Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Las-Veqas şəhərinə yola düşəcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Las Veqas şəhərində 11-ci Qlobal Səyahət və Turizm Sammitində və Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günlərində iştirak edəcək.
Sammitdə turizm sənayesinin yeni inkişaf mərhələləri, bu sahədə infrastruktur və texnologiyaların yaratdığı imkanlar və digər məsələlər üzrə müzakirələr aparılacaqdır. Sammit çərçivəsində cənab nazirin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə də görüşü planlaşdırılır. Tədbirlər zamanı cənab Ə.Qarayevi beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov və Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov müşayiət edəcək. Həmçinin, cənab nazirin cari ilin 23-27 may tarixlərində Çin Xalq Respublikasında Azərbaycan Respublikasının Mədəniyyət Günlərində iştirak edəcəyi nəzərdə tutulub. Tədbirlərdə iştirak edəcək nümayəndə heyətinin tərkibinə, həmçinin, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, eləcə də, parlament və icra hakimiyyəti nümayəndələri də daxildir. Mədəniyyət günləri çərçivəsində təşkil olunacaq tədbirlərdə rəsmi və işçi qrupla yanaşı məşhur solistlər, Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasları, Azərbaycan Dövlət Kamera Orkestrinin musiqiçiləri və media nümayəndələri iştirak edəcəkdir.