"Turizm məqsədli coğrafi informasiya və naviqasiya sistemi"
Bakı Turizm İnformasiya Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış "Turizm məqsədli coğrafi informasiya və naviqasiya sistemi" layihəsinə həsr olunmuş mətbuat konfransı keçirildi. Layihənin məqsədi Azərbaycanda turizmin inkişafı naminə ölkənin elektron xəritəsinin və naviqasiya sisteminin yaradılmasıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan edilmiş "Turizm ili"ndə yaradılmış bu sistem turistlər və ölkə vətəndaşları üçün bir töhfədir. Dünya standartlarına cavab verən və regionda analoqu olmayan elektron xəritə sistemi "Transxəzər" bölgəsində aparıcı sistem inteqratorlarından biri olan Azərbaycanın SINAM şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmışdır.
Milli Elektron Turizm Naviqasiya Sisteminin elektron xəritəsinə 70 şəhər, 4530 yaşayış məntəqəsi, 3300 mədəni-tarixi abidə, 670000 bina və tikililər, 43000 km yol (hərəkət qaydaları və yol nişanları daxil olmaqla), 23770 km yaşıllıq sahələri və meşələr və s. məlumatlar daxil edilmişdir. Elektron xəritədə bu məlumatlar sxem və ya 3D formatındadır. Mədəni-tarixi abidələr üzrə fotolar da elektron xəritə də yerləşdirilmişdir.
Azərbaycan, ingilis və rus dillərində fəaliyyəti nəzərdə tutulmuş veb-portaldakı elektron xəritə hər hansı bir tikili miqyasına qədər böyüdülə bilər. Elektron xəritədə, həmçinin, mövcud olan digər bu tip sistemlərlə inteqrasiya oluna bilir (məsələn, "GoogleSatellite").
Elektron xəritənin GPS-naviqasiya sistemi də mövcuddur. GPS-naviqasiya sistemi həm avtomobillərin, həm də piyadaların Azərbaycanın müxtəlif bölgələrində istənilən marşrutla hərəkəti üçün istifadə oluna bilər. Avtomobil sürücüləri üçün GPS-naviqasiyada yollar yol hərəkəti qaydaları tam göstərilməklə əks edilmişdir.
Xəritə üzərində onlayn trekinq funksiyası da vardır. Onlayn trekinq vasitəsilə turist marşrutlarını, turistləri, dağ-xizək zonalarında hərəkət edənləri və s. peyk izləmə sistemi vasitəsilə müşahidəsi mümkündür. Həmçinin, fövqəladə (bədbəxt hadisə) hallar zamanı hadisə yerində olanların koordinatlarını təyin etmək mümkündür.
Mətbuat konfransını keçirməkdə məqsəd media mənsublarının diqqətini bir daha "Turizm məqsədli coğrafi informasiya və naviqasiya sistemi" layihəsi çərçivəsində yaradılmış GoMap.az onlayn turist portalına cəlb etməkdir. GoMap.az veb-resursunda Azərbaycanın elektron xəritəsi üzərində iş davam etməkdədir.
Mətbuat konfransında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin bu xəritədə daha da ətraflı göstərilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti haqqında məlumat veriləcək, GoMap.az layihəsi çərçivəsində bu fəaliyyəti daha da genişləndirmək üçün nazirliyin ölkə ictimaiyyətinə müraciəti səslənəcək, işğal olunmuş ərazilərdə toponimlərin dəyişməsinin qarşısının alınması istiqamətində nazirliyin fəaliyyəti mətbuatın nəzərinə çatdırıldı.