Çində Azərbaycan Mədəniyyətİ Günləri davam edir
24-27 may 2011-ci il tarixlərində Azərbaycan Respublikasının 20 illik ildönümü ilə bağlı ÇXR-də Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi ilə əlaqədar başda Azərbaycanın mədəniyyət və turzim naziri Əbülfəs Qarayev olmaqla nümayəndə heyəti Çinin paytaxtı Pekin şəhərində səfərdədir. Nümayəndə heyətinin tərkibinə Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Milli Məclisin deputatları Siyavuş Novruzov, Rauf Əliyev və icra hakimiyyəti nümayəndələri daxildir.
May 24-də Pekin şəhərində Respublika Günü münasibətilə təşkil olunmuş tədbir baş tutub. Tədbirdə nazir Ə.Qarayev Azərbaycanın əsrlər boyu dünya mədəniyyət xəzinəsinə öz incilərini bəxş etmiş bir ölkə olduğunu vurğulayıb. Cənab nazirlə birgə tədbirdə ÇXR-in xarici işlər nazirinin müavini çıxış etmiş və ölkələrimiz arasında olan mədəni əlaqələrin tarixindən danışıb.
Çin Milli Muzeyində təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri mərasimini Azərbaycanın mədəniyyət və turzim naziri Əbülfəs Qarayev və ÇXR-in mədəniyyət nazirinin müavini xanım Jao Şaxua açıb. Tədbir iştirakçılarını salamlayan nazir Əbülfəs Qarayev bildirmişdir ki, ölkəmiz zəngin milli mədəni dəyərləri olan bir diyardır və əsrlər boyu dünya mədəniyyət xəzinəsinə öz incilərini bəxş edib. Çin hökuməti adından mərasim iştirakçılarını salamlayan bu ölkənin mədəniyyət nazirinin müavini xanım Jao Şaxua Azərbaycanın zəngin mədəni irsə sahib bir ölkə olduğunu və bu mədəniyyətin çinli sənətseverlər tərəfindən böyük alqışlarla qarşılanacağından əminlik duyduğunu bildirib.
Açılış mərasimində, həmçinin, Çinin yüksək vəzifəli şəxsləri, ölkə ictimaiyyətinin nümayəndələri, Pekindəki diplomatik korpusun təmsilçiləri, soydaşlarımız və tələbələr iştirak ediblər.
Sonra Azərbaycan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etdilər. Belə ki, Azərbaycan Dövlət Rəqs Ansamblının solistlərinin ifasında milli rəqslərimiz, xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycanın klassik bəstəkarlarının əsərləri, YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğamımız zala toplaşanların böyük marağına səbəb olub.
Nazir, həmçinin, 24 may tarixində ÇXR-in mədəniyyət nazirinin müavini və ölkənin Milli Muzeyinin direktoru xanım Jao Şaxua ilə görüş keçirmişdir. Nazir Ə.Qarayev hələ qədim İpək Yolu dövründən əsası qoyulan münasibətlərimizin möhkəmlənməsində mədəni əməkdaşlığın əhəmiyyətini xanım Şaxuanın diqqətinə çatdırıb. Mədəniyyət günləri çərçivəsində nümayəndə heyəti mayın 24-də İmperator Sarayında olmuş və Çin operasını ziyarət ediblər.
Mayın 25-də Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Çin Xalq Respublikasının San-Pin İncəsənət Qalereyasında fotosərgi təşkil olunub, habelə, miniatür kitab və milli geyim nümunələrimiz nümayiş olunub. Sərginin açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Ə.Qarayev və ÇXR-nin mədəniyyət naziri Çay Vu (Chai Wu) iştirak ediblər.
Sərgidən sonra Ə.Qarayev ÇXR-in mədəniyyət naziri Çay Vu ilə görüş keçirib. Mədəniyyət sahəsi üzrə iki ölkə arasında olan əməkdaşlığın perspektivlərindən söz açan Ə.Qarayev bu əməkdaşlığın daha da güclənməsi üçün qarşı tərəfi Azərbaycana səfər etməyə dəvət edib. Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin böyük tarixi olduğunu diqqətə çatdıran Əbülfəs Qarayev bildirib ki, hazırda əlaqələrimiz ölkə rəhbərlərinin dəstəyi sayəsində genişlənir.
Həmçinin, nazir həmkarına 2012-ci ildə Azərbaycanda Çin Mədəniyyət Günlərinin təşkil olunmasını təklif etmiş, ilkin tədbirlər planın hazırlanması və mədəniyyət sahəsi üzrə işçi qrupun yaradılmasının zəruriliyini vurğulayıb. Eyni zamanda, tərəflər muzey, abidələr və kitabxanalar sahəsində ikitərəfli əlaqələrin və elecə də, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Daha sonra iki ölkə arasında "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyi arasında 2011-2015-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol" imzalanıb. İmzalama mərasimi bitdikdən sonra nümayəndə heyəti Böyük Çin Səddini ziyarət ediblər.
Qeyd etmək istərdik ki, iki ölkə arasında mədəni sahədə əlaqələri möhkəmləndirmək və Azərbaycan mədəniyyətini Çində daha geniş surətdə tanıtmaq məqsədi daşıyan Mədəniyyət Günlərinin keçirilməsinə təşkilati dəstək Çinin Mədəniyyət Nazirliyi və Azərbaycanın Çindəki səfirliyi tərəfindən göstərilmişdir.