PDF Oxu

Mədəniyyət

  • 1 654

Sənətkar ömrü

Sənətkar ömrü
"Mən öz sənətimi seçmək haqqında heç vaxt düşünməmişəm, amma taleyin özü məni bu yolla aparıb ki, rəssam olmuşam və indi də elə ömrümün axırına kimi bu sənətlə mənim həyatım bağlıdır." Müasir təsviri sənətimizdə özünəməxsus dəsti-xətti olan, əsl yaradıcı sənətkar ömrü yaşayan görkəmli rəssam, təvazökar insan Mayis Ağabəyov...
Daha çox kino rəssamı kimi tanınan M.Ağabəyov Azərbaycan təsviri sənətində də öz sözünü demiş rəssamlardan biridir. Rəssamın yaratdığı rəngkarlıq, qrafika və kiçik plastika əsərləri təsviri sənətimizi zənginləşdirən əsrarəngiz nümunələrdən hesab olunur. Mayis müəllimin yaratdığı əsərlər öz koloriti, dinamikliyi, plastikliyi ilə seçilən təkrarolunmaz sənət nümunələrindəndir. Azərbaycan filmlərinin, təsviri sənətinin inkişafında böyük rolu olan, Azərbaycanın xalq rəssamı M.Ağabəyov 1941-ci il may ayının 1-də Bakıda, böyük nüfuz sahibi olan, gözəl pedaqoq kimi rəğbət qazanan Əlişir bəy Ağabəyovun ailəsində dünyaya göz açmışdır. İlk rəssamlıq təhsilinə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində istedadlı rəssam, gözəl pedaqoq Vəcihə Səmədovanın kursunda yiyələnmişdir.1961-ci ildə rəssam Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmiş və təhsilini Moskvada davam etdirməyi qərara almışdır. Təhsil aldığı ərəfədə o, Ümumittifaq Kinematoqrafiya İnstitutunun məzunu, rəssam Elbəy Rzaquliyevin Rüstəm Mustafayev adına İncəsənət Muzeyində keçirilən sərgisində iştirak etmişdir. Sərgidə o, rəssamla tanış olmuş və onun Meksika silsiləsindən, həm rəngkarlığın və həm də kino sintezinin qarışığından olan qrafik əsərlərinə baxandan sonra sənədlərini Kinematoqrafiya İnstitutuna verməyi qərara almışdır. Təhsil aldığı illər ərzində M.Ağabəyov müəllim M.Boqdanovun kursunda kino sənətinin incəliklərini öyrənmiş, özündən əvvəlki illərdə həmin institutu bitirmiş E.Rzaquliyev, F.Bağırov, N.Zeynalov, K.Nəcəfzadənin kino sahəsindəki uğurlarıyla tanış olmuşdur. 1969-cu ildə rəssam, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmiş və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlamışdır. Görkəmli kino rəssamı M.Ağabəyov Azərbaycan filmləri sırasında xüsusi yeri olan "Babək", "Nəsimi", "Nizami", "Nə gözəldir bu dünya", "Özgə vaxt", "Qətl günü", "Şirbalanın məhəbbəti", "Təkcə adanı özünlə apara bilməzsən", "Həyat bizi sınayır", "Ürək...Ürək..." "Günaydın, mələyim!" kimi bir çox dəyərli filmlərin uğurlu tərtibatını yaratmışdır. M.Ağabəyov Azərbaycan kino sənətində xüsusi yeri olan 20-dən artıq filmə verdiyi tərtibat özünəməxsusluğu, reallığı və professionallığı ilə diqqəti cəlb edir və kino mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. Rəssam Eldar Quliyev, Gülbəniz Əzimzadə, Şamil Mahmudbəyov, Tofiq Tağızadə, Həsən Seyidbəyli, Oqtay Mirqasımov kimi görkəmli rejissorlarla birgə işləmişdir.
Rəssamın əsərləri silsilə təşkil edir. Ən çox sevdiyi mövzusu isə "Ana"dır. Bu mövzuya aid rəssamın silsilə qrafik və rəngkarlıq əsərləri var. Yaradıcılığının ilkin dövründə daha çox tünd rənglərə, xüsusən də, qırmızı rəngə üstünlük verən rəssamın sonrakı işlərində mavi rəngin çalarlarına daha çox rast gəlinir. O, "Ədəbi motiv", "Qızılquş ovu", "Ailə", "Dua", "Danaya", "Süd verən qadınlar", "Rəssam və model", "Novruz", "Lampa işığı", "Şərq qadınları" və s. kimi insanı düşündürən, fəlsəfi məna daşıyan rəngkarlıq və qrafika, "Ana", "Atlı qız" "Toreador", "Model" kimi kiçik plastika əsərlərinin müəllifidir. Mayis Ağabəyov 1990-cı ildə əməkdar rəssam, 2000-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "xalq rəssamı" fəxri adına layiq görülmüşdür. Rəssam, çoxillik yaradıcılıq təcrübəsinin məhsulu olaraq 2008-ci ildə qələmə aldığı "Filmdə rəssamın rolu" kitabının müəllifidir. Bu kitabda rəssam, kino rəssamının fəaliyyətini əhatəli şəkildə işıqlandırmağa və təhlil etməyə nail olmuş, kino və teatr rəssamlarının işlərindəki fəaliyyətindən söhbət açmışdır. Kitab nəinki sənətşünaslıq elminə, ümumiyyətlə, bütün kino rəssamlığı sahəsində çalışan insanlara, gənc rəssamlara, tələbələrə ən böyük töhfə, həmçinin, müəllimlər və tələbələr üçün qiymətli dərs vəsaitidir.
Mayis Ağabəyov 1996-cı ildən pedaqoji fəaliyyətə başlayıb. Elə həmin ildən Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2000-ci ildən Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq kafedrasının müəllimidir.
Xalq rəssamı Mayis Ağabəyov monumental, tarixi filmlərin quruluşçu rəssamı olmuş, rəngkarlıq, qrafika, heykəltəraşlıq sahəsində təqdirəlayiq sənət nümunələri yaratmışdır. Rəssamın gözəl rəsm əsərləri dünyanın bir neçə ən məşhur sərgi salonlarında uğurla nümayiş etdirilmişdir. Rəssamın əsərləri Moskvada Şərq Xalqları Muzeyində, SSRİ İncəsənət Fondunda, Bakı İncəsənət Mərkəzində, Azərbaycan İncəsənət Muzeyində, həmçinin, Fransa, Türkiyə, London, Vyana, Almaniya, Yaponiya, İspaniya və Rusiyanın şəxsi kolleksiyalarına təqdim olunmuşdur. M.Ağabəyov 1965-ci ildən bu günə qədər bir sıra beynəlxalq və respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak etmişdir. O, 1972-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur. Rəssamın ilk fərdi sərgisi 1988-ci ildə Bakıda keçirilmişdir.
Bu il rəssamın 70 illik yubileyi qeyd edildi. Bu münasibətlə kino rəssamının Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə fərdi sərgisi keçirildi. Sərgidə rəssamın təxminən 60-a yaxın rəngkarlıq, qrafika, 30-a yaxın kino eskizləri və bir neçə kiçik plastika əsərləri nümayiş olundu. Sənət heç vaxt məhdudlaşmır, dünya yaranandan, daş dövründən olan sənət getdikcə inkişaf edir. Nə qədər insan həyatı davam edir, o qədər də bu sənət zövqünü oxşayır, bu sənətlə insan yaşayır, ondan zövq alır. Bu mənada da, M.Ağabəyov öz sənəti ilə insanlarda həyata ruh düşkünlüyü deyil, inam yaradır.

Digər xəbərlər