PDF Oxu

Mədəniyyət

  • 447

Yüksəlişin sabahımın rəmzidir

Yüksəlişin sabahımın rəmzidir

Sözün çəkisi qələm sahibinin dünyagörüşünün zənginliyində, daha dəqiq, daha samballı olur. Təbii ki, bu, sözü cilalayıb, onun ifadə və məzmununu dolğun, bədiiləşmiş bir formada təqdim edən qələm sahibinin həyatı ilə görüşləri arasında əlaqələndirici körpünün yaranması nəticəsində poeziyasevərin ixtiyarına verilir. Əlinə qələm alıb yaradıcılıq yolunu özünə peşə, sənət seçən insanlar zamanı məhz məntiqləri vasitəsilə söz dünyasına həkk edirlər. Bu da hər bir qələm sahibinin fərdi üslubu, onun fərdi görüşlərinin məhsulu tək ərsəyə gəlir. Bu yaxınlarda "Nurlan" nəşriyyatı tərəfindən çapdan çıxan Münəvvər Tapdıqovanın "Günəş-Ananur" kitabı da məhz şairənin fərdi təxəyyülünün məhsulu kimi oxucuların ixtiyarına verilib. Qeyd edim ki, Münəvvər Tapdıqova Azərbaycan Yazıçılar, Jurnalistlər Birliyinin və Respublika Qadınlar Cəmiyyətinin üzvüdür. O, Azərbaycan ədəbiyyatında şeir və hekayələri ilə tanınmaqla yanaşı, elmi-kütləvi məqalələri, publisist yazıları ilə də diqqət mərkəzində olmuşdur. Mütəmadi olaraq yaradıcılıq məhsullarını oxucuların ixtiyarına verən Münəvvər xanım "Sevginin ölçüsü yoxdur" kitabına görə Xan qızı Natəvan mükafatına, "Bayatılar" kitabına görə isə "Qızıl qələm" media mükafatına layiq görülmüşdür. "Günəş-Ananur" kitabı onun sayca dördüncü nəşridir. Kitaba müəllifin şeirləri ilə yanaşı, publisist yazıları, yaradıcılığı haqqında məqalələr daxil edilmişdir. Kitabı vərəqləyərkən şairənin müxtəlif məzmun kəsb edən lirik misraları diqqəti cəlb edir. Bu misralarda Münəvvər xanımın ürəyinin döyüntüsü, sevgisi, insani hissləri və s. özünü büruzə verir. Lirik və ictimai məzmun kəsb edən şeirlərində vətən sevgisini, torpaq eşqini, ana səsini duymamaq mümkün deyildir. Doğulub boya-başa çatdığı torpağın ab-havasını, gözəlliyini özünəməxsus ustalıqla qələmə alan Münəvvər xanım fərdi düşüncələrini məhz yaşadığı zaman - məkan anlayışları çərçivəsində nəzmə çəkmişdir. "Azərbaycan", "Torpağına bələnim", "Yüksəlişim sabahımın rəmzidir", "Vüqarım vətəndir", "Yurd yerimdə", "Bu dünyada" və s. şeir nümunələrində Münəvvər xanımın vətənlə bağlı şaxəli fikirləri və müqəddəsliyi ifadə edən anlayışları diqqəti cəlb edir.

Bahar çiçəyi tək gülsün vətənim,
Onun şənliyidir, şənliyim mənim,
Nəbzimdə döyünən onun nəbzidir,
Gur yansın işığın daim, Vətənim,
Yüksəlişin sabahımın rəmzidir

- deyən Münəvvər xanım Azərbaycanın müasir həyatının inkişaf yolunu nəzmə çəkdiyi misralarda, obrazlı bir şəkildə bədii ifadə vasitələrinin köməyi ilə qələmə alır. Azərbaycanın üç rəngli bayrağının daim ucalmasını, vətəndə 9 iqlimin olmasını, düşmənə qarşı dəyanət göstərən igidlərin ərənliyini diqqətə çəkərək, yaşamağın məna və gözəlliyini də məhz bu aləmdə reallaşan vətənlə bağlı uğurlarda görür. Qəhrəmanlıq, mərdlik, vüqar rəmzi olan xalqının oğullarının tarixi keçmişinə də diqqət yetirir.
Şeirlərin həcmindən asılı olmayaraq, bir bənddə belə şairə fikir dünyasının qapalı çalarlarının müxtəlif rənglərini ahəngində çatdırmaqla, oxucusunu həyatın gərdişindən, oyunlarından və həqiqətlərindən uzaq olmadan dərkə çağırır. Səmimi etiraf onu göstərir ki, həyatı dərk ona ağrı və əzab gətirir. Həyat fəlsəfəsi şairənin eşq ilə yaşadığı aləmdə daha maraqlı və təkrarsız görünür. Tüstüsüz bu həyatda odlanan qələm sahibinin "Dünyanı dərk etdikcə yaşamaq istəmirəm" misrası onun həyatın amansızlıqlarına qarşı olan bir üsyanı kimi qəbul etməsi mümkündür. Taleyin hökmü, vaxtsız döyülən qapılar, gündüzü qaranlığa çevirən həyatın çılğınlığı Münəvvər xanımın ömür yolunda təsadüf olunan hadisələrin çərçivəsində baş vermişdir. Bu baxımdan şairin həyata qarşı həssas və duyğuludur. Misralarda bu fikrə də rast gəlirik ki, Münəvvər xanım ötən illərin xatirəsi ilə yaşayaraq, həyatının ən mənalı anlarını məhz yaşantılarında və xatirələrində olduğunu qeyd edir.
Kitaba daxil olan şeir nümunələri müxtəlif məzmunda olduğundan diqqəti cəlb edir. Hər şeydə gözəllik axtaran Münəvvər xanım bütün fəsillərin məxsusiliyini sevir. Qışın, yazın, payızın soyuğunu, şaxtasını, ilıq nəfəsini, xəzanını olduğu kimi yaşamaq onun həyatının gözəllik rəmzidir.
Çağdaş dövr şairəmizin ürəkləri oynadan gözəl sevgi şeirləri poeziya həvəskarları və biliciləri tərəfindən birmənalı qarşılanır. İfadə etdiyi fikirləri sərrast alan şairənin misraları bədii və estetik dəyəri, fikir yükü baxımından dəyərlidir. Sevgi, gözəllik, gerçək həyat və xəyal dünyası, qısqanclıq, eşq, ağıl və kamillik kimi mücərrədlik bu poeziyanın sevilməsinə səbəb olub.

Digər xəbərlər