Manas Universitetində beynəlxalq konfrans keçirilib
Qırğızıstanın paytaxtı Bişkek şəhərində fəaliyyət göstərən Manas Universitetində "Müasir şəraitdə türk ədəbi dillərinin qarşılıqlı əlaqələri və qarşıda duran vəzifələr" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda ölkəmizi AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev təmsil edib.
Dünyanın 15 ölkəsindən gəlmiş 120-dən çox elm adamlarının iştirak etdiyi beynəlxalq konfransda Ə.Quliyev "Müasir şəraitdə Azərbaycan dilinin türk dilləri içərisində yeri və qarşıda duran vəzifələr" mövzusunda məruzə ilə çıxış edib. Həmyerlimizin məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, geniş müzakirələrə səbəb olub.
Üç gün davam edən konfransda müasir şəraitdə türk ədəbi dillərinin qarşılıqlı əlaqələri haqqında müxtəlif tədqiqatlar, axtarışlar barədə məruzələr dinlənilib, müasir şəraitdə türk ədəbi dillərinin kommunikativ və funksional problemləri, istifadə, tərcümə və tədrisi məsələləri, onun dünya miqyasında yayılması və ortaq ünsiyyət vasitəsinin inkişafı istiqamətindən ətraflı söz açılıb.
Qeyd edək ki, Qırğızıstan torpağı qədim türk dövlətlərinin fəaliyyət göstərdiyi ərazilərdən biridir. Bu məqsədlə tədbir iştirakçıları Toxmak şəhəri yaxınlığındakı qədim Qaraxanlı türk dövlətinin paytaxtlarından biri olmuş Balasaqun şəhər yerinə gəlmiş və burada qədim türk mədəniyyəti nümunələri ilə yaxından tanış olmuşlar.
Konfransın sonuncu günü elm adamları dünyada məşhur yazıçı Çingiz Aytmatovun Tanrı dağlarının ətəklərində yerləşən ana beyitdəki məzarını da ziyarət ediblər.