PDF Oxu

Mədəniyyət

  • 125

III Beynəlxalq Avrasiya Arxeologiyası konfransı keçirilib

III Beynəlxalq Avrasiya Arxeologiyası konfransı keçirilib
Mayın 23-dən 25-ə kimi Türkiyənin Manisa şəhərində Türkiyə Cümhuriyyəti Doqquz Eylül Universiteti Qafqaz və Orta Asiya Arxeologiyası Araşdırma Mərkəzinin təşkilatçılığı ilə III Beynəlxalq Avrasiya Arxeologiyası konfransı keçirilib. Konfransın əsas mövzusu türkdilli xalqların etno-mədəni tarixinin öyrənilməsi olub. Konfransa Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, İran və Çindən 60-a qədər arxeoloq və etnoqraf qatılıb. Ölkəmizi konfransda təmsil edən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri namizədi Fariz Xəlilli "Orta əsr Ağsu şəhəri" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, XVIII əsrdə əsası Nadir şah tərəfindən qoyulan Ağsu şəhəri o dövrdə az vaxtda əhalisinə və ərazisinə görə Arazdan şimalda ən böyük şəhərə, eyni zamanda bölgənin siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Məruzəçi bildirib ki, Azərbaycanın, Qafqazın, xüsusilə, türk dünyasının XVIII əsr şəhər mədəniyyətini öyrənmək üçün geniş imkanlara malik olan orta əsr Ağsu şəhər yerinin tədqiqinə 2010-cu ilin mart ayından başlanılsa da, indiyə qədər 7000 kv.m. sahə açılıb, 10000-dən çox eksponat inventara qəbul edilib. Şəhərin öyrənilmiş iki hissəsində arxeoloji sahənin üzəri örtülmüş, qalıqlar konservasiya edilmişdir. Ağsu şəhərində aparılan qazıntı sahəsi 3D animasiya ilə canlandırılmış, virtual bərpa edilmişdir. Konfransda F.Xəlilli IV Beynəlxalq Avrasiya Arxeologiyası konfransının Azərbaycanda-Ağsuda keçirməyi təklif edib. Konfransda prof. Semih Günerin "Arxeoloji və yazılı mənbələr əsasında Altay bölgəsi türk xalqlarının ilkin tarixi", Dr. Timur Omorovun "Buxara xanlığının etnik tərkibi", professor Sergey Skobelevin "XVII əsrə aid qırğızların daş şəhəri", professor Oleq Şarovun "Krım dağlarında Taraktaş dini kompleksi", Dr. Emzar Kaxidzenin "Osmanlı dövrünün Qonio limanından arxeoloji tapıntılar", prof. Kamal İbrahimzadənin "Qırxlar ziyarətgahı", Dr. İrina Qusaçın "Türk qalası Azovda arxeoloji tədqiqatlar", Dr. Göksel Öztürkün "Ular petroqlifləri" mövzusunda məruzələri dinlənilib.

Digər xəbərlər