PDF Oxu

Mədəniyyət

  • 488

"Eurovision-2011"-in Mahnı Müsabiqəsində qələbəsi ilə bağlı bəyanat yayılıb

"Eurovision-2011"-in Mahnı Müsabiqəsində qələbəsi ilə bağlı bəyanat yayılıb
"İRƏLİ" İctimai Birliyi Eldar Qasımov və Nigar Camalın "Eurovision-2011" mahnı müsabiqəsində qələbəsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "Bildiyimiz kimi, 800 milyon insanın yaşadığı Avropa qitəsinin ən böyük mədəni yarışı olan "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycan birincilik qazanmışdır. Fürsətdən istifadə edib bu münasibətlə "İRƏLİ" İctimai Birliyi adından xalqımızı və bütün türk dünyasını təbrik etmək istərdik. Gənclərimiz Eldar və Nigar bu uğura imza atmaqla ölkəmizi Avropa mədəniyyətinin zirvəsinə yüksəltmişlər. Bu, bir mədəni yarış olsa da, Azərbaycan və dünya üçün çox vacib siyasi reallıqları da ortaya qoymuşdur. İnsanların vaxtilə fəal müzakirə etdikləri güclü erməni diasporu anlayışının tədricən bir mifə çevrildiyi bəlli olmuşdur. Məlum olmuşdur ki, Azərbaycan indi təkcə öz regionunun deyil, artıq Avropanın üstün mövqelərinə iddialıdır və istəyini təmin edə bilər. Bəlli olmuşdur ki, Azərbaycan Avropa üçün nəinki bir çox məsələlərdə güclü tərəf-müqabildir, hətta üstünlüyü belə əldə etməyə qadirdir. Avropanın sadə insanları Azərbaycana səs verməklə bəlkə də siyasətçilərin deyə bilmədikləri bir çox həqiqətləri dünyaya elan etmişlər. Bu yarış Azərbaycan insanlarının və onların tərəfdarlarının real gücünü də ortaya qoydu. Sübut olundu ki, Azərbaycan insanı tək özü üçün deyil, bütün türk dünyası üçün ortaya milli ideya qoyub, o ideyanı reallaşdıracaq qüdrətə malikdir. Cəmi 20 il müstəqillik təcrübəsi, 10 il Avropa Şurasında üzvlük və 4 il "Eurovision"da iştirak təcrübəsi olan Azərbaycanın bu uğuru dünyanın bütün aparıcı media qurumlarının diqqətindən yayınmamışdır. Artıq bu uğurla maraqlananların sayı bu yarışı həmin anda izləyən 100 milyondan çox insanın sayından da artıqdır. Bilirik ki, Azərbaycanın bu yarışda iştirakının təşəbbüskarı və davamlı dəstəkçisi ölkəmizin birinci xanımı Mehriban Əliyevadır. Tarixdə nadir halda rast gəlinən bu xoş anlara görə Mehriban xanım Əliyevaya və bu işdə əməyi olan hər kəsə öz minnətdarlığımızı bildiririk. Son illərdə həyatımızın hər sahəsində qalib olmağa daha çox alışırıq. Bizi davamlı şəkildə uğurlara alışdıran və qazandığımız hər uğurdan daha yaxşısını qazana biləcəyimizə inandıran möhtərəm Prezidentimiz İlham Əliyevə təşəkkürümüzü bildiririk. Bütün dünya azərbaycanlıları bu gün qələbə ruhuna köklənmişlər. Növbəti və ən böyük qələbəmizin Qarabağ zəfəri olmasını arzu edirik".

Digər xəbərlər