PDF Oxu

Mədəniyyət

  • 416

Hər nəslə örnək olacaq ömür

Hər nəslə örnək olacaq ömür

Azərbaycan xalqının tarixinə ismini həkk edən 20-ci əsrin böyük şəxsiyyəti Ümummilli Lider Heydər Əliyev dövlətçilik tariximizdə fərdi bir ənənənin yaradıcısına çevrildi. Bu, Onun düşüncəsinin, böyük siyasətçi kimi məqsədyönlü fəaliyyətinin, qətiyyətli addımlarının, ən əsası isə Azərbaycançılıq mövqeyindən çıxış etməsi ilə bağlıdır. Heydər Əliyev dühası əsrlərə örnək ola biləcək bir məktəb yaratdı. Onun gördüyü işlər, Azərbaycana xidməti ölkənin dünya miqyasında tanınmasına, sivil ölkələr sırasına daxil edilməsinə yönəldi.
Azərbaycanın yaradıcısı imzasını tarixə həkk edən Heydər Əliyev şəxsiyyəti, fəaliyyət dairəsi müxtəlif aspektlərdən öyrənilir və tədqiq edilərək Əliyevşünaslıq elmitək təqdim olunur. Tarixçilər, siyasətşünaslar, mədəniyyət xadimləri və sair peşənin daşıyıcısı olan insanlar Ulu Öndərlə bağlı faktları araşdıraraq, dövləti qarşısında olan xidmətlərini tədqiq edirlər. Heydər Əliyevlə bağlı yazılan müxtəlif janrda olan ədəbi nümunələr də bu baxımdan diqqətə layiqdir. Onun keçdiyi həyat yolu, həyat fəlsəfəsi bədii ifadə vasitələrinin təqdimi ilə oxucuların ixtiyarına verilir. Saysız sayda olan əsərlər sırasında şair Mövlud Teymurun "Ağ atlı xilaskar" kitabı da diqqəti cəlb edir. Bu kitabda şair qələminin gücü ilə Heydər Əliyev şəxsiyyətinin müəyyən cizgilərini ifadə etməyə çalışmışdır. Azərbaycanı düçar olduğu bəladan qayıdışı ilə xilas edən, ölkənin ictimai-siyasi həyatında böyük bir dönüşə nail olan Heydər Əliyev xalqın xilaskarı kimi öz mövqeyini ortaya qoymuş oldu. Bu kitabda "O, böyük müəllim idi", "Əzəmətli ölkəmiz", "Dağ qüdrətinə", "Xalq sevir rəhbərini", "Dünyaya sığmayan dünyadı Heydər", "Böyük ömrün tarixlərdə qalacaq", "Vətən Sənlə fəxr edir", "Dirçəliş günü" və s. şeirlərdə şair Heydər Əliyevin mənalı və fədakar həyat yolundan bəhs edir. Bu nümunələr vasitəsilə Mövlud Teymur Heydər Əliyevin əzəmətini, siyasi fəaliyyətini əks etdirməklə Onun Azərbaycanın inkişafı yolunda gördüyü işlərə nəzər salır. Azərbaycanda Milli Ordunun yaradılması, qürtuluş günü, müstəqilliyin təməlinin möhkəmlənməsi, Azərbaycanın dilinin dövlət dili səviyyəsinə yüksəlməsi və s. Onun adı ilə bağlıdır. Müəllifin qələmi vasitəsilə nəzmə çəkilmiş misralarda bu fikirlər davamlı olaraq poetikləşib. "Gözəlləşdi dilimiz də dilində" deyən şair Azərbaycan dilinin canlandırılmasında, ucalmasında Onun xidmətlərini göstərir.

Vətən dedin, torpaq dedin, xalq dedin,
Bu torpaqdan ayrı səni kim sanır?!
Bulaqlara durul dedin, ax dedin,
Qayğın ilə şax dayandı hər çinar!

Şair tarixlərdə qalacaq ömrün xalq üçün gördüyü işləri sadalamaqla yaratdığı nümunənin məzmununa gözəllik, ülvilik bəxş edə bilmişdi. Bu məfhumlar məhz Heydər Əliyev işığından şeirə süzülüb gələrək, onun bədii mahiyyətini və dəyərini yüksəyə qaldırır. Daim xatirələrdə qalacaq işləri ilə nəsilləri bu ömrün salnaməsini vərəqləməyə vadar edən və qəlblərdə məmnunluq hissi oyadan Ulu Öndər Azərbaycanın coğrafi ərazisinin qorunmasında, onun suverenliyinin əbədilik qazanmasına fitri zəkası, dərin təxəyyülü ilə nail olmuşdur. Həqiqətən də, şair böyük qürur hissi ilə "vətən Səninlə fəxr edir"- deyir. "Allah yetirmişdi Onu bizələrə" deyən şair insanlıq mülkündə ilk bahara çevrilən Ulu Öndərin hər kəsə nümunə, ideal olmasını böyük ilhamla qələmə alır. Tarixdə belə rəhbər olmadığını diqqətə çəkməklə Onun yaratmaq amalının, qurmaq məramının əsas xəttinin məhz ətrafa nur çiləmək olduğunu göstərməklə tükənməz gücündən, ölməz əməlindən söz açıb adının dünya durduqca yaşayacağını obrazlaşdırır.
Kitaba daxil olan "Mənalı ömür" poemasında da şair Heydər Əliyev şəxsiyyətinin mənəvi dəyərlərini göz önündə canlandırır. Poemada şair Heydər Əliyevin fitri istedadından, uzaqgörənliyindən, müdrikliyindən, Azərbaycan xalqının qurucusu, yaradıcısı kimi ali əməli fəaliyyətindən, bir sözlə, əvəzsiz xidmətlərindən bəhs edir:

Sən ulusan, Sən böyüksən, Sən düha!
Gözəl günlər, gözəl aylar, gözəl illər,
Sən qoymusan sabaha!
Sən zəkasan, Sən idraksan, Sən düha!

Digər xəbərlər