraciət etmişdir.
Universitetdə açılan yeni kitab bölümünün Azərbaycan və Dağlıq Qarabağ həqiqətlərinin alman və dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rolu olacaqdır. Belə ki, Giessen Universitetində dünyanın 30-dan çox ölkəsindən gəlmiş gənc təhsil alır.
Kitab bölümünün açılış və kitabların təqdimatı mərasimində Frankfurt-Azərbaycan Cəmiyyətinin digər əməkdaşları, Giessen Universiteti Kitabxanasının Şərqşünaslıq və Türkologiya bölməsinin rəhbəri Dr.Friedman və tələbələr iştirak etmişlər.