Mədəniyyət və incəsənət xadimlərinin bir qrupuna dövlət mükafatları təqdim olunub
Dünən Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinin bir qrupuna mükafatları təqdim edib. Ə.Qarayev ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söz açmış, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini diqqətə çatdırdı.
Mükafatların Ulu Öndərin anadan olmasının 88-ci ildönümünün qeyd edildiyi günlərdə təqdim edilməsinin təsadüfi olmadığını bildirən nazir əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu mədəniyyət və incəsənət sahəsində çalışanlara dövlət qayğısı ənənəsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Heydər Əliyev Fondu tərəfindən də Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı irimiqyaslı layihələrin həyata keçirildiyini diqqətə çatdıran Ə.Qarayev təkcə may ayının ötən günləri ərzində bir neçə ölkədə mədəniyyətimizin təbliği istiqamətində tədbirlərin həyata keçirildiyini bildirib.