Los-Anceles şəhərində mədəniyyət və incəsənət ustalarımızın növbəti konsert proqramı təqdim olunmuşdur
Xəbər verdiyimiz kimi, Hyuston Beynəlxalq Festivalında iştirak etmək üçün ABŞ-da səfərdə olan Azərbaycan mədəniyyət və incəsənət ustaları bu beynəlxalq musiqi bayramında böyük uğurla çıxış edərək, festivalın ən yaddaqalan iştirakçılarından birinə çevrilmişlər.
Festival çərçivəsində müxtəlif vaxtlarda, müxtəlif səhnələrdə çıxış edən Azərbaycan Dövlət Rəqs Ansamblı və muğam dördlüyü nümayiş etdirdikləri rəqs nömrələri və gözəl muğam ifaları ilə geniş tamaşaçı kütləsini öz ətraflarına toplaya bilmişlər. İncəsənət ustalarımızın hər bir çıxışı amerikalı tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Azərbaycan nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində mayın 12-də Los-Anceles şəhərində mədəniyyət və incəsənət ustalarımızın növbəti konsert proqramı təqdim olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, konsert Los-Ancelesin 1200 nəfərlik tamaşaçı zalı olan Wilshire Ebell Teatrında anşlaqla keçmişdir. Amerikalı tamaşaçılara təqdim olunan ikihissəli proqramda Azərbaycan Dövlət Rəqs Ansamblı, Emil Əfrasiyabın rəhbərliyi ilə folk-caz qrupu və muğam dördlüyünün çıxışı alqışlarla qarşılanmışdır.
Mayın 13-də Santa Monikanın mərkəzi küçələrindən birində, açıq səma altında Azərbaycan Dövlət Rəqs Ansamblının daha iki konserti keçiriləcəkdir.