Muğam ustaları Latviyada konsert proqramı ilə çıxış edəcəklər
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, Azərbaycanın muğam ustaları Latviyanın simfonik orkestrinin müşayiəti ilə konsert proqramı təqdim edəcəklər.
Mayın 29-da Latviyanın Dövlət Filarmoniyasında Azərbaycanın Latviyadakı səfiri, Latviyanın Azərbaycandakı səfiri, "Ocaq" Azərbaycan Mədəniyyət Mərkəzi və Riqanın RST qurumunun təşkilatçılığı ilə keçirilən tədbirdə maraqlı konsert proqramı təqdim olunacaq. Latviyalılara təqdim olunacaq "Azərbaycan simfomuğamı" adlı konsert proqramı özündə muğam və simfonik musiqinin vəhdətini birləşdirəcək.
Təqdim olunacaq konsert proqramı respublika gününə həsr olunub. Konsertdə Latviyanın simfonik orkestrinin müşayiəti ilə "Trio Qarabağ" Azərbaycan muğamının və klassik Azərbaycan xalq musiqilərinin bir çox incəliklərini layihədə təqdim etməyi nəzərdə tutub. Konsertin dirijoru Azərbaycanın əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovdur. Trioya isə Azərbaycanın xalq artisti xanəndə Mənsum İbrahimov, tarda əməkdar artist Elçin Həşimov və kamançada əməkdar artist Elnur Əhmədov daxildir.
Qeyd edək ki, simfonik musiqi ilə Azərbaycan muğamının sintez şəklində təqdim olunması ənənəsi bir neçə ildir davam edir və indiyə qədər İzmirdə, Minskdə, Kiyev və Londonda təqdim olunub. "Qarabağ triosu" isə indiyə qədər dünyanın 20-dən çox ölkəsində Türkiyədə, İranda, Qətərdə, Almaniyada, ABŞ-da, Norveçdə çıxışlar edib. Riqada keçiriləcək bu konsert proqramı yerli KİV vasitəsilə işıqlandırılacaq. Bundan əlavə Riqada küçələrdə və avtobuslarda Azərbaycanın möhtəşəm layihəsi ilə bağlı plakatlar asılacaq. Layihəni həyata keçirməkdə məqsəd isə Azərbaycan muğamının Avropada təbliğini genişləndirməkdir.