“Heydər Əliyevin tarixi-mədəni irsə qayğısı”
"Miras" İctimai Birliyi mədəni irsin öyrənilməsinə kömək məqsədi daşıyan seminarlarını davam etdirir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə növbəti seminar mayın 5-də Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) keçiriləcək. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir "Heydər Əliyevin tarixi-mədəni irsə qayğısı" mövzusuna həsr olunacaq. Bu barədə ictimai birliyin uşaq və gənclərlə iş şöbəsinin rəhbəri Cəfər Mənsimi məlumat verib. Seminarda tarix elmləri doktoru, professor Qafar Cəbiyev "Heydər Əliyevin tarixi-mədəni irsə qayğısı" mövzusunda çıxış edəcək. Seminar iştirakçıları, həmçinin, "Miras" İctimai Birliyi, AMEA Milli Azərbaycan Tarixi Muzeyi və "Active" media şirkətinin birgə istehsalı olan "Xocalı vaxtı" filmini izləmək imkanı qazanacaqlar.
Tədbirdə elm adamları, ziyalılar, Mədəniyyət və Turizm İdarəsinin, Bakı şəhərində fəaliyyət göstərən kitabxanaların əməkdaşları, eləcə də, müəllim və məktəblilərin iştirak edəcəyi nəzərdə tutulur.