Las-Veqasda XI Qlobal Səyahət və Turizm Sammiti keçirilib
Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti cari ilin 17-19 may tarixlərində Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçirilən XI Qlobal Səyahət və Turizm Sammitində iştirak ediblər. Səfər çərçivəsində cənab Ə.Qarayevi Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov və Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov müşayiət edib.
Sammitdə bir sıra xarici ölkələrin prezidentləri, turizm nazirləri, dünyanın turizm sənayesinin aparıcı biznes strukturlarının və şəbəkələrinin, turizm və səyahət şirkətləri rəhbərləri, şəhər merləri, və s daxil olmaqla 65 ölkədən nümayəndə heyəti iştirak ediblər. Qeyd etmək istərdik ki, Azərbaycan nümayəndə heyəti ilk dəfədir ki, bu mötəbər tədbirdə iştirak edir. Ə.Qarayevin də iştirak etdiyi sammitin iclasında turizm sənayesinin yeni inkişaf mərhələləri, bu sahədə infrastruktur və texnologiyaların yaratdığı imkanlar, turizm sənayesinin iqtisadiyyatın inkişafında rolu və digər məsələlər üzrə müzakirələr aparılıb.
Sammit çərçivəsində Ə.Qarayev 18 may tarixində Yaponiya Milli Turizm Təşkilatının Prezidenti cənab Tadatoshi Mamiya, Çin Xalq Respublikasının Milli Turizm Administrasiyasının vitse-prezidenti cənab Ju Shanconq, Sudanın turizm naziri cənab Ahmed Babkier Nihar ilə görüşlər keçirib. Həmçinin, cənab nazirin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə də görüşü planlaşdırılır.
Eyni zamanda, nazir Ə.Qarayev 18 may tarixində "İtar-Tass" və "Breaking Travel News" informasiya agentliklərinə və digər media nümayəndələrinə müsahibələr verib.