28 May Respublika Günü münasibətilə kruiz gəzintisi təşkil olunacaq
Ölkə rəhbəri cənab İlham Əliyevin 2011-ci ili "Turizm ili" elan etməsi turizm sənayesi işçilərini daha əhatəli, fundamental şəkildə fəaliyyət göstərməyə sövq edir. Əslində, bu hadisə son 10 ildə turizm sahəsində dövlətimiz tərəfindən aparılan uğurlu siyasətin məntiqi davamı kimi qiymətləndirilməlidir.
Turizmin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində 2010-cu ildən etibarən "Azərbaycanda yeni turist marşrutlarını kəşf edək" layihəsi adı altında həyata keçirilən tədbirlər məqsədyönlü şəkildə davam etdirilir. Bu istiqamətdə fəaliyyətlər turizmin alternativ növlərinin inkişafında, təbliğində həlledici bir faktor kimi özünü büruzə verir. Azərbaycanın əlverişli coğrafi mövqeyi və Xəzər dənizi boyunca 800 km-dən artıq su sərhədimizin olması çeşidli turizm məhsullarının yaradılmasına münasib zəmin yaradır. Bunlardan ən aktualı və prioritet sayılanı Xəzər dənizində kruiz gəzintisinin təşkil olunmasıdır.
Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi, "Millennium Tourism & Congress DMC"nin təşkilatçılığı ilə Xəzər dənizində kruiz gəzintisi təşkil ediləcək.
Respublika Günü münasibətilə Xəzər dənizində "General Əsədov" adına gəmidə 200 nəfərlik heyət üçün 6 saatlıq gəzinti, ziyafət və konsertin keçirilməsi, həmçinin, tədbir çərçivəsində bayram münasibətilə atəşfəşanlığın canlı olaraq dənizdən izlənilməsi nəzərdə tutulmuşdur.
Tədbirin yüksək səviyyədə keçirilməsi üçün nəzərdə tutulan proqramda aparıcılar, incəsənət xadimləri və rəqqaslar çıxış edəcəkdir. 28 May Respublika Günü münasibətilə təşkil olunacaq kruizdə Azərbaycanda akkreditə olunmuş səfirliklərin nümayəndələri və xarici qonaqlar, həmçinin, kütləvi informasiya vasitələri nümayəndələri də iştirak edəcəkdir.