PDF Oxu

Mədəniyyət

  • 1 042

"Səyahətnamə" bugünədək əhəmiyyətini itirməyib

"Səyahətnamə" bugünədək əhəmiyyətini itirməyib
Dünyada məşhur olan türk coğrafiyaşünası və tarixçisi Övliya Çələbinin 10 cildlik "Səyahətnamə"si XVII əsrdə yaransa da, bugünədək əhəmiyyətini itirməmişdir. Təsadüfi deyil ki, YUNESKO 2011-ci ili Övliya Çələbi ili elan etmiş və görkəmli səyyahın həyat və yaradıcılığına həsr edilən müxtəlif tədbirlər həm onun doğma vətəni Türkiyədə, həm də xarici ölkələrdə bir-birinin ardınca keçirilməkdədir. Bu qəbildən olan növbəti elmi-mədəni qeydetmələrdən biri də aprel ayının sonunda Ankara şəhərində YUNESKO-nun Türkiyənin aparıcı təhsil ocaqlarından olan Qazi Universiteti ilə birgə təşkil etdiyi "Övliya Çələbinin sözlü qaynaqları" beynəlxalq simpoziumudur. Elmi məclisdə ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələrin görkəmli tədqiqatçıları ilə yanaşı, Türkiyənin Bilkənt, Hacəttəpə, Səlcuq, Namiq Kamal, Koç və digər universitetlərinin tanınmış alimləri də iştirak etmişlər. Qeyd edək ki, Övliya Çələbinin gəzib-dolaşdığı, haqqında bəhs etdiyi ölkələr sırasında Azərbaycan xüsusi yer tutur və "Səyahətnamə" elə həmin səbəbdən tariximizi öyrənmək üçün ən mühüm mənbələrdən biri hesab edilir. Beynəlxalq simpoziumda ölkəmizi millət vəkili, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynov təmsil etmişdir. Simpoziumda "Səyahətnamə və salnaməçilikdə ozan tipi - Övliya Çələbi" adlı məruzə ilə çıxış edən R.Hüseynov həm böyük səyyahın elmə gətirdiyi yeniliklərdən, həm də, Azərbaycanın tarixi, coğrafiyası, mədəni keçmişi ilə əlaqədar qiymətli məlumatlarından söz açmışdır. O, Övliya Çələbinin müasir dövrdə daşıdığı dəyərə diqqət yönəldərək, Azərbaycan üçün son dərəcə həssas olan Dağlıq Qarabağ problemi, Ermənistanın ölkəmizə təcavüzü məsələsindən də bəhs etmişdir, ermənilərin bu gün təhrif etdiyi tarixi həqiqətlərin əslini Övliya Çələbinin yazdığı faktlarla ortaya qoymuşdur. Bitməz ömrünün dördüncü əsrini başa vuraraq diriliyinin beşinci əsrini başlayan Övliya Çələbi yalnız böyük irs yaratmış dədələrimizdən biri olaraq deyil, həm də müasirimiz kimi qavranılmalıdır. Onun əsrlər hüduduna sığmayan möhtəşəm əsəri keçmişin etibarlı aynası olmaqla yanaşı, həm də yeni günlə səsləşə bilən, çağdaş ruhlu abidədir ki, yaşadığımız yeni dövrün çətin məqamlarında bizimlə yanaşı dayanaraq, mübarizələrimizdə dayağımıza çevrilir". Azərbaycanlı alimin məruzəsi simpozium iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Beynəlxalq tədbirin qonaqları üçün Övliya Çələbi dövrünün musiqi nümunələrini əks etdirən və XVII əsrdə nota alınmış melodiya və nəğmələri canlandıran "Bəzmara" musiqi qrupu xüsusi konsert proqramını təqdim etmişdir. Qeyd edək ki, beynəlxalq Övliya Çələbi simpoziumunun materialları YUNESKO xətti ilə ayrıca kitab şəklində nəşr ediləcəkdir.

Digər xəbərlər