Emin Ağalarovun konserti reallaşdı
Rusiyanın paytaxtı Moskva şəhərində iş adamı, populyar Azərbaycan bəstəkarı və müğənnisi Emin Ağalarovun konserti baş tutub. 28 May - Respublika Gününə həsr¦ olunmuş konsert həm də xeyriyyə xarakteri daşıyıb.
"Bakı" kinoteatrında keçirilən konsertdə Emin Ağalarov tamaşaçılar qarşısında 8 yeni mahnı ifa edib. Qonaqları salamlayan müğənni Respublika Günü münasibətilə bütün həmvətənlərini təbrik edib. Vətənini hədsiz sevdiyini və azərbaycanlı olması ilə fəxr etdiyini söyləyən müğənni "Eurovision" musiqi yarışmasında qalibiyyətimizdən də söz açıb və bir azərbaycanlı kimi bu qələbəyə sevindiyini vurğulayıb.
İki saata kimi davam edən konsertdə Emin Ağalarov unudulmaz Müslüm Maqomayevlə bağlı xatirələrini də danışıb. "Bu gün mən ona borcluyam" - deyən gənc müğənni vaxtilə Müslüm Maqomayevlə birgə oxuduğu məşhur "My way" mahnısını ifa edib.
Qeyd edək ki, konsertdən gələn gəlir onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaq.