Respublika Günü münasibətilə müğənni Emin Ağalarovun xeyriyyə konserti olacaq
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü dünyanın müxtəlif ölkələrində qeyd olunacaq. 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 93-cü ildönümü münasibətilə Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin təşkilatçılığı ilə müxtəlif tədbir və konfranslar keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Respublika Günü münasibəti ilə mayın 28-də Moskvadakı "Bakı" kino-konsert kompleksində məşhur müğənni Emin Ağalarovun xeyriyyə konserti olacaq. Konsert Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva regional bölməsi ilə birgə təşkil olunacaq. Ümumrusiya Azərbaycanlıları Konqresinin Murmansk regional bölməsinin və Rusiya Azərbaycanlı Gənclər Təşkilatının fəallarının dəstəyi ilə Murmansk şəhərində Respublika Gününə həsr olunmuş tədbir artıq mayın 26-da keçirilib. "Müasir Azərbaycan" mövzusunda konfransda Azərbaycan Demokratik Respublikasının yaradılmasının tarixi əhəmiyyəti vurğulanıb. Demokratik seçki praktikasının, yaşından, cinsindən və hansı sosial təbəqəyə aid olmasından asılı olmayaraq, ADR-də bütün vətəndaşların seçki hüququna malik olduğu barədə verilən məlumatlar konfrans iştirakçıları arasında olan yerli ictimaiyyətin böyük marağına səbəb olub. Konfrans çərçivəsində, həmçinin, ADR-in tarixindən bəhs edən fotostend təşkil olunub.