“Sənin adın Dənizdir” operasının premyerası olub
"Houston Grand Opera"sının səhnəsində dünyaşöhrətli Azərbaycan bəstəkarı, xalq artisti, professor Firəngiz Əlizadənin "Sənin adın Dənizdir" (Your Name Means the Sea) adlı operasının premyerası keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, musiqisi ilə yanaşı, librettosu da F.Əlizadəyə məxsus olan "Sənin adın Dənizdir" xarici ölkənin opera və balet teatrının sifarişi ilə yazılan ilk opera kimi Azərbaycan musiqi tarixi salnaməsinə öz adını qızıl hərflərlə həkk etdirmişdir. Operada amerikalı gənc qız, rəssam Denis ilə okeanın o tayından anası ilə qastrola gəlmiş azərbaycanlı gənc xanəndə Seymurun məhəbbətindən və bu sevginin etnik, dini fərqlərin yaratdığı problemlərin öhdəsindən gələ bilmək qüdrətindən bəhs olunur.
Dəniz və Seymurun məhəbbəti iki musiqi cərəyanı vasitəsilə təqdim edilir. Dənizin partiyasını hyustonlu soprano Lora Botkin, atasını amerikalı bariton Con Pakkard, Seymurun partiyasını istedadlı gənc xanəndə Babək Niftəliyev, anasını isə xalq artisti Mələkxanım Əyyubova ifa etmişlər. Onları müşayiət edən orkestrin tərkibində Azərbaycan ifaçıları - xalq artistləri, tarzən Möhlət Müslümov, kamança çalan Fəxrəddin Dadaşov da olmuşlar.
Bəstəkar Firəngiz Əlizadənin müasir dövrün musiqisini milli muğamımızla məharətlə sintez etməsi tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış və dəfələrlə ayaqüstə alqışlanmışdır.
Elə Amerika mətbuatı da Firəngiz Əlizadənin üslubundan bəhs edərək, onun Şərqin modal sistemi ilə Qərbin bəstəkar texnikasının cəsarətlə sintez etdiyini vurğulamışdır. Qeyd etmişdir ki, bu, bəstəkarın Şərqlə Qərbin mədəniyyətlərarası dialoquna növbəti böyük uğuru və qiymətli hədiyyəsidir.
Premyeradan dərhal sonra yerli "Houston Chronikle" qəzetində opera barədə Firəngiz Əlizadəyə xitabən "Sizin adınız Qərblə Şərqin simvoludur" sərlövhəli geniş məqalə dərc olunmuşdur.
Qeyd edək ki, dünyada məşhur "Houston Grand Opera"nın səhnəsində "Your Name Means the Sea" operasının premyerası 4 gün nəzərdə tutulmuşdur. Nəticədə mayın 21, 23, 24-də baş tutmuş premyeralar böyük tamaşaçı marağına səbəb olmuş və anşlaqla keçmişdir.
Operanın növbəti premyerası mayın 26-da nəzərdə tutulmuşdur.