PDF Oxu

Mədəniyyət

  • 209

“Təbəssüm”ün uğurları davam edir

“Təbəssüm”ün uğurları davam edir
May ayının 25-dən 30-dək Ukraynanın paytaxtı Kiyev şəhərində "Paytaxt günləri" çərçivəsində "Günəşli şabalıd" İkinci Beynəlxalq Xeyriyyə Festivalı keçirilmişdir. "Vitaminlər" rəqs qrupunun təşkilatçılığı ilə həyata keçirilən festivalda ölkəmizi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq studiyasının "Təbəssüm" rəqs qrupu təmsil etmişdir. Teatrın mətbuat xidmətindən Ağca Muxtarovanın "Səs" qəzetinə verdiyi məlumata görə, layihə Ukrayna Mədəniyyət Nazirliyinin dəstəyi ilə şəhər merinin rəsmi tədbirləri silsiləsinə, eyni zamanda, Kiyev günləri proqramına daxil edilmişdir. Beş xarici ölkənin iştirak etdiyi festivalın açılışı may ayının 26-da İvan Franko adına Dram Teatrında baş tutmuşdur. Balaca artistlər, həmçinin, may ayının 29-da Kiyev şəhərində keçirilən "Paytaxt gunləri" tədbirlərində də çıxış etmiş və Azərbaycan milli rəqslərini ifa etmişlər. İstedadlı rəqqaslarımız bu mötəbər festivalda etimadı doğruldaraq Ukrayna Mədəniyyət Nazirliyinin, Kiyev şəhər merinin və "Xoreqrafiya birliyi"nin xüsusi diplomlarına layiq görülmüşdülər. Onların uğurları hamımızı sevindirir, qəlbimizi fərəh hissi ilə doldurur. Teatrımızın balaca artistlərini təbrik edir, onlara daha böyük uğurlar diləyirik. Yeri gəlmişkən, onu da qeyd edək ki, "Təbəssüm" rəqs qrupunun istedadlı üzvləri bu yaxınlarda Türkiyədən qayıtmışlar. Balaca rəqqaslar Bursa şəhərində təşkil olunmuş 33-ci Beynəlxalq Cocuq Festivalında ölkəmizi layiqincə təmsil etmişlər. Beləliklə, Musiqili Komediya Teatrının Yaradıcılıq Studiyası öz uğurları sırasına yeni, daha maraqlı səhifələr yazmışdır.

Digər xəbərlər